Modern.az

Qəbul imtahanlarındakı dəyişikliklər 2019-cu ildən qüvvəyə minəcək - YENİLƏNİB

Qəbul imtahanlarındakı dəyişikliklər 2019-cu ildən qüvvəyə minəcək - YENİLƏNİB

22 Sentyabr 2017, 12:48

2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Qurum rəhbəri bildirib ki, imtahanlarda dəyişikliklərin edilməsi 2019-cu ildə nəzərdə tutulub:

"Bu təbiidir. 2017-ci ildə də bu məsələ ilə bağlı ilk addım atılıb. Bilirsiniz ki, 2009-cu ildən təhsil müəssisələrində kurikulum əsasında tədris qurulub. Bu il buraxılış imtahanları 9-cu sinifdə iki mərhələdə aparılıb. Buraxılış imtahanlarında tamamilə yeni növ qiymətləndirilmə, ölçmə materialları istifadə olunub. Bu tipli alətlər indi hazırlanır. Kurikulum əsasında tədris alan uşaqlar iki ildən sonra 11-ci sinifə çatanda buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər nəzərdə tutulub".

M.Abbaszadə qeyd edib ki, dəyişiklik barədə yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək.

İmtahan fənlərinin sayının azaldılmasına da toxunan DİM rəhbəri deyib ki, 2019-cu ildə qəbul imtahanlarında isə hər qrup üzrə 3 fənn təqdim olunacaq və yenə də 3 saat veriləcək:

"Bu prosesdə yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar öz əksini tapacaq. Həmin tapşırıqların cavabı göstərilməyəcək və abuturiyent cavabı özü tapacaq. Bu tapşırıqların yoxlanılması da yeni üsullarla olacaq".

 

Məleykə Abbaszadə buraxılış imtahanlarına salınacaq fənlərdən də danışıb.

"Hazırda 10-cu sinifdə oxuyan şagirdlərin valideynləri narahatdır, onlar hansı fənlərdən imtahan olacağını bilmirlər. 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq".

M.Abbaszadə bildirib ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub:


"Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir".


Məleykə Abbaszadə deyib ki, gələcəkdə imtahanların cavablarının yoxlanılması təkcə kompüterlə yox, ekspertlərin qiymətləndirilməsi ilə də aparılacaq.

"Narahatlıq ondan ibarətdir ki, bu prosesə hansısa müdaxilə mümkündür, ya yox. Tam məsuliyyətlə deyə bilərəm ki, biz bununla bağlı 2012-ci ildən iş aparırıq. Dövlət İmtahan Mərkəzinin xüsusi proqram təminatı var, bu proqram təminatı neçə illərdir keçirdiyimiz monitorinqlərdə tətbiq edilib. Bu il həmin proqram təminatı vasitəsilə buraxılış imtahanlarında olan 200 min işi yoxlamışıq və yoxlama zamanı da heç bir faktor bu prosesə təsir göstərməyib. Valideynləri tam əmin edirəm ki, yazı işlərinin yoxlanmasında heç bir insan faktoru qiymətləndirməyə hər hansı təsir göstərməyəcək".

DİM rəhbəri abituriyentlərə müraciət edib: "Abituriyentlərə demək istəyirəm ki, bu dəyişikliklərlə bağlı narahat olmasınlar. Proses tam şəffaf şəkildə keçiriləcək. Yazı işlərinin qiymətləndirilməsi ümumi imtahan nəticələrlə birlikdə internet səhifəsində yerləşdiriləcək. Hər bir abituriyent öz işi ilə tanış ola biləcək. Dəyişikliklər barədə yaxın 10 gün ərzində geniş açıqlama veriləcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir