Modern.az

Rövşən Qəmbər: “İsa bəyin qardaşı olmağım işimizə çox yaradı...” (MÜSAHİBƏ)

Rövşən Qəmbər: “İsa bəyin qardaşı olmağım işimizə çox yaradı...” (MÜSAHİBƏ)

2 İyun 2011, 16:38

 “Siracəddin Hacı və Qüdrət İshaqov bəyan etdilər ki, test üsuluna görə öldürüləcəklərsə, qanlarını halal edirlər”


Müsavat başqanı İsa Qəmbərin qardaşı ilə sosial şəbəkədə tanış olduq. Rövşən Qəmbərin adını Azərbaycanda siyasi partiyaların tarixi ilə bağlı apardığım araşdırmamada rast gəlmişdim.Məhdud da olsa, bilirdim ki, Ana Torpaq  Partiyasının yaradıcısı olub. Onunla  müsahibədə öyrəndim ki, Rövşən bəy ömrünün 40 ilini Almaniya da yaşayıb və oranı özünə ikinci vətən sayır. Sabah o 60 yaşını qeyd edəcək. Modern.az saytına müsahibəsində Müsavat başqanının qardaşı bir sıra maraqlı məsələlərə toxundu... Ardını özünüz oxusanız yaxşı olar...   
  
- Rövşən bəy, bir qədər özünüz barədə məlumat versəniz yaxşı olar..
 
- Mən Rövşən Yunis oğlu Qəmbər 1951-ci il iyunun 3-də Füzulidə anadan olmuşam. Atam Yunis Heydər oğlu Qəmbərov çox böyük ziyalı və böyük  elm xadimı olub. Akademiyanın müxbir üzvü idi. Azərbaycanda onu yaxşı tanıyırlar. Bakıda 62 saylı orta məktəbi qızıl medalla bitirmişəm. Məktəb metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşir. Atam bizi rus bölməsinə qoymaq istəməyib . Orta məktəbi qurtaran ili atam mənə dedi ki, “bala harda oxumaq istəyirsən?”. Dedim “Lomonsov adına MDU-da”... Atam dedi ki, mənim Moskvada oxumağımı istəmir. Belə olan halda Bakıda hüquq fakultəsində oxumaq istəyimi açıqladım. Atam dedi ki, “ora səni qəbul eləməzlər. Yalnız Mərkəzi Komitənin tapşırığı ilə ora girmək mümkündür”. Dedim, “ata, onda həkim olmaq istəyirəm”. Buna da etiraz etdi. Dedi ki, çox böyük rüşvət hesabına Tibb İnstitutuna girmək mümkündür. Məsləhət belə oldu ki, mən “AZİ” adlanan Neft və Kimya İnstitutuna sənəd verim. Atam söylədi ki,  “nə qədər olmasa orada rüşvət yoxdur”. Sizə deyim ki, məndə uşaqlıqdan rüşvətə qarşı böyük nifrətim var idi. Orta məktəbi bitirən zaman məktəbimizin direktoru atama dedi ki,” oğlunuz qızıl medal almalıdır, imtahanların hamısından əla qiymətlər alıb, lakin bunun üçün Maarif Nazirliyinə gedib yüngülvari hədiyyələrlə müəyyən adamlarla görüşmək lazımdır. Ondan sonra medal məsələsində heç bir problem ola bilməz”.
Mən buna qəti etiraz elədim. Dedim ki rüşvətlə medal almaq istəmirəm. Hə, atamın istəyi ilə Neft və Kimya İnstitutuna sənəd verdim.
İmtahan zamanı gördüm ki, qiymətlərimi kəsirlər. Riyaziyyatdan mənə “3” yazmışıdılar. Halbuki mən Azərbaycanda riyaziyyat üzə keçirlən Respublika Olimpiadasında 4-cü yer tutmuşdum. Gördüm məsələ qəlizləşir, şikayət elədim. “AZİ”də şikayətlərlə bağlı komisisyanın rəhbəri rektor İbrahim İbrahimovun özü idi. Atamı da yaxşı tanıyırdı.. Şikayətimi araşdırdı, imtahanın nəticələrinə baxdı.. Dedi ki, “bu cavablara “əla” düşür”. Atam dedi ki, “bəs niyə “3” yazılıb?”. Rektor atamdan xahiş elədi ki, şikayəti dərinləşdirməyək. Dedi ki, “Yunis müəllim, cəmi bir imtahan qalıb. Ondan “2” də alsa, mən bu gənci instituta götürəcəyəm”.
Beləliklə “AZİ”yə daxil oldum. İki il oxuduqdan sonra təhsilimi xarici ölkədə davam etdirdim. SSRİ ilə Şərqi Almaniya arasında imzalanmış tələbə mübadiləsi proqramı çərçivəsində 1970-74 cü illər ərzində Almaniyada oxumuşam. Həmin illərdə Azərbaycanda Neft və Kimya İnstitutunda Almaniyadan 70-ə qədər tələbə və aspirant bu proqram çərçivəsində Bakıda təhsil alırdı.  
O zaman Azərbaycan Neft və Kimya İnstitutunun 2-ci kursunda oxuyurdum. Prorektor məni çağırıb dedi ki, “sən də Almaniyaya gedən namizədlərin içindəsən, əgər getmək istəyirsənsə, alman dilini yaxşı öyrənməlisən”. O vaxta qədər alman dili haqqında təsəvvürüm yox idi. Başladım alman dilində gündə ən azından 12 saat məşğul olmağa.. İki ay sonra rahat şəkildə alman dilində fikirlərimi izah edə bilirdim. 1970-ci ilin sentyabrında gəldik Berlinə...
Burada tələbələri müxtəlif ali məktəblərə paylaşdırmağa başladılar. Məni Drezdenlə Xemnits arasında yerləşən Frayberq adlı kiçik bir şəhərə göndərmək istəyirdilər. Bilirdim ki, “AZİ”nin Drezden Texniki Unversiteti  ilə yaxşı  əlaqələri vardı. Dedim ki, “mən Bakı kimi böyük, mədəni şəhərdən gəlmişəm, və onun kimi mədəni bir şəhərdə təkcə oxumaq yox, həm də mədəni dünyanı görmək  istəyirəm. Əgər Drezden Texniki Unversitetində  oxumaq imkanı yoxdursa, mən Bakıya qayıtmaq istəyirəm”. Bundan sonra  məni Drezdendə saxladılar.
O vaxtdan bu günə düz  41 ildir ki, Almaniya mənim ikinci vətənimdir.  Amma bəzi tanışlarım kimi, məcbur olub Azərbaycan vətəndaşlığından imtina etməmişəm.  Öyünürəm ki, həm  Almaniya, həm də Azərbaycan vətəndaşıyam. Almaniyada Dünya Azərbaycanlılarının Məclisnin sədriyəm.
 
