Modern.az

Həkimlər ucqar rayonlarda işləməyə maraqlı deyillər  

Həkimlər ucqar rayonlarda işləməyə maraqlı deyillər   

22 Sentyabr 2017, 12:15

Azərbaycanın bəzi regionlarında müəllimlər kimi, həkimlərə də ehtiyacı var. Əksəriyyət şəhərə üz tutur, bölgələr isə unudulur.

Bəs daha çox hansı bölgələrin həkimlərə tələbatı var? 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə nazirlik  mütəmadi olaraq tədbirlər görür:

“Hazırda Azərbaycanın hansısa konkret bölgəsi yoxdur ki, orada həkim çatışmasın və ya müəyyən sahə istiqamətində həkimlərə tələbat olsun. Səhiyyə Nazirliyi bu cür problemlərin aradan qaldırılması üçün işlər görür və bu məsələ tənzimlənir. Həkimlər ünvanlı şəkildə, yəni elan veriləndən sonra hansısa ixtisas üzrə bölgələrə gedirlər. Təbii ki, bütün sahələrdə insanlar daha çox şəhərə axın edirlər”.

Nazirlik rəsminin sözlərinə görə, bölgələrə bütün sahələr üzrə mütəxəssislər yönləndirilir:

“Bilirsiniz ki, indi  imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir. Məsələn, filan rayonda filan ixtisas üzrə həkimə ehtiyac olduğu haqda elan verilir. Artıq vətəndaş da məhz həmin yerə imtahan verir. Bölgələrimizə bütün sahələr üzrə mütəxəssislər yönləndirilir. Kadr məsələlərinin təkmilləşdirilməsi işi  önəmlidir. Bu baxımdan bölgələrdə həkim çatışmazlığının qarşısı alınır.  Əgər bölgədə müəyyən ixtisas üzrə həkimə tələbat varsa, qeyd etdiyim kimi, qəzetdə elan verilir və mütəxəssis məhz həmin yerə imtahan verib qəbul olur. Yəni hazırda kadr problemlərinin qarşısı alınır”.

Tibb eksperti Adil Qeybulla isə düşünür ki, Azərbaycanın sərhədyanı bölgələrində həkimlərə daha çox tələbat var:

“Regionlarda səhiyyənin inkişafı ilə bağlı xeyli işlər görülür. Buna baxmayaraq, hələ də kadrların yerləşdirilməsi məsələsində problemlər  var. Hazırda Azərbaycan səhiyyəsi sovetlər sistemindən Qərb təbabətinə keçid dövrünü yaşayır. Bu səbəbdən kadrların, təbabət üsullarının  yenilənməsi mütləqdir. Qərb təbabəti xəstələrə də fərqli yanaşma tələb edir. Bu baxımdan yeni kadrlara ehtiyac var.  Lakin həkimlərin maaşı çox aşağı olduğu üçün  onlar ucqar rayonlara getməkdə maraqlı deyillər. Bu baxımdan həmin yerlərə göndərilən həkimlərə güzəştlər tətbiq edilməlidir ki, onlarda da xüsusi marağa səbəb olsun.

 Digər tərəfdən Azərbaycanın istər ucqar bölgəsində, istərsə də bölgənin mərkəzində səhiyyənin inkişafı təmin edilməlidir. Hazırda sərhədyanı bölgələrdə vəziyyət daha dramatikdir.  Əgər həmin bölgələrdən olan insanlar müalicə və ya diaqnostika üçün şəhərə üz tutursa, bu o deməkdir ki,  səhiyyənin vəziyyəti yaxşı deyil və kadrlara ehtiyac var. Bu məsələlər köklü islahatlar tələb edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub