Modern.az

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM

19 Sentyabr 2017, 16:38

Mücərrəd anlayışlar gözə görünmür, amma  onlar insanı daxilən, içdən məhv etmək və ya əksinə, işıqlandırmaq gücündədirlər. Gözlə görünməsələr də, “əl işləri” hər zaman göz önündədir.

Xüsusən də, həsəd, kin, paxıllıq kimi mücərrəd zəhərli anlayışlar uzunmüddətli yuva kimi sığındığı insanda özünü həmən biruzə verir. Korroziya poladı çürütdüyü kimi, paxıllıq da insanı içdən yeyir. Bu  “yeyilmiş” insanlar isə təbii ki, hər biri ayrı-ayrılıqda sosioloji varlıq və fərd olaraq cəmiyyətin tərkib hissəsidirlər. Bu səbəbdən, paxıllıq həm də cəmiyyəyi içdən çürüdən “pasdır”.

Azərbaycan cəmiyyəti son 100 ildə bir neçə ictimai quruluşun tərkibində olub. Tariximizin qara səhifəsi adlandırılan xanlıqlar dövründən sonra uzun müddət çar rejiminin, 1922-ci ildən etibarən isə sovet istilasının idarəçiliyində olmağımız insan-cəmiyyət münasibətlərində bir çox mənfiliklər yaradıb.

Amma paxıllıq qarşısını heç nəyin  ala bilmədiyi  sel kimi heç bir ictimai quruluşa fərq qoymadı: istər sovet, istərsə də müstəqillik illərində cəmiyyətdən bir virus kimi qopmaq istəmədi. Yenə də gənclər gənclərin, yaşlılar da yaşlıların (həmçinin, əksinə, yaşlılar-gənclərin və s.) qarşısını kəsməyə, el dili ilə desək, ayağından dartmağa tələsdi.

Sovet dövründə yazılan əsərlərdə, çəkilən filmlərdə əsas mövzulardan biri də  paxıllıq, həsəd, kin idi. Paxıllıq zəhər kimi anti-qəhrəmanın canına dolaşaraq, bütün filmin, (həmçinin, romanın) əsas leytmotivini təşkil edirdi. Həsəd aparmaq, paxıllıq çəkmək, təbii ki, yalnız sovet dövründə olmayıb. Amma, bu dövr elə qaranlıq mərhələ hesab olunurdu ki, sağlam rəqabət anlayışı sonradan müəssisələrdə, təhsil ocaqlarında, bir sözlə-hər yerdə həsəd, kin mənbəyinə çevrilirdi. Cəmiyyət paxıllıqla silahlanırdı ki, bu da öz fəsadlarını çox gözlətmirdi.

Sovet dövrünün araşdırıcısı, jurnalist Xaqani Səfəroğlu Modern.az-a açıqlamasında paxıllığın o zamanla müqayisədə indi daha çox olduğunu vurğulayır. Amma, burada işin bir “əmması” var:

“Sovet cəmiyyətində həsəd və paxıllıq hissi indiki qədər olmayıb. O cəmiyyətdə ictimai mülkiyyət prioritet idi. İnsanların karyera qurması onun şəxsi keyfiyyətindən çox asılı olardı. Yəni, sovet insanı ideoloji çərçivədəydi. Yüksək vəzifə sahibi olmaq üçün tələblər də başqa idi.

Vəzifə intriqaları isə təbii hal sayılırdı. Sovet elitasının üst qatında vəzifə çəkişmələri, intriqalar həmişə olurdu. Amma insanların bir-birinə paxıllığı və həsədi ictimai səviyyətdə sosial faktor kimi geniş olmayıb.

Hamı - ali təhsil almaq istəyən, fəhlə, kolxozçu, sovxozda çalışan öz qədərini bilirdi”.

Bu məqamda araşdırmaçı-jurnalistə belə bir sual ünvanlayırıq: bugünkü cəmiyyətdəki həsədin, kinin, paxıllığın sovetlər dönəmindəkindən artıq olmasını düşünürsünüz. Bunun əsas səbəbini nədə görürsünüz?

“Bizim bugünkü cəmiyyətdə olan həsəd və paxıllıq insanların öz qabiliyyət və bacarığına görə qiymətləndirilməməsi ucbatından pöhrələndi. Qohumluq və total rüşvət hesabına vəzifəyə keçənlər təbii ki, öz istedadına və biliyinə güvənən, amma "adamı olmayan" şəxslərdə ciddi qıcıq doğurur. Bu isə aqressiv paxıllığı şərtləndirən mühüm detaldır.

Sovet idarəetməsində karyera üçün münbit imkan vardı. Adi bir fəhlə oğlu zavod direktoru, yaxud, inzibati sahədə o qədər də çətinlik çəkəmədən böyük kareyara qura bilirdi. Bu, sistemin tələblərindən biri idi”.

Psixoloq Elnur Rüstəmov isə məsələyə ixtisasına uyğun olaraq, sırf psixoloji müstəvidən yanaşır. Azərbaycan cəmiyyətinin keçdiyi bütün ictimai quruluşları bir-bir gəzən paxıllıq psixoloji baxımdan insanlara nə dərəcədə ağır zərbə vurdu? Ümumiyyətlə, onu bir psixoloji asılılıq adlandırmaq olarmı?

Paxıllığın zaman və məkan tanımadığını bildirən psixoloq məsələyə fərqli rakursdan yanaşır:

 

“Bu problem tarixən olub. Elə tariximizin ayrı-ayrı səhifələrinə nəzər salsanız, orada insanların bir-birinə olan paxıllıqlarına aid xeyli fakt görə bilərsiniz. Müqəddəs kitabımız Qurani Kərim də insanları paxıllıqdan uzaq durmağa çağırır. Bu, tarixən olub və indi də davam edir.

Ötən əsrin sonlarından etibarən, bəşəriyyət yeni bir mərhələyə qədəm qoydu. Bu mərhələdə urbanizasiyanın, şəhərləşmənin, sənayenin ifrat inkişafı, paytaxtların insanlarla dolması kimi faktlar insanlar arasında ilk növbədə rəqabətin artmasına səbəb oldu ki, paxıllıq da bu zaman meydana çıxdı. Bu rəqabətlər nəinki paxıllıq, bəzən, kriminal hadisələrə də səbəb oldu. Elmi-texniki inkişaf, sənayeləşmə, urbanizasiya insan-cəmiyyət münasibətlərini pozan əsas səbəblərdir. Bu pozuntuların əsas “məhsullarından” biri də paxıllıqdır. İnformasiya əsrinə qədəm qoymağımız, qloballaşma insanlarda bir-birilərinə olan münasibətləri pisləşdirdi. Fikir versəniz, görərsiniz ki, bu gün insanlar daha komfort yaşamaq arzusundadırlar. Qeyri-sağlam rəqabət və onun yaratdığı paxıllıq, həsəd hissi də məhz buuradan qidalanır. İnsanların bu gün bir-birilərilə münasibətinin əsasında əvvəlki kimi mənəvi dəyərlər yox, eqozim dayanır. Doğmalar bir-birinə yadlaşır. Mənəvi məsələlər arxa plana çəkilir. İnsanlararası münasibətlər daha çox hüquq prizmasından aydınlaşdırılır. Paxıllıq, kin , qəzəb də ən çox bu zaman meydana çıxır”.

 

Məsələyə sosioloji yöndən yanaşan sosioloq Əhməd Qəşəmoğlu hər bir cəmiyyətdəki paxıllığın elə həmin cəmiyyətin özünə oxşadığını bildirib. Yəni, həmin cəmiyyətdəki mənəvi dəyərlər, sağlam rəqabət nə qədər zəifdirsə, paxıllıq da bir o qədər güclü olar:

“Bu, çox ciddi məsələdir. Həm öz cəmiyyətimizdə, həm də dünyanın ayrı-ayrı ölkələrində, böyük şəhərlərində bu istiqamətdə çox müşahidələr aparmışam. Məsələn, bizim cəmiyyətdəki paxıllıq daha çox yarımçıqlıq kompleksi ilə bağlıdır. İnsan yarımçıq olanda, başqalarına da paxıllıq edir. Amma bu, yalnız bir səbəbdir. Hər mühitin özünə görə paxıllıq yaradan səbəbləri var. İnsan tam açıla bilmədikdə, şəxsiyyət kimi formalaşa bilmədikdə həsəd, kin  kimi amillər ona daha tez sirayət edir. Paxıllıq müxtəlif mühitlərdə müxtəlif dərəcələrdə olur. Məsələn, sovet dövründə Moskvadakı paxılllıq  Bakıdakı qədər deyildi. Burada daha çox idi. O zaman mən Moskvada təhsil alırdım və hər iki mühitdəki bu fərqi aydın hiss edə bilirdim”.


N.Nihad

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır