Modern.az

Kommunistlər Milli Məclisin komitə sədrini DƏSTƏKLƏDİ

Kommunistlər Milli Məclisin komitə sədrini DƏSTƏKLƏDİ

22 Sentyabr 2017, 09:37

Bir neçə gün öncə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri  Rəfael Hüseynov komitənin  iclasında çıxış edərkən  Azərbaycanda sovet dövrünün abidələrindən ibarət parkın yaradılması təklif edib.

 

Deputat deyib ki,  11-ci Qırmızı orduya, 26 Bakı komissarına qoyulmuş abidələr də, dağıdılmamalı idi.

 

“Onların hamısı yığılsın, ayrıca park düzəldilsin. Bu da olsun, bizim qəmli, keçmiş tariximiz. Dərslərdə uşaqları aparaq sovet tarixini göstərsinlər. Bildirsinlər ki, bizə 11-cı Ordunun xilaskarımız olduğunu deyiblər, amma bunlar bizim xilaskarımız olmayıb, onlar Azərbaycanı işğal ediblər”.

 

Millət vəkilinin bu təklifi cəmiyyətdə birmənalı qarşılanmayıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin (AKP MK) sədri Rauf Qurbanov deyib ki, sovet dövrünə aid olan abidələrin dağıdılması heç də yaxşı hal deyil.

 

“Azərbaycan xalqı olaraq bizim tarixi yaddaşımızda olan hər şey gələcək nəsillərə çatdırılmaq üçün qorunub saxlanılmalıdır. 70 il sovet hökuməti hakimiyyətdə olduğu müddətdə SSRİ dövrünü tərənnüm edən abidələr olub. Leninin, Stalinin, Marksın, Əzizbəyovun, Nərimanovun və başqalarının abidələri olub. Bir vətəndaş olaraq bildirmək istəyirəm ki, Azərbaycan tarixindən olan hər bir tarixi şəxsiyyətin abidəsi saxlanılmalıdır. Yəni gələcək nəsillər hər şeyi bilməlidir, hakimiyyətdə kimin olmasına baxmayaraq. Bu bizim tariximizdir, təkcə abidələri götürməklə insanların yaddaşından həmin tarixi şəxsiyyətləri çıxarmaq olmaz.

 

Mən  tərəfdarıyam ki, Azərbaycan tarixində xidməti olan bütün şəxsiyyətlərin abidəsi qoyulsun. O cümlədən Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarının, sosializm inqilabının liderlərinin, sovet dövründəki tarixi şəxsiyyətlərin, bugünkü demokratik Azərbaycanda rolu olan insanların abidəsinin qoyulması çox yaxşı addımdır. Bu bizim tariximizdir. Onsuz da bu tarix insanların şüurunda yaşayır. Mən abidələrin götürülməsini tarixə olan hörmətsizlik kimi qiymətləndirirəm. O abidələri götürməklə insanların qəlbindən nə Nərimanovu, nə Lenini, nə də digər sovet liderlərini çıxarmaq olar. Bizdən əvvəl də bizim valideynlərimiz yaşayıb, onlar o fikirləri bizə şifahi olaraq keçiriblər. Baxmayaraq ki, SSRİ dağılıb, amma ondan sonra doğulan uşaqlar da həmin hökumət haqqında kifayət qədər məlumata malikdirlər. Kitablardan həmin dövr haqqında oxuyub ətrafı məlumat əldə ediblər”.

 

R.Qurbanov deyib ki, Azərbaycan tolerant dövlətdir və Azərbaycanın tarixində önəmli yerə malik olan şəxsiyyətlərin götürülmüş abidələri bərpa edilməlidir.

 

“Kommunist Partiyasının sədri olaraq 26-lara abidə kompleksinin bərpası ilə əlaqədar dəfələrlə mətbuatda çıxış etdik. O cümlədən müvafiq orqanlara müraciət etdik ki, bu abidənin götürülməsi düzgün deyil. Təklif etdik ki, həmin abidə və digər sovet epoxasını tərənnüm edən partiya rəhbərlərinin abidələri saxlanılsın. Çox təəssüflər olsun ki, bizim mövqeyə etinasız yanaşılıb və məsələ öz müsbət həllini tapmayıb. Bu gün də mən Azərbaycan Kommunist Partiyasının  sədri olaraq öz adımdan, eləcə də bütün kommunistlər adından o fikri ortaya qoya bilərəm ki, sovet dövründəki və sovet dövründən öncəki abidələr də bərpa olunmaldır.Bu bizim tariximizdir, biz nə Məhəmməd Əmin Rəsulzadəni, nə Fətəli xan Xoyskini xalqın yaddaşından, tarixdən silə bilərik. Bu bizim tariximizdir. Mən bilmirəm ki, Azərbaycanda sovet dövrünə aid olan abidələrin götürülməsinə hansı səbəbdən zərurət yaranıb”.

 

Partiya sədrinin sözlərinə görə, başqa ölkələrdə abidələr saxlanılıb.

 

“Qonşu ölkə Rusiyaya baxsaq görərik ki, orada sovet dövründən qalan abidələr qorunub saxlanır, hətta Yeltsinin dövründə  dağıdılan abidələrin bəziləri bərpa edilib.

Bütün bunlarla yanaşı kommunizmə qarşı çıxan şəxsiyyətlərin də abidələri bərpa edilir. Onlar düşünürlər ki, bütün bunlar Rusiyanın tarixidir, tarixi isə silmək olmaz".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir