Modern.az

Sahibkarların yoxlanmasına qoyulan qadağanın müddəti başa çatır - Nə dəyişdi?  

Sahibkarların yoxlanmasına qoyulan qadağanın müddəti başa çatır - Nə dəyişdi?   

İqtisadiyyat

20 Sentyabr 2017, 09:26

Milli Məclisin 2015-ci ilin 1 noyabr tarixindən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasına dair qəbul etdiyi Qanunun icra müddəti bu ilin noyabrın 1-də başa çatır.

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib. Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub.

 

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Prezidenti tərəfindən verilən tapşırıqlara uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, o cümlədən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlər zamanı onlara ətraflı məlumat verilib və həyata keçirilən islahatlar, o cümlədən yoxlamaların 2 il müddətinə dayandırılması onlar tərəfindən yüksək qiymətləndirilib.

Göstərilənləri nəzərə alaraq, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının layihələri hazırlanıb.

 

“Sahibkarlığın inkişafı üçün mexanizm işlənməlidir”

 

İqtisadçı Samir Əliyev Modern.az-a deyib ki, yoxlamaların dayandırılması vəziyyətdən çıxış yolu deyil:

 

“Azərbaycanda sahibkarlıq üçün münbit şərait olsaydı, dövlət qurumları sahibkarlığa müdaxilə etməsəydi, belə bir qərara ehtiyac da olmazdı. Dəfələrlə sahibkarların fəaliyyətinə yersiz müdaxilələri müşahidə edirdik. Müdaxilənin bir nümunəsini də yoxlamaların dayandırılmasına baxmayaraq, “26” kafesinin bağlanması zamanı gördük. Belə fərmana ehtiyac var idi. Artıq yoxlamaların dayandırılması vaxtının uzadılmasına ehtiyac var. Amma bu məsələni hər dəfə uzatmaqdansa, normativlər, mexanizmlər işlənib hazırlanmalıdır. Yəni hər dəfə vaxt uzadıldıqdan sonra heç nə dəyişməyəcəksə, bu, lazımsızdır. Vahid və sadə nəzarət sistemi yaradılmalıdır ki, sahibkarlar dövlət qurumları, vergi orqanları tərəfindən incidilməsin”.

 

“Yoxlamaların 2 illik dayandırılması effektli oldu”

 

S.Əliyevin sözlərinə görə, yoxlamların 2 il müddətinə dayandırılması kifayət qədər effektli olub:

“Bu fərmanla yoxlamalar tam aradan qalxmasa da, əhəmiyyətli dərəcədə azaldı. Amma məsələyə strateji tərəfindən də baxmaq lazımdır. Çünki çox sayda lazımsız yoxlamalara görə, 1-2 lazımlı yoxlamalar da aradan qalxır. Məsəldə deyildiyi kimi: “qurunun oduna yaş da yanır””.

 

Yeyib-içdiklərimiz, geyindiklərimizin keyfiyyətinə zəmanət verilməlidir

Ekspert ərzaq və bəzi qeyri-ərzaq sahələrində yoxlamaların qalıcı olmasını təklif edib:

“Qida, qeyri-ərzaq, ayaqqabılar, paltarlar sağlamlıq üçün nə qədər zərərli olduğuna heç kim baxmır. Xüsusilə uşaq geyimləri sahəsində problemlər mövcuddur. Qız uşağının sağlamlığa zərərli paltarı geyinməsi, onun gələcəkdə ana olmasına da təsir edən amillər sırasındadır. Bəlkə də kimlərsə buna dırnaqarası baxır, amma olmaz. Sağlamlığımıza biganə yanaşmaq, bu sahədə yoxlamaları dayandırmaq olmaz. Bu baxımdan dəqiq mexanizm işləməlidir. Ehtiyac olmayan yoxlamaların müəyyən müddətə dayandırılması yox, ləğvi gündəmə gəlməlidir.

Azərbaycanda sahibkarlıq subyektləri qorunmalı və dəstək verilməlidir. Amma bu zaman istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına göz yummaq olmaz. Piştaxtalardakı vaxtı keçmiş, sağlamlığa zərərli qidaları, geyimləri kim yoxlayacaq? Yoxlamaların dayandırılması zamanı sahibkarlıq subyektləri vəziyyətdən sui-istifadə hallarına yol verməməlidir. Vətəndaş cəmiyyəti, jurnalistlər də bu işdə maraqlı olmalıdır. Təbii ki, hansısa kanalda icazəsiz obyektə daxil olub, təftiş etməkdən söhbət getmir. Proses nəzarətdə saxlanmalı və dövri mətbuatda işıqlandırılmalıdır. Necə ki, Facbook sosial şəbəkəsi bu işi artıq görməkdədir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi