Modern.az

Manat möhkəmlənir, dollarlaşma azalır - SƏBƏB  

Manat möhkəmlənir, dollarlaşma azalır - SƏBƏB   

20 Sentyabr 2017, 14:35

2017-ci ilin I yarısında tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb.


Mərkəzi bankın yaydığı məlumata görə, bu, neftin orta dünya qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, eləcə də həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri nəticəsində qeyri-neft sektoru üzrə cari hesab kəsirinin azalması sayəsində mümkün olub. Yanvar-avqust aylarında xarici ticarət balansının profisiti 1,9 mlrd. dollar təşkil edib, ölkənin strateji valyuta ehtiyatları 11,5% artıb. İlin sonuna tədiyə balansında profisitin qorunacağı proqnozlaşdırılır.

Manatın dollara nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir edir. Manatın məzənnəsinin davamlı sabitliyi dollarlaşmanın azalması ilə müşayiət olunur.

 

İqtisadi Təşəbbüslərə Yardım Birliyinin sədri, iqtisadçı Azər Mehdiyev Modern.az-a deyib ki, dollarlaşmanın azalması inzibati təsirlər sayəsində mümkün olub:

“Azərbaycanda manatın taleyi daha çox neft gəlirlərindən asılıdır. 2014-cü ilə qədər neft gəlirləri yüksək səviyyədə olduğu üçün buna fikir verən yox idi. Neft qiymətlərinin kəskin aşağı düşməsi ölkədə dollar kütləsinin azalmasına gətirib çıxardı. Həm də manat devalvasiyaya uğradıqdan sonra dövriyyədə olan manat kütləsinin həcmi məhdudlaşdırıldı. Ən vacib məqam ölkəyə gətirilən malların həcminin məhdudlaşdırılmasında oldu. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də buna güclü təsir etdi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, 2015-ci ildə baş verən devalvasiya proseslərində əhali çətinlik içərisində olarkən hətta manatdan imtina etdi. Həmin vaxt özlərinin əvvəlki dövr üçün yığdıqları ehtiyatlarını dollara çevirmişdilər. 2016-2017-ci illərdə iqtisadi-sosial vəziyyətin gərginləşməsi əhalinin əlində olan dollar kütləsini bazara çıxarmasına səbəb olub. İxracın məhdudlaşdırılması, digər tərəfdən ölkəyə gətirilən malların qiymətinin bahalaşması, həmçinin, əhalinin gəlirlərinin azalması və yığdıqları dollar ehtiyatını dövriyyəyə buraxması, banklarda kreditləşmənin aşağı düşməsi dollara olan tələbatı azaldır.

Mərkəzi bank manatın məzənnəsinin bazarda müəyyənləşdiyini desə də, real proseslər tənzimləmə olduğunu sübut edir. Məhz inzibati müdaxilələr nəticəsində manatın məzənnəsinin sabitləşdirmək mümkün olub”.

A.Mehdiyev qeyd edib ki, manatın məzənnəsinin sabitləşdirilməsi üçün Neft Fondundan böyük həcmdə vəsait transfer edilib:

“Eyni zamanda, Neft Fondu özü də zaman-zaman dövlət büdcəsinə transfer etmək üçün dollarla satış həyata keçirir. Bununla indiki iqtisadi fəallığın aşağı olduğu dövrdə tələbatı ödəmək iqtidarındadır. Ona görə də manatın məzənnəsində nisbi sabitlik diqqəti cəlb edir. Ancaq bu iqtisadiyyatın özünün böhrandan çıxmasının və mövcud durumdan qaynaqlanan sabitləşməsi deyil. Daha çox süni təsirlər və iqtisadi fəallığın məhdudlaşdırılmasından asılıdır”.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir