Modern.az

Dedektiv yazarlara TƏKLİFLƏR gəlib: “Xocalı ilə bağlı gözəl film çəkmək olar”

Dedektiv yazarlara TƏKLİFLƏR gəlib: “Xocalı ilə bağlı gözəl film çəkmək olar”

21 Sentyabr 2017, 09:06

Azərbaycanda film sahəsinin inkişaf etdiyi, hər il müxtəlif  filmlərin çəkildiyi məlumdur. Düzdür, daha çox komediya filmlərinin çəkilişinə üstünlük verilsə də, izləyicilərin digər mövzulara tələbatının olduğunu da unutmaq lazım deyil. Hər halda digər sahələrdə olduğu kimi  film seçimi məsələsində də hər kəsin zövqü müxtəlifdir.

 

Məsələn, dedektiv janrındakı əsərlərin oxucuları normal olaraq həmin əsərlərin əsasında  filmlərin çəkilməsini istəyir. Bu baxımdan maraqlıdır, Azərbaycanda dedektiv əsərlərinin müəlliflərinə filmlə bağlı hansısa təkliflər gəlibmi?

 

Dedektiv yazar Elxan Elatlı Modern.az-a açıqlamasında bildirib ki, bununla bağlı ona dəfələrlə müraciətlər edilib:

 

“İndiyə qədər əsərlərimin əsasında film çəkilməsi ilə bağlı çox təkliflər gəlib. Lakin müxtəlif səbəblərdən alınmayıb. Əksər təkliflərə çəkə biləcəkləri halda razılıq vermişəm. Amma bəzisi yaxşı rejissor tapmayıb və ya maddi səbəblər buna imkan verməyib. Bununla əlaqəli xırda və böyük təkliflər olub. Bunların içində ciddi, həmçinin qeyri-ciddi təkliflər yer alıb. 

 

“Qan ləkəsi” əsərimin əsasında serial çəkilməsi üçün müraciətlər edilib. Bütövlükdə silsilə şəklində Qanbay Qasımlının dedektiv macəralarına təkliflər gəlib”.

 

E.Elatlı  əsərləri əsasında hansısa filmin çəkilməsi kimi istəyinin olmadığını qeyd edib:

 

“Düzü, hansısa əsərimə filmin çəkilməsi ətrafında şəxsi arzum olmayıb. Sadəcə oxucuların buna maraq göstərdiyini hiss edirəm. Amma məndə bununla əlaqəli xüsusi həvəs və ya istək yoxdur. Ümumiyyətlə, bu məsələyə bir qədər ciddi yanaşmaq lazımdır. Bilirsiniz ki, film çəkilişi böyük məbləğ tələb edir. Düşünürəm ki, Xocalı faciəsindən bəhs edən “Cəhənnəmdən gələn səs” əsərimin əsasında çox gözəl film çəkilə bilər”.

 

Digər dedektiv yazar Müşfiq Xan da filmlə bağlı təkliflər aldığını deyib:

 

“Peşəkar heyətə həvalə olunarsa,  "Sonuncu hədiyyə" romanı əsasında əsl dedektiv film ərsəyə gətirmək olar. "Qatil üçün nekroloq" romanını 10 seriyada görürəm. Konkret təkliflər 5-6 dəfə olub, amma sponsor məsələsini həll edə bilməyiblər. Ümumiyyətlə sponsorlu filmlərdənsə, müəllif filmlərinə üstünlük verirəm - rejissor əlini-qolunu  açıb rahat işləyə bilməlidir.

 

Hazırda "Yalnızlığın bal ayı" psixoloji-məhəbbət romanımın ssenarisini işləyirik. 35 seriyalıq ssenari olacaq. Reklam menecerimin təklifi ilə bu ssenarini satışa çıxarmağı düşünmüşük. Qaneedici qonorar təklifi alsaq işi yaza qədər hazır edəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?