Modern.az

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”  

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”   

Aktual

21 Sentyabr 2017, 17:11

Filologiya elmləri doqtoru, professor, əməkdar elm xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tofiq Məlikli Azərbaycan Respublikasını təhsil naziri Mikayıl Cabbarova açıq məktub yazıb.

Məktubun bir surətini də Modern.az saytına göndərən T.Məlikli bildirib:

“Hörmətli Mikayıl müəllim!

Yeni dərs ilində 46 mindən çox övladımızın məktəblərdə təhsilə başlamaları olduqça sevindirici haldır. Bununla bərabər, bir  çox məktəblərin Azərbaycan və rus bölmələrində yaranmış durum heç də ürəkaçan deyil. Xüsusiylə bəzi Bakı məktəblərində sosial, siyasi və ideoloji baxımdan son dərəcə qəbulolunmaz bir durum yaranmışdır. Bu məktəblərin rus bölmələrində 4-5 sinif açılmış və bu siniflərin hərəsində 45-50 (cəmi 150-200) şagird, Azərbaycan bolməsinin 1 sinifində isə sadəcə 20-25 şagird oxumaqdadır.

 Dövlət dilinin Azərbaycan türkcəsi olduğu bir ölkədə azərbaycanlıların övladlarını rus bölmələrinə vermələrini anlamaq mümkün deyil. Görünür  onlar, Azərbaycan  məktəbləriylə müqayisədə rusdilli məktəblərdə müəllimlərin, dərsliklərin səviyyəsinin daha yüksək olduğunu düşünürlər. Ancaq bu valideyinlər bilmirlər ki, rus bölmələrində müəllim, kadr çatışmazlığı var, sovet dövründən fərqli olaraq, orada  təhsilin səviyəsi o qədər də yüksək deyil. Qəribədir, uşaqlarının gələcəkdə bir çox problemlərlə qarşılaşacaqlarınını bilə-bilə, onlar nədənsə yenə də rus bölmələrini seçirlər. Dövlət dilini aşağı səviyədə, ya da heç bilməyən bu qənclər sabah bu dövləti necə idarə edəcəklər?  Bəlkə bu valideyinlər uşaqlarını xarici ölkələrdə yaşamaq üçün yeni miqrantlar nəslini yetişdirirlər?
Məhz məktəbdə  bu və ya başqa mədəni, etnik qrupa mənsub şəxsiyyətlər formalaşır. Bu səbəbdən bir ingilis, alman, rus öz uşağının başqa dil zəmnində tərbiyə  almağını ağıllarının ucundan belə keçirmir.

Heyflər olsun ki, belə bi olduqca ciddi məsələdə dövlətin də mövqeyi axıra kimi aydın deyil. Unutmayaq ki, gənç nəslin milli şüurunun, etnik kimliyinin, elsevərliyinin, vətəndaş kimi formalaşmasında milli dəyərlərə, mədəni irsimizə dayanan və ana dilində təhsil verən məktəblərin rolu olduqça böyükdür. Biz  bir həqiqəti də dərk etməliyik  -  dil toplumu xalq edən, onu birləşdirən ən başlıca amildir.

Yanlış anlaşılmasın, mən rus dilinin və başqa dillərin öyrənilməsinin əleyhinə deyiləm. Tam tərsinə, müstəqil dövlətimizin beynəlxalq əlaqələri və millətlərarası kommunikativ ünsiyət vasitəsi olması baxımından rusca və ingiliscənin də yüksək səviyyədə öyrənilməsinin tərəfdarıyam. Ancaq bir şərtlə - ana dilini mükəmməl bilmək şərtiylə.


Cənab Nazir!


Yuxarıda toxunduğumuz və toxunmadığımız təhsil və təhsil sistemiylə bağlı bu önəmli problemlərin cəmiyyətdə müzakirə etmənin, dartışmanın çoxdan vaxtı çatmışdır. Bu məsələləri təcili surətdə əlbir olub, həll etməyimiz lazımdır, yoxsa biz bir neçə nəsli itirə bilərik.

P.S. Mənim rus dilinə qarşı olduğumu düşünənlərə də əvvəlcədən məlumat verirəm ki, 20-dən çox kitab və sayısız məqlələrimi rusca yazmışam, bir çox yazıçıların əsərlərinin rusçaya tərcümə etmişəm. Dil problemiylə bağlı bir çox yazılarım və çıxışlrım var. Onlardan ikisini - “525-ci qəzet”də işıq üzü görən “Ana dilim, səs bayrağım mənim” və 2011-ci ildə “Exo” qəzetində rusca  çap olunan və bir çox dilə tərcümə edilən “Milli ideya olaraq dil” məqaləmi xatırlatmaq istərdim.

                                              
Hörmətlə,
Tofiq Məlikli
Filologiya elmləri doqtoru, professor, əməkdar elm xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir