Modern.az

Zərdablı müəllim universitetdə oxuyan iki qızına görə kömək istədi 

Zərdablı müəllim universitetdə oxuyan iki qızına görə kömək istədi 

22 Sentyabr 2017, 15:13

Zərdab rayonu, Pərvanlı kənd orta məktəbinin ibtidai sinif müəllimi Gülnisə Məmmədova  imkanlı adamlara, xeyriyyəçilərə, aidiyyəti qurumlara müraciət edib.

Müraciətin bir mətnini də Modern.az-a göndərən Gülnisə Məmmədova  imkanlı adamlara, xeyriyyəçilərə, aidiyyəti qurumlara müraciət edib. O, ali məktəbə daxil olan iki qız övladını oxutmaq istədiyini, ancaq buna gücünün yetmədiyini bildirib:



 "Hazırda 2 qız övladım Azərbaycan Dövlət Pedoqoji və Bakı Dövlət Universitetlərində təhsil alır, lakin imkansızlıq ucbatından onları oxutdura bilmirəm. Qızımın biri 3-cü kursda, digəri isə 1-ci kursda təhsil alır. Böyük qızım 501 balla Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Digər qızım isə 478 balla Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olunub.
Ümumilikdə 4 övladım var, digər 2 uşağım isə məktəblidir. Övladlarımı oxuda bilməməyimin səbəbi həyat yoldaşımın ağır xəstəlik səbəbindən işləməməsidir. Əvvəl ustalıq edirdi, mən isə məktəbdə müəllim işləyərək onların ehtiyaclarını ödəyirdik. Lakin hazırda demək olar gözləri görmür, işləyə bilmir.
İndi qalmışam çıxılmaz vəziyyətdə. Qızlarım mənə deyirlər ki, “ali məktəbə getməyək, oxumuruq”. Bakıda ucuz qiymətə ev tapmaq olmur. Mən əsas kirayə puluna görə narahatam. Hazırda hər ay hər biri üçün 100 manat kirayə pulu verməliyəm. Bu da edir 200 manat. Fikirləşirəm ki, hər ay 200 manat onların ev kirayəsinə verə bilməyəcəyəm. Bir yandan da yoldaşımın müalicəsi üçün kredit götürmüşük. Mənim aylıq maaşım 286 manatdır. Bu pulla onları oxuda bilmirəm. Onlar qalacaq yerlə - yataqxana ilə təmin olunsalar, pulsuz bir yerdə qalsalar, birtəhər də olsa, oxudaram. Əsas ev problemidir. Sentyabr ayının kirayə pulunu vermişdim. Oktyabrın 5-də yenidən 200 manat ödənməlidir. Buna isə imkan yoxdur.
Məcburam onların təhsili yarımçıq qoyam, amma bunu istəmirəm. Onların ən böyük arzusu oxumaqdır. Çoxları deyir ki, oxutma, imkanın yoxdur, yarımçıq saxla. Amma mən deyirəm ki, nəyə görə oxutmayım, yazıq deyillərmi? Ödənişli fakültəyə girməyiblər axı, ödənişsizdir. Onların oxumasını istəyirəm, başqa heç nə. Kimsə onlara kömək olsun. Aidiyyəti orqanlardan, vətənpərvər, xeyirxah, imkanlı insanlardan sadəcə qızlarımın oxumasına kömək olmalarını xahiş edirəm".


Müraciuətdə ailənin əlaqə telefonu da yazılıb: 051 437 63 74

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir