Modern.az

18 dəfə məğlub olan, 17 dəfə dəfn olunan 16-cı Amerika prezidenti AVRAAM LİNKOLN

18 dəfə məğlub olan, 17 dəfə dəfn olunan 16-cı Amerika prezidenti AVRAAM LİNKOLN

22 Sentyabr 2017, 21:16

22 sentyabr 1962-ci ildə ABŞ-ın 16-cı prezidenti, Respublikaçılar Partiyasının banisi Avraam Linkoln Amerikada  "Quldarlığın ləğvi" haqqında qanunun qəbul olunmasına nail olur. Beləliklə də bu tarix amerikalıların həyatında əlamətdar bir günə çevrilir.

Amerikada keçirilən ənənəvi rəy sorğusuna görə Avraam Linkoln ABŞ tarixində ən yaxşı prezidentlərindən biri sayılır.

Modern.az saytı Avraam Linkoln haqqında yazını təqdim edir.

Amerika xalqının milli qəhrəmanı  Linkoln prezidentliyi dövründə ölkəsinin tarixində bir çox mühüm məsələlərin və problemlərin həllinə uğurla nail olması ilə yadda qalıb. Amerikada quldarlığın bütövlükdə ləğv olunması məhz onun adı ilə bağlıdır. Onun prezidentliyi dövründə cənub ştatları Amerika Konfederativ Statları adı altında birləşərək Amerikanın tərkibindən çıxmaq istəsələr də, dörd il davam edən müharibə prezident Avraam Linkolnun siyasi məharəti nəticəsində ABŞ-ın qələbəsi ilə nəticələnib, ölkənin parçalanmasının qarşısı alınıb.

Linkoln kasıb fermer ailəsində böyüyüb. O, erkən yaşlarından valideynlərinə kömək etmək məqsədi ilə fiziki əməklə məşğul olub. Maddi çətinlik ucbatından məktəbdə yalnız bir il təhsil alıb. Bu dövrdə o oxumağı, yazmağı öyrənə bilib, kitablara böyük maraq göstərib. Artıq yeniyetməlik dövründə Linkoln sərbəst qazanc dalınca gedəndə təhsil almaq haqqında düşünməyib. Bəzi mənbələrin yazdığına görə həmin dövrdə o yalnız iki kitab oxuyub, “Bibliya” və “Robinzon Kruzo”nu.

 

Gənc yaşlarına çatanda Avraam Linkoln ciddi şəkildə hüquqi ədəbiyyatla maraqlanıb, vaxtının əsas hissəsini hüquqi bilgilərini artırmağa sərf edib və imtahan verərək hüquqşünas-vəkil fəaliyyəti ilə məşğul olmaq üçün rəsmi icazə əldə edib.

Ölkədə köləlik və quldarlığa qarşı mübarizəyə başlayan Linkoln Respublikaçılar partiyasının qurucularında biri olub.

Avraam Linkoln prezident olana qədər 18 dəfə müxtəlif seçkilərdə məğlubiyyətə uğrayıb. Nəhayət, 1860-cı ildə Respublikaçılar partiyasının vahid namizədi olaraq prezident seçilib

 

O, Amerika prezidentlərinin arasında ən hündürboylusu olub. Boyu 193 sm olmasına baxmayaraq, bunu nəzərə almayan Linkoln uzun şlyapa qoymağı ilə daha da hündür görünüb. Maraqlı faktlardan biri odur ki, o bu şlyapanı təkcə dəb naminə qoymayıb, prezident həmin şlyapanın içərisində məktub, vacib qeydlərini və pulunu saxlayıb.

Linkoln mahir siyasətçiliyi ilə yanaşı, həm də həssas yumor hissinə malik olmağı ilə fərqlənib. Prezident olduğu dövrdə siyasətçilərdən biri ona “siz ayaqqabılarınızı özünüz təmizləyirsiniz?” kimi sərsəm bir sual verəndə çox maraqlı cavabı olub: “Bəli, mən öz ayaqqabılarımı özüm təmizləyirəm, bəs siz kimin ayaqqabılarını təmizləyirsiniz?”

Avraam Linkolnun saqqal saxlamağının da qəribə tarixçəsi var. Qreys adlı 11 yaşlı amerikalı qız 1960-cı ildə ona məktub yazaraq saqqal saxlamağını xahiş edib. Linkoln onun xahişini yerə salmayaraq saqqal buraxıb.

Avraam Linkoln texnikaya böyük həvəs göstərib. Öz dövründə yeni kəşf olunan texniki avadanlıqlarla, onların iş prinsipləri ilə yaxından tanış olub.

Linkoln mükəmməl nitq qabiliyyətinə malik olub. Kütlələr qarşısında çıxış etmək məsuliyyətini dərk edən prezident üç-dörd gün əvvəlcədən söyləyəcəyi nitqlərə hazırlaşıb.

 

Avraam Linkolnun dörd oğlu olub. Onlardan yalnız biri, Robert çox yaşayıb. Digər üçü dörd, on bir, on dörd yaşlarında dünyalarını dəyişiblər.

Linkoln doğma atasından daha çox analığı ilə mehriban və xoş münasibətdə olub. O, doqquz yaşında olarkən doğma anasını itirib.

Amerikalıların rəğbətlə yad etdikləri sabiq prezident haqqında “Linkoln” filmi çəkilib. Prezidentin obrazını yaradan Daniel Dey-Lüis, məhz bu filmə görə ilin ən yaxşı aktyoru adını qazanıb.

Şimal və Cənub müharibəsinin qalibi kimi Amerika tarixinə düşən Avraam Linkolnun şəkli 5 dollarlıq əskinazda əks olunub. Raşmor dağında təsviri həkk olunan dörd prezidentdən biri də Avraam Linkolndur.

 

Linkoln qətlə yetirilməmişdən bir neçə gün əvvəl ölümünü yuxuda görüb və bu yuxunu mühafizəçisinə də danışıb. 15 aprel 1865-ci ildə Avraam Linkoln teatrda tamaşaya baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib. Qətl siyasi xarakter daşıyıb. Tamaşanın ən səsli-küylü səhnəsində prezidentə atəş açan But həmin andaca binanı tərk edib qaçmağa nail olub. Qısa bir müddətdən sonra onun fermada gizləndiyi müəyyənləşdirilib. Ferma mühasirəyə alınanda But təslim olmaq istəməyib. Buna görə də ferma yandırılıb və saysız-hesabsız açılan atəşlər Butun həyatına son qoyub. Beləliklə də, Avraam Linkoln qətlə yetirilmiş ilk ABŞ prezidenti olub.

 

Onun nəşi 17 dəfə dəfn olunub, 6 dəfə isə tabutu açılıb. Bu, dəfn olunduğu yerin təmiri və məzarının təhlükəsizliyinin təmin olunması üçün edilib. Nəhayət, 1901-ci ildə, 36 ildən sonra prezidenti sonuncu dəfə İllinoys ştatında dəfn ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir