Modern.az

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri təlimdə

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri təlimdə

19 Sentyabr 2017, 14:44

19 sentyabr 2017-ci il tarixdə FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “İxrac zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması və fitosanitar  sertifikatlaşdırılması” üzrə təlim seminarı öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi, müfəttişlərə bitki və bitkiçilik məhsullarının ixracı zamanı beynəlxalq və milli qanunvericiliyin aşılanması və bu sahədə  onların bilik və bacarıqlarının artırılmasıdır.

 

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirak edib.

 

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Camal Quliyev Azərbaycan Respublikasında aqrar sahədə həyata keçirilən islahatlar və inkişaf istiqamətləri, ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin  təmin  edilməsi barədə ətraflı məlumat verib. Camal Quliyev həmçinin son illər Dövlət Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atıldığından danışaraq, 11 regionda həm Aqrokimya Laboratoriyası, Karantin Ekspertiza Laboratoriyası, həm də Nəzarət Toksikologiya Laboratoriyalarınn funksiyasını həyata keçirən vahid laboratoriya sisteminin yaradılmasını  və  bu sistemin əhəmiyyətliliyini vurğulayıb. O , qeyd edib ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaq.

FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirakçıları təlimin iş planı ilə tanış edib, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib. Sonra seminar gündəliyə uyğun olaraq öz işinə başlayıb.

Qeyd edək ki, seminar iştirakçıları təlimin praktiki hissəsinin həyata keçirilməsi məqsədi ilə  sabah Xaçmaz rayonu ərazisinə səfər edəcək. Fitosanitar müfəttişlər ixrac olunacaq bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının təşkili, nümunələrin götürülməsi  və fitosanitar sertifikatlarının verilməsi prosedurları ilə yaxından tanış olacaqlar.

Təlim seminarı 21.09.2017-ci il tarixdə başa çatacaqdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?