Modern.az

“İlqar Məmmədov bilir ki, Milli Şuraya gəlsə, hörmətini itirər”

“İlqar Məmmədov bilir ki, Milli Şuraya gəlsə, hörmətini itirər”

19 Sentyabr 2017, 15:29

Azərbaycanda klassik müxalifət və islahatçı müxalifət arasında ciddi bir uçurum var. Əksər məsələlərdə onların fikri üst-üstə düşmür. Müxalifətin birliyini təmin etmək üçün 2013-cü ildə Milli Şura da yaradıldı.

 

Amma bu da müxalifəti bir araya gətirə bilmədi. Problemin əsas səbəblərindən biri də lider problemidir. Bundan başqa  Respublikaçı Alternativ Hərəkatının (REAL) hazırda həbsdə olan sədri  İlqar Məmmədovun müxalifətdə yeni lider olması haqqında fikirlər var.

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə deyib ki, ənənəvi müxalifət tam iflasa uğramış bir kəsimdir.

 

“Onların yeni ideya, yeni təklif imkanı yoxdur, zehni qabiliyyətləri çatmır. Ənənəvi müxalifət keçmişə çox bağlıdır. Onlar keçmişdəki səhvlərini etiraf etmək istəmirlər, keçmiş bütlərindən yapışıblar.

 

Yeni müxalifət deyəndə mən iki qüvvə görürəm. Onlar  Azərbaycan Demokratiya və Rifah Hərəkatı ilə (sədri iqtisadçı Qubad İbadoğludur)  REAL-dır . Onlar daha cavan, daha savadlı, gözüaçıq hissədir.

 

Lakin onların da  fəaliyyətinə  imkanı verilmir Ölkənin sağlam qüvvələri beləcə məhv edilir. Onlar da əgər bu minvalla davam etsələr hansısa gələcəklərini görmürəm”.

 

Politoloq bildirib ki, REAL hərəkatının  sədri İlqar Məmmədov çox ağıllı adamdır.

 

“O bilir ki, əgər Milli Şuraya gəlsə cəmiyyətdə hörmətini itirər. Ənənəvi müxalifət çox qısqancdır, həmişə onların liderləri ümummilli mənafe naminə bütün xeyirli təklifləri rədd edib, öz fərdi liderləri haqqında düşünürlər. Bu İsa Qəmbər, Əli Kərimli və digərlərinə də aiddir. Onlar heç bir faydalı təklif qəbul etməzlər. İlqar Məmmədovun kifayət qədər tərəfdarı var. Onun tərəfdarlarının əksəriyyəti savadlı adamlardır. Bütün bunlara baxmayaraq o Milli Şuranın lideri olmağı qəbul etməz”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır