Modern.az

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

22 Sentyabr 2017, 16:28

“Hazırda ali məktəblərə qəbul olmaq üçün abituriyentlər 4 ixtisas qurupu üzrə həmin ixtisas qurupuna daxil olan 5 fənndən imtahan verirlər. Əlavə olaraq buraxılış imtahanlarında 3 fəndən ayrıca imtahanda iştirak edirlər. Bu da 8 fənn edir. Buraxılış və qəbul imtahanlarında təkrar olunan fənlər yalnız bunlardan birində qalacaq. DİM-in açıqlamasından belə aydın olur ki, gələn ildən qəbul imtahanlarında daha 5 fənn yox, 6 fəndən imtahan olacaq”.

Bunu Modern.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov 2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına münasibət bildirərkən deyib.

 

“Reallıq buna hazır deyil”

 

Ekspertin sözlərinə görə, gələn il qəbul imtahanlarında 6 fəndən imtahan veriləcək.

 

“Yəni Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri ya qəbul ya da buraxılış imtahanlarında saxlanılacaq. Və ya buraxılış imtahanlarında hansısa fənlər çıxarılıb digərləri ilə əvəz olunacaq ki, o fənlər də qəbul imtahanlarında olmayacaq. Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək, buraxılış imtahanında fənlərin sayını artırmaq və ya qəbul imtahanlarında fənlərin sayını azaltmaq sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Bu da, hələ ki, bizim reallıq və məkətblərimiz hazır deyil”.

 

Bütün ixtisaslarda riyaziyyat fənninin olması. Bu nə deməkdir?!

 

Kamran Əsədov deyir ki, bu heç də doğru hal deyil.

 

“Hazırda Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərin sayına və çətinlik dərəcəsinə görə çox ağır imtahanlar sırasındadır. Azərbaycan Prezidentinin 2013-cü ildə imzaladığı təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında göstərilib ki, təhsil əlçatan olmalıdır. Hesab edirəm ki, bütün ixtisas qruplarında riyaziyyat fəninin olması anlaşılan və faydalı deyil. Humanitar sahəyə gedən şəxs daha çox oxumaq istədiyi və marağı olduğu istiqamətlər üzrə lazım olan fənlərdən imtahan verməlidir. Tarixçinin, hüquqşünasın akademik səviyyədə riyaziyyatdan imtahan verməsi lazım deyil. Bundan əlavə orta məktəbin nüfuzunun qaldırılması, şagirdlərin buraxılış imtahanlarına və orta məktəb dərslərinə maraqlarının artırılması üçün 2019-cu ildən tətbiq ediləcək yeniliklər mütərəqqi addım olacaq”.

 

“Repetitorluq sıradan çıxacaq?”

 

Ekspert 2019-cu ildə tətbiqinə başlanılacaq qəbul qaydalarından danışarkən bəzi detalları da vurğulayıb.

“Ali məktəblərə qəbul sadə olmalıdır. Bir misal deyim : Fransada universitetlər hər kəs üçün açıqdır. Universitetlərə daxil olmaq üçün qəbul imtahanları keçirilmir və təhsil pulsuzdur. Orta təhsil haqqında sənədi hər kəs sənədlərini istədiyi universitetə verə bilər. Əgər namizəd orta məktəbdə yaxşı qiymətlərlə oxuyubsa, onu universitetə qəbul edirlər. Bununla yanaşı, bakalavr diplomu olmayan və orta təhsilini yarımçıq qoymuş fransızlar universitetlərə qəbul olmaq üçün Universitet Təhsilinə Qəbul Diplomu - DAEU (Diplome dTacces aux etudes universitaires) almalıdırlar. DAEU diplomu universitetlər tərəfindən verilir. 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq.

Hesab edirəm ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi repetitorluğun aradan qaldırılmasına kömək edəcək. Lakin şagirdin keçdiyi fənlər üzrə qiymətləndirmə aparılmalı və bunun mexanizmi hazırlanmalıdır. Bilirsiniz, son illərdə keçirilən buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinin statistik təhlili zamanı ortaya çox fərqli bir mənzərə çıxır. Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir. Mənim təklif edəcəyim yeniliklərdən biri də odur ki, humanitar, təbiət elmləri, riyaziyyat-informatika və digər təhsil sahələri üzrə qiymətləndirmənin nəticələri ümumiləşdirilməli və abituriyentə bununla bağlı sertifikat verilməlidir. Abituriyent də hansı sahə üzrə daha yüksək göstəricisi varsa, o sahəyə getməlidir”.

 

“Gənci imtahan stressinə salmaq olmaz”

 

Yeni qəbul qaydalarından danışan ekspert psixoloji məsələlərə diqqət edilməsinin zəruriliyini nəzərə çatdırıb.

“Doğru deyil ki, uşaq buraxılış imtahanı verir, bir ay sonra da qəbul imtahanı başlayır. Qısa müddət içərisində psixoloji cəhətdən tam formalaşmamış gənci bu qədər imtahan stressinə, gərginliyinə salmaq olmaz. Amma burda bir sıra məsələləri yaddan çıxarmaq olmaz. Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçilməsinin əsas məqsəd olmadığı, qəbul imtahanlarında isə tam əksinə, yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu qeyd etmək lazımdır.

Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxılış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna, hələ ki, bizim reallıqda məktəblərimiz hazır deyillər.

 

Bu prosesi həyata keçirmək 12 illik təhsilə keçməmiş və təmayülləşmə prosesini başa çatdırmamış çox çətindir”.

 

“Bu məsələ yeni deyil”

 

K. Əsədov deyir ki,  buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi fikri yeni məsələ olmayıb.

“Uzun illərdən bəri zaman-zaman gündəmə gətirilən məsələlərdən biridir. Belə bir sistem dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən keçmiş sovet respublikalarının bəzilərində də neçə illərdən bəri uğurla tətbiq olunur.

 

Hazırda Qazaxıstanda ali məktəblərə qəbul imtahanları ilə orta məktəblərin buraxılış imtahanları vahid formada keçirilir və bu da abituriyentlərin ali məktəblərə qəbul zamanı yükünü azaldır. Bundan başqa Rusiyada vahid imtahanların keçirilir. Hesab edirəm ki, Azərbaycanda vahid imtahana keçid bir neçə ildən sonra mümkün olacaq”.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin  (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri və təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib.

 

Hər iki qurumun iştirakı ilə tərtib olunmuş yeni modelin hazırlanma zərurətinə gəldikdə bir daha yada salınmalıdır ki, 2009-cu ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir, tədris prosesində yeni qiymətləndirmə vasitələri tətbiq olunur.

 

Bunları nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı da yeni qaydalar əsasında keçirilib.

 

2019-cu ildən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq.

 

Yeni modelə əsasən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi – 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.

 

Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

 

Qısa müddət ərzində Təhsil Nazirliyi və DİM tərəfindən yeni modelə dair ətraflı şəkildə birgə açıqlama verilməsi planlaşdırılır.

 

DİM tərəfindən 2 il sonra buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərə və abituriyentlərə kömək məqsədilə cari tədris ilindən başlayaraq yeni model əsasında sınaq imtahanları, ingilis dili fənni üzrə monitorinq imtahanları keçiriləcək, müvafiq metodiki vəsaitlər nəşr olunacaq və abituriyentlərin həm buraxılış, həm də qəbul imtahanlarına daha da yaxşı hazırlaşması təmin olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir