Modern.az

Dünya Azərbaycanı bir daha etibarlı tərəfdaş kimi tanıdı  

Dünya Azərbaycanı bir daha etibarlı tərəfdaş kimi tanıdı   

21 Sentyabr 2017, 13:30

Sentyabrın 14-də Xəzər dənizindəki “Azəri-Çıraq- Günəşli” yatağının 2050-ci ilədək birgə işlənməsinə dair sazişin imzalanması ilə Azərbaycan Respublikasının neft sənayesində yeni era başlayıb. Azərbaycan və BP-nin rəhbərlik etdiyi beynəlxalq konsorsium arasındakı bu razılaşma təsadüfən “Yeni Əsin Müqaviləsi” adlandırılmır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan üçün əlamətdar və tarixi bir hadisə yaşandı.

Bu müqavilə hər iki tərəfdən - həm siyasi, həm iqtisadi baxımdan ölkəmiz üçün faydalı olacaq.

Şübhəsiz ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin 2017-ci ildə yenilənməsi növbəti onilliklər üçün Azərbaycanın beynəlxalaq təşkilatlar və xarici dövlətlərlə mövcud olan əməkdaşlığını daha da gücləndirəcək.

Bu saziş eyni zamanda, Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafında mühüm rol oynayacaq. Neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlayacaq.
Azərbaycanın gələcək inkişafı, maliyyə imkanların genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Layihə investisiya yatırımlarının sayını çoxaldacaq. Bununla yanaşı, layihə hasilata da öz müsbət təsirini göstərəcək və ölkəyə daim neft gəlirləri axını olacaq. Bu saziş gələcək sərmayələrə və layihələrə də imkan yaradacaq, bununla yanaşı, minlərlə insanın işlə təmin olunmasına gətirib çıxaracaq.

“Yeni Əsrin Müqaviləsi” müstəqil Azərbaycana suveren dövlət kimi bir daha Xəzər dənizində özünün təbii sərvətlərindən tam şəkildə yararlanmağa imkan yaradıb.

Azərbaycan Respublikası “Azəri-Çıraq- Günəşli” yatağının işlənməsinə dair sazişin 2050-ci ilədək uzadılması ilə yenidən Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynadığını nümayiş etdirdi.

Bu mühüm hadisə həm də böyük siyasi əhəmiyyətə malikdir. Belə ki, özünü dünyaya etibarlı tranzit ölkə və strateji tərəfdaş kimi tanıdan Azərbaycan Respublikası bu imicini daha da möhkəmləndirdi.

Bugünkü hesablamalara görə, “Azəri-Çıraq-Günəşli”də 1 milyard ton neft ehtiyatı var.

Qərbdə anlayırlar ki, Azərbaycan qlobal enerji təchizatçısı kimi özünü doğruldub və bu misiya hələ 2050-ci ilədək davam edəcək. Bu sazişin gerçəkləşməsi ilə Avropa ölkələri və dünya bazarları çox önəmli bir qaynaq əldə edəcəklər.

“Azəri-Çıraq-Günəşli” üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsündə tərəfdaşların iştirak payları bu nisbətdə olacaq: BP - 30,37 faiz, SOCAR - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Statoil” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TP” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” - 2,31 faiz.

Bu da o deməkdir ki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəri-Çıraq-Günəşli”dəki payi iki dəfədən çox artıb - 11,6 faizdən 25 faizədək.
Nəticədə beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Eyni zamanda  Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək.

Növbəti 32 il müddətində “Azəri-Çıraq-Günəşli”də 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Cənubi Qafqaz regionunun lider dövləti Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaradıb.
“Yeni Əsrin Müqaviləsi” təkcə Azərbaycan üçün yox, bölgə və dünya enerji bazarı baxımından çox tarixi bir müqavilədir.

Şübhəsiz ki, Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen yataqlarının işlənməsi zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi məsələsi ön planda olacaq.

Çünki müasir şəraitdə texnika və texnologiyanın inkişaf səviyyəsi ətraf mühitin çirklənməsinin obyektiv səbəbidir.

Bu sazişin BP başda olmaqla aparıcı enerji şirkətləri ilə imzalanması mühüm əhəmiyyət kəsb edir. BP ətraf mühitə təsirlərin idarə olunması, neft və qazın məsuliyyətli şəkildə hasil olunması prosesində qabaqcıl ixtisaslaşmış şirkətlərdən biridir.

Biz bunu 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” kontraktı çərçivəsində indiyədək görülən işlərə baxanda da müşahidə etmişik.

Konsorsiom, eləcə də SOCAR dəfələrlə bəyan edib ki, tərəfdaşlar Azərbaycanda həyata keçirdiyi layihə və əməliyyatların əvvəlindən sonunadək ətraf mühitə təsirləri idarə etməyi qarşıya əsas məqsəd kimi qoyub.

Bu baxımdan neftçıxarma əməliyyatlarında tullantıların meydana gəlməsini aradan qaldırmaq, onları azaltmaq və təkrar istifadə etmək məqsədilə tullantıların idarə edilməsi, çirkab sularının təmizlənməsi, karbohidrogen dağılmalarının qarşısının alınması, atmosferin qorunması vacib məsələlərdir.

Bakı-Tbilisi-Ceyhan boru kəmərləri üzrə qrunt və səth sularının monitorinqi, bitki örtüyünün bioloji bərpası sahəsində atılan addımlar işlərin bundan sonra da keyfiyyətlə icra olunacağına əmin edir.

Sözsüz ki, aparılan ekoloji monitorinq işləri dənizdə və quruda ətraf mühitin mühafizəsini əhatə edən beynəlxalq konvensiyalara, Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçiriləcək.



Mirzəcan Xəlilov, Milli Məclisin deputatı,
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir