Modern.az

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”  

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”   

Ədəbi̇yyat

20 Sentyabr 2017, 17:43

Üzeyir bəy Hacıbəylinin anadan olmasının 132-ci ildönümündən iki gün keçsə də, yenə də böyük bəstəkar haqqında araşdırma və sərbəst yazılar yazılmaqdadır. Əslində, ictimai xadim, dahi musiqiçi haqqında nə qədər danışılsa, nə qədər yazılsa azdır.

Bəyin musiqiçi və maarifçi kimi fəaliyyəti kifayət qədər araşdırılıb. Amma onun həyatı, xüsusən də uşaqlığı haqqında yenə də bilməli olduğumuz məqamlar çoxdur.

Modern.az-ın təqdim etdiyi bu yazıda Üzeyir bəyin uşaqlıq yox, ağır gənclik illəri haqqında iki kədərli epizodu diqqətə çatdırırıq. Həmin faktları birləşdirən ümumi səbəb var: Üzeyir bəy və ailəsinin çəkdiyi ağır maddi sıxıntı....

Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Aslan Kənan Modern.az-a açıqlamasında Üzeyir bəyin həqiqətən də, maddi durumunun çox ağır olduğunu, böyük ailənin məsuliyyətinin onun çiyinlərində cəmləşdiyini bildirib. Çünki, Üzeyir bəy 1905-ci ildə bütün qardaş-bacılarını, yaşlı anasını, hətta əmisi uşaqlarını da özünün Bakıdakı evinə gətirmişi. Onların sosial təminatı isə çox ağır idi:

“Üzeyir bəy 1912-ci ildə Peterburqda təhsil alırdı. O zaman kiçik qardaşı Ceyhun bəy Bakıda yaşayırdı. O, həmin ərəfədə  Üzeyir bəyə belə bir məktub yazır. Məktubda onların ailəsinin necə ağır bir durumda yaşadığını görmək olar:

“Borclular məni əldən saldı. 30 manat “Kaspi”dən avans almışdım, o da getdi. Zulyanın (arvadı Zöhrə xanımı nəzərə tutur) məvacibinin həpsi də getdi. Amma yenə də düzəlmir. Mən Zulyadan utanıram. Yazığın vallahi geyməyə paltarı, yatmağa dəxi təxti yox. Amma külfət üçün pul tapır”.

Bu məzmunda məktublar çox olub. Bu onu göstərir ki, Hacıbəyli ailəsi həqiqətən də, çox kasıb yaşayıb. Üzeyir bəyin böyük bacısının oğlu Camal 1913-cü ildə dayısına yazır:


“Dünən Müslüm (bəstəkar Maqomayevi nəzərdə tutur) Nicatdan (Nicat Cəmiyyəti) 150 manat alıb mənə 75 manat verdi. Dedi ki, qalanını sizə göndərəcək. Bir qismini də Pənah mənə kağız yazıb, deyib, pulum yoxdur, mənə pul göndər, ona yollayacağam.  (Pənah həm Müslümün, həm də Üzeyir bəyin bacanağı olub).

Daha sonra Camal Müslümün onlara göndərdiyi həmin 75 manatı öz borcları üçün bölür və bu bölgünü Üzeyir bəyə məktub halında yazır:

“Bu puldan 10 manat nöyütçüyə, 13 manat 80 qəpik çörəkçiyə, filan qədər də başqa adama verəcəyik. Ümumi dükançıya 42 manat, südçüyə 3, suçuya 8, çörəkçiyə 10 manat borcumuz qaldı. Lombarda qoyulan qızıllar da cəmi 35 manat edir. Bütün xərclər 156 manat edir. Bunların hamısı 16 baş  külfətə sərf olunur”.

Hacıbəylinin ailəsi böyük idi. Əmisi oğlu İsmayıl Hacıbəyovu da gətizdirmişdi. O da ailəsi ilə birlikdə onlarla yaşayırdı. Məşhur bəstəkar Soltan Hacıbəyov İsmayılın oğludur.

 

Bu epizodda Üzeyir bəy hələ gəncdir. Min bir çətinlik hesabına Peterburqda bəstəkarlıq təhsili alır. Amma sonradan onun maddi durumu qismən də olsa düzəlir. Həm yaxşı yerlərdə işlə təmin olunur, həm də opera və operettalarından yaxşı pul qazanır. Amma yenə də onun könlünü sıxan maddi problem meydana gəlir. Bu, qürbətdə yaşayan qardaşı Ceyhunla bağlıdır. Fransada mühacir həyatı sürən Ceyhun heç bir iş tapa bilmir. Bütün ehtiyatları tükənir. Övladını oxuduğu pullu məktəbdən xaric edirlər. Belə bir vaxtda Ceyhunun arvadı Zöhrə xanım Üzeyir bəyə ondan gizli məktub  yazır. Məktub Üzeyir bəyi çox kövrəldir və birbaşa qardaşına belə bir cavab göndərir:

 

“Zöhrənin məktubları gəlib bizə çatdı. Ceyçikin (Ceyhunun oğlu) kefsizliyi və sənin əsəbiliyin bizi çox qəmgin etdi. Fəqət bir qəm-qüssə ilə il keçməz olduğunu bildiyimiz üçün qət etdik ki, sizə “realnı” dəstək olaq. Zülfüqarla (bəstəkarın qardaşı) məsləhətləşib məsələnin həllini üç qismə böldük: birinci, sizə hər ay “requlyarnı” yardım göndərəcəyik. İkincisi, sizin buraya gəlmək məsələnizdi. Üçüncüsü, mənim “zaqranitsa”da ali musiqi təhsilimin bir qədər təxir edilməsidir. 

Birinci qismi biz Zülfüqarla öz boynumuza götürdük və qərara gəldik ki, sənin etirazına baxmayaraq, hər ay uşaqlar üçün pul göndərək, bir şərtlə ki, həmin pul 50 manatdan az olmasın. Bu bizim üçün mümkündür, ağır deyildir. Çünki hər ikimizin gəlir yerimiz vardır.

Sabah və ya biri gün sizə teleqrafla pul göndərəcəyik. Bu xüsusda arxayın ola bilərsən. Göndərəcəyim pullar sizə bir aya çatmasa da,  maddi pərişanlığınızı bir qədər intizama salar.

 

Sizin bura gəlməyinizi isə Zöhrənin qardaşı Musaya həvalə etdik. Musa buradakı yoldaşlar ilə danışıbdır. Bu günlərdə Moskvaya gedəcək və mərkəzdən sizin bura gəlişiniz üçün izn almaq istəyəcək. Sən buraya gələn kimi, yaxşı qulluq sahibi olarsan. Baxüsus ki, firəng dilini bilirsən.

 

Nənəm (analarını nəzərdə tutur. Çünki qürbətdə olan Ceyhun bəy anasının xəstəliyini eşidib ondan çox narahat qalmışdı) sizlərə dualar göndərir. Hamınızı öpür və deyir ki, inşallah görüşərik, təki sağ olsunlar.

 

Bu yay nənəmi Barjom tərəflərə aparacağam ki, canı qüvvətə gəlsin və havasını dəyişsin. 

 

Zöhrəyə söylə ki, qorxmasın, köməkçiləri çoxdur”.



N.Nihad 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!