 - Azərbaycanda deyəsən az yaşamısınız...
 
- Almaniyada ali təhsili başa vurub 1974-cü ildə Bakıya qayıtdım. Aspiranturaya daxil oldum.  Məni xüsusi xidmət orqanlarına cəlb etmək üçün cəhdlər  edildi. “KQB” Akademiyasına oxumağa razılğımı almaq üçün Moskvadan Bakıya bir general gəldi. Görüşdük. Mən onun bu təklifinə razı olmadım. Ondan sonra Respublika Hərbi Komissarlığına çağırdılar məni... Komissar təəccüblə məndən soruşdu ki,  “cavan oğlan, nə əcəb sən belə şansı əldən verirsən..Bütün vəzifəli insanlar bilir ki, bu Akademiyada təhsil almaq nə deməkdir. Bu böyük şansdır, karyeradır. Niyə ora getmirsən?”. Mən isə ona gözlənilməz sualla müraciət etdim. Dedim ki, “orada oxusam, istədiyim qızla evlənə bilərəm?”. General mənə dedi ki, “nə danışırsan, sən dünyanın ən gözəl qızları ilə evlənə bilərsən...”.
Dedim ki, sevdiyim qız var və onunla evlənmək istəyirəm. General ciddi şəkildə məni dinlədi daha sonra dedi ki,  “yox, evlənmə yalnız bizim məsləhətimizlə olmalıdır”. Dedim “axı mən qızı tanımadan necə evlənə bilərəm..”. General  dedi ki, “əsas odur ki, biz səni tanıyırıq. Sən vacibsən”.
“KQB” Akademiyasına getməkdən qəti sürətdə imtina elədim. Bundan sonra 1986-88-ci illərdə Ali Partiya Məktəbindəki axşam unversitetində ikinci ali təhsil aldım. Bu zaman artıq Azərbaycanda siyasi canlanma hiss olunurdu..
 
- Siyasət sizin diqqətinizi nə ilə çəkdi? Adətən texniki fakultələri birirənlər siyasətlə o qədər də maraq göstərmirlər
 
- 1986-cı ildən siyasət diqqətimi daha çox  çəkməyə başladı. Əslində  Almaniyaya gələndən, 19 yaşımdan siyasətlə maraqlanrıdım. Xarici ölkədə yaşadığımdan müqayisə etmək imkanlarım var idi. Görürdüm ki, Almaniya sosialist ölkəsi sayılsa da da çox qayda-qanunu olan gözəl bir ölkədir. Ona qədər haranı görmüşdüm ki? Təkcə Rusiyanı və Ukraynanı. Moskvanı yaxşı tanıyırdım.
Burada olan müddət ərzində gördüm ki, Qərbi Almaniya Şərqə nisbətən daha yaxşı inkişaf edib. Daha çox azadlıqlar var. Bunun səbəbləri barədə məndə suallar yaranırdı. O zaman atam tez-tez Almaniyaya gəlirdi. Çünki atam neft-kimyası sahəsində SSRİ-nin çox məşhur mütəxəssis eksperti idi. O Almaniyanın bu sahə üzrə neft-kimya texnoloji  proseslərinə istiqamət verirdi. Təbii ki, mənim də yanıma gəlirdi. Birlikdə  oturub söhbət edəndə deyirdim ki, “necə olur bir çox ölkələrdə demokratik seçilmiş legitim parlamentlər var, amma SSRİ-də Kommunist Partiyası kimi məsləhət görsə, o da guya seçilir və partiyanın hər bir təklifinə 100 faiz səs verirlər”. Atam ciddi baxşılarla məni dinləyib dedi ki, “sənin sualların çox təhlükəlidir. Belə getsə, səni burda oxumağa qoymazlar. Siyasətlə bu qədər maraqlanma..”.
Demək istəyirəm ki, siyasətə heç vaxt biganə olmamışam. Sizə deyim ki, 1990-cı ildə Azərbaycan parlamentinə keçirilən seçkilərdə deputatlığa namizəd olmuşam və seçicilərin əksəriyyətinin səsini almışam və seçkiləri qazanmışam. Lakin fəaliyyətə başlamağa imkan vermədilər.

 - Demək sizin seçkilərdə iştirak təcrübəniz də var.. Bəs niyə deputat ola bilmədiniz?

- 1990-cı ildə Qarabağdan, 305 saylı Fizuli seçki dairəsindən namizədliyimi vermişdim. Rayonun 29 kəndindən yığdığım 70 faiz səslə parlamentə də seçildim. O zaman seçkidə əsas rəqibim İnşaat İnstitutunun rektoru Bünyad Sərdarov idi. Prezident Ayaz Mütəllibov bu şəxsin deputat seçilməsini rayon rəhbərliyinə tapşırmışdı. Seçki zamanı seçicilər məndən soruşdular ki, “nə qədər pulla gəlmisən?”. Dedim “500 manatla”. Dedilər “sənin 500 manatın heç benzinə çatmaz, sənin rəqibin xalqa bundan min dəfə çox pul sərf edəcək və o qazanacaq”. Dedim ki, xalqa verilən pullar məni qane edir. Çünki mən seçkilərdə iştirak etdiyim üçün xalqın qayğısına qalırlar ki, adamlar mənim rəqibimə səs versin. Sanki mən Qarabağ xalqına yardım etmiş oluram.
Seçkidən sonra DSK-da mənə dedilər ki, “Rövşən müəllim, sənin səslərini Sərdarovun xeyrinə yazdıq, çünki yuxarıdan tapşırıq belə idi və sən də bizə heç nə vermədin”.
Bakıda mənimlə görüşəndə Bünyad Sərdarov dedi ki, “Rövşən müəllim, bilirəm ki, sənə çox səs veriblər, sənin istədiyin məsələlərdə, məsələn, Qarabağ uğrunda mübarizədə necə deyirsən, sənə kömək edim”...
 
- Siyasi partiyaların tarixi ilə maraqlanrkən 90-cı illərin əvvələrində yaradılmış Ana Torpaq Partiyası diqqətimi çəkdi. Burada sədr kimi sizin adınıza rast gəldim. Siyasətlə marağınız sizi hətta partiya yaratmağa gətirib deyəsən... Ana Torpaq hansı məqsədlə yaradılmışdı?
 
-  Mən Fizuli rayonu ilə bağlı yaradılmış “QURUÇAY” adlı Cəmiyyətdə fəal idim. 1992-ci ildə Xocalı soyqırımından sonra Partiyanın formalaşdırılması məcburiyyəti yarandı. Bu təkliflə parlamentdə xarici siyasət komisisyasının sədri olan qardaşımla məsləhətləşdim.
İsa bəy mənə dedi ki, “Qarabağ rayonların təşkilatlarını birləşdirə bilrisinizsə, bunu edin”.
Mən dedim ki, birləşdirə bilərik, amma Cəmiyyət kimi yox, partiya halında. İsa bəy dedi ki, “partiya yaratmaq asan məsələ deyil”. Amma etiraz da etmədi. “Ana Torpaq“ adında Qarabağ rayonlarının cəmiyyətlərini birləşdirərərk böyük bir təşkilatın qurulmasını  təklif etdi. Bu ad xoşuma gəldi. İsa bəyə dedim ki, bu ad xoşuma gəlir, amma adı partiya üçün götürəcəyəm. Partiya çox sürətlə yarandı. Mənimlə bərabər Rafiq Məmmədli, Siracəddin Hacı, Allahverdi Orucov, Kimya üzrə professor Rafiq Əliyev, gənc jurnalist Fəridə Məmmədova, professor Famil Mehdi və bir çox ziyalılarımız, vətənpərvər qarabağlılarımız, aktiv vətəndaşlarımız və digərləri partiyanın qurulmasında əhəmiyyətli rol oynadılar. Mən deyirdim ki, nə qədər ki, Qarabağ işğal altındadır hər  bir vətəndaşımız özünü Qarabağlