Modern.az

Azərbaycanda xeyriyyəçilər GİZLƏNİR  

Azərbaycanda xeyriyyəçilər GİZLƏNİR  

21 Sentyabr 2017, 09:13

Azərbaycanda xeyriyyəçilik  ənənəsi çox zəifdir. Ümumiyyətlə, xeyriyyə, ianə və yardımlaşma mövzusu ölkəmizə sanki yaddır. Düzdür, hazırda gənclər müəyyən xeyriyyə kampaniyaları təşkil edir, hansısa imkanlılar müəyyən işlər görürlər. Amma hazırda kifayət qədər maddi imkanı olan vətəndaşlarımız xeyriyyəçilik haqda ümumiyyətlə düşünmürlər.

Azərbaycanda niyə xeyriyyəçilik ənənəsi formalaşmayıb?

Bu məsələdə güzəştli yanaşmaların olması vacibdir

Milli Məclisin deputatı Fazil Mustafa səbəblər barədə Modern.az-a danışıb:

“Bu gün Azərbaycanda özəl sektor kifayət qədər müstəqil deyil. Bu səbəbdən hansısa fəaliyyəti müstəqil şəkildə həyata keçirmək imkanımız yoxdur. Əslində bizdə xeyriyyəçilik anlayışı var. Düzdür, Türkiyədəki qədər olmasa da, ən azı görüntü olaraq belə bir adətimiz, yanaşmalarımız mövcuddur. Təbii, bir az da pul, imkan və o cümlədən sərbəstlik olmalıdır ki, insanlar  bu ənənəni təkmilləşdirsinlər.

Eyni zamanda, hər hansı  şəkildə xeyriyyəçilik fəaliyyətinə görə hansısa bir  vergi və başqa məsələlərdə güzəştli yanaşmaların olması çox vacibdir. Türkiyədə vəqflərin normal fəaliyyətinin səbəbi vergi məsələlərində güzəştlərin nəzərə alınmasıdır. Bizdə belə hallar nəzərə alınmadığına görə yaxşılıq etmək istəyən adam həm də pisliklə qarşılaşır. Ona görə də bu, insanı həddən artıq ziyana da sala bilir. Bu baxımdan  xeyriyyə məsələsində müəyyən çətinliklər  müşahidə edilir”.

İndi hamı pulunu gizlətməklə məşğuldur

Deputat qeyd edib ki, cəmiyyət şəffaf olmadığı müddətdə  məsələ problem olaraq qalacaq:


“Əvvəllər Azərbaycanda xarici şirkətlər də xeyriyyə işləri ilə məşğul olurdu. Amma sonradan onlar sərf etmədiyini düşünüb, bundan imtina etdilər. Həmin şirkətlər başqa ölkələrdə çox geniş istiqamətdə gördükləri işi burada edə bilmirdilər.

Məsələ burasındadır ki, xeyriyyə ilə məşğul olduğun bilinəndə adamlar yaxandan yapışır ki, mənim də haqqımı ver. Bilirsiniz, bizdə rəsmi milyoner, milyarder, açıq vergi ödənişi edənlər yoxdur. Hamı pulunu gizlətməklə məşğuldur. Çünki bu cür məsələlər aşkara çıxan zaman hər kəs problemlə qarşılaşır. Xeyriyyəçilik həm də cəmiyyətin şəffaflığı ilə bağlıdır. Cəmiyyət şəffaf olarsa, bu sahədə də yəqin ki , müəyyən irəliləyişlər olacaq”.

Hacıların çox olduğu məmləkətdə  xeyirli işlər görməyə meyllilik yoxdur


F.Mustafa yardımlaşmanı şöhrət xatirinə edənləri də vurğulayıb:

“Bizdə nəyisə Allah rizası üçün etmək ənənəsi yoxdur. Fikir verirsinizsə, hacıların, hacıxanımların, titulların çox olduğu məmləkətdə  xeyirli işlər görməyə meyllilik o qədər geniş  vüsət almayıb. Bilirəm ki, bu sahədə Allah rizası üçün xeyli iş görənlər də var. Amma  elə adamlar var ki, etdiyini gözə soxmağa çalışır, göstərmək istəyir. Bunu şöhrət, tanıtım vasitəsinə çeviriblər. Əsas problemlər burdan qaynaqlanır.
Türkiyədə bir çox hallarda xeyirli işlərlə məşğul olanlar özünü biruzə vermir. Hər halda cəmiyyətdə yaxşı işlər görənlər də var. Düşünürəm ki, şəffaf cəmiyyət olsaq, yardımlaşma daha güclü səviyyədə olar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir