Modern.az

Misir Mərdanov, Ziya Məmmədov, Allahşükür Paşazadəyə qədər...

Misir Mərdanov, Ziya Məmmədov, Allahşükür Paşazadəyə qədər...

20 Sentyabr 2017, 12:10

Vəfa Allahverdiyeva

Hansısa X nüfuzlu şəxs məmur olan birisini kompromat “silah”ı ilə hədəfə götürəndə, haqqında olan-olmaz pis kəlmələr işlədəndə, qəribədir ki, toplum olaraq canımıza yağ kimi yayılır.


Sadist xüsusiyyəti...

Elə bil statusca fərqli adamların “vurul”ması siqnalları, taxtından düşməsi intuisiyası, yəni, onların ətrafında tərs dönən bir şeylər  bizdə xoşbəxtlik hormonlarını artırır.

Elə bil məmurlar ucdan-tutma hamısı bizim konkret şəxsi düşmənimizdir.

Bu düşüncələr zehində ağsaqqal Şeyximiz ətrafında baş verənlərdən doğsa da, əslində onlarla belə fakta fərdi qiymətimizin qəribəliyindən formalaşır.

Ya insanın xisləti belədir: kiminsə uğursuzluğundan zövq alır-onsuz da uğur da qısqanclıq yaratdığından, insan hər iki halda öz ürəyini ətrafa kirli göstərir-burdadır, yəni,  əsl qüsur.

Ya da ki, bütün qəbahətlər elə məmur postunun ruhundadır.  Kreslo sözü şüurlarda pis  assosasiya olunur. Başındakı kim olur-olsun, nifrətə layiqlik daşıyır.  

Sən yaxşı olsan da... yox, qəti, pissən! 

Oğurlamasan da... yox, acgözsən!

Düz işləmək istəsən də, lap işləsən də... hamının nəzərində  əyrisən!

Kreslo deyilən bəsit bir sözün məna çəkisindən yox, qazandığı mənfi imicdən qaynaqlanan stereotip.

 Bu günlər Allahşükür Paşasadə ilə kimlərsə toqquşur və biz birbaşa bizə aidiyyatı olmayan gizli savaşa elə maraq göstəririk ki...evində belə, səs-küy axtarırıq, sanki güdürük-sonra nə baş verəcək deyə.

Media azadlığıdır-əlbətdə. Tanınmış adamdırsa, yediklərinə qədər cəmiyyətə maraqlıdır. Əslində bu marağı əlinə azadlıq düşmüş media özü yaradır. Belə informasiyanın alıcısı çox olur axı...reytinq. Bol-bol oxucu...

Qələmi qırılanlar üçün Allah eləyə vəzifədən çıxaralar-kəlməsi də cəmiyyətə medianın hay-həşirindən yoluxur. Halbuki sənə birbaşa dəyib-toxunmayana qarğış, ah-nalə, enişə sevinmək  birincisi, insan mənəviyyatının çirkinliyinə dəlalət edir.

İkincisinə gəldikdə, niyəsə yerinə gələnin ideal olmayacağını idrak etməyə meyllənmirik heç...

Allahşükür Paşazadə ilə kiminsə ədavəti varsa, bizə nə?! Biz niyə sevinirik ki... Nöqtələmək istəmir-ucundan tutub ucuzluğa aparır, aidiyyatı olan-olmayan adamlara o qədər suallar veririk ki, deyilənləri sonra yığıb-yığışdırmaq qəlizləşir. Yəni, mətbuat olaraq bizdə də az şey yoxdur. Bir az özümüzə tənqidi baxmaqda fayda var.

Ziya Məmmədovun kreslosu laxlayanda, toplumu ardıcıl xəbərlərlə elə sevindirmişdik ki, nəşəsi bu güc sahibinin hakimiyyət dəhlizlərindəki bədxahlarından çox qabarırdı.  Axırda o boyda kişi bizim parıldayan gözümüzə təsəlli olsun deyə, “bu gündən  mən də sizlərdən biriyəm”- dedi. 

Misir Mərdanovu təhsilin başından götürüb, evinə yola salanda, gözümüzə işıq gəlirdi...Və s. Və ilaxır.  

Halbuki bir insanın enişi, “vurul”ması topluma dəyən konkret zərbələrə görə meydana çıxdığında, bizi öz ilgi dairəsinə ala, gözümüzə parlaqlıq gətirə bilər.

Ziya Məmmədov çəkilən yolların, qurulan körpülərin bərbad inşaatı, yeyilən pullar  üçün bədəl ödədiyi yerdə toplumun mövqeyində, ilgisində, sevincində haqlılıq var. Çünki birbaşa kütlənin qisası alınmış olur.

Şeyximizin ətrafındakı qaranlıq açıqlamalara qədər bütün gəlib-keçmiş  laxlamışların qaranlıq məsələsi bizlik deyil. Sevinən tərəf olmaqla, əlimizə heç nə keçmir ki...

Əksinə, kimsə kiməsə qürub çağı yaşatmaq üçün iftira yollarından tutmuş, bilgi qovluğunu ədavət səbəbi kimi cəmiyyətə təqdim etmə eybinə qədər gedirsə, bizim media olaraq burda alət funksiyası daşımağımız zərəri öz qarşımıza çıxarır.

Rəhmətlik Heydər Əliyev üzümüzə gülə-gülə demədimi ki, siz Ramil Usubovu istefaya göndərsəniz də, mən ona dəyib-toxunmayacam. Budur, üstündən iki on il keçir,  Ramil Usubova etimad hələ də yerində qalır.  Xəyalları suya düşənsə, quyu qazmaq istəyən yekə çevrələr və pis xəbərlərə sevincinin mənası dərk edilməyən məsum toplum.  

Yanlış bir əxlaq sisteminin içərisində olmaqdan irəli gəlir, yoxuşa qalxanın taleyini qəsdən qaraltmaq. Yayından çıxmış oxun hədəfinə tuş gələnlərin sonuna sevinmək, əl çalmaq.     

Biz tək bir tendensiyanın həsrətindəyik ki, prezidentin sərəncam verib işdən azad etdiyi hər hansı ictimai-siyasi fiqur, yaxud da, dedi-qodularla gündəmdə rüsvay edilən istənilən böyük adam  bu aqibəti ilə, məruz qaldığı iftira kompaniyası ilə cəmiyyəti ancaq kədərləndirə bilsin.

Bir məmurun yaman dillərə düşməsinə,  vəzifəsində laxmasına toplumun məyusluq keçirməsi isə mediadan asılı məsələ deyil; onun öz nəfsinə hakimliyinə, kresloya ciddi münasibətinə, topluma hörmət qoymasına, bununla da sahib olduğu gözəl imicə  bağlıdır. 

Əhməd Davudoğlunun baş nazirlikdən getməsi  türk toplumunu ancaq və ancaq məyus edə bilərdi və etdi də. Burdan ora biz pərişan olduq ki...

Özümüzünkülər, Siz də bizə belə kədər verin!...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir