Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib.
Modern.az saytı jurnalistin hazırkı vəziyyətini öyrənmək üçün oğlu ilə əlaqə yaradıb.
Jurnalistin oğlu Turqut Əzizovun sözlərinə görə, A. Hüseynbala ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
“Atamın səhhəti sırağagün qəfildən pisləşdi və təcili yardım çağırdıq. Həkimin sözlərinə görə, buna səbəb qan təzyiqidir. O, adətən yüksək təzyiqdən əziyyət çəkirdi. Artıq əməliyyatdan çıxıb və vəziyyəti stabildir”.
Qeyd edək ki, ailənin maddi sıxıntıları var. Iki gün müddətində müalicə və əməliyyata 3000 manatdan çox vəsait xərclənib.
1962-ci ilin aprelində Şəkidə doğulan Azər Hüseynbala Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azadlıq", "Yeni Müsavat", "Gündəlik Azərbaycan" qəzetlərində, "525-ci qəzet"də, "Media forum" saytında, "Trend" agentliyində, başqa media quruluşlarında çalışıb. "Şans" və "Hürriyyət" qəzetlərinin baş redaktoru olub.
2012-2013-cü illərdə "Gündəlik Teleqraf" qəzetində baş redaktorun birinci müavini işləyib. Daha sonra bir neçə il Modern.az saytında redaktor postunu tutan Azər Hüseynbala son vaxtlar “Pressday.az” saytına rəhbərlik edir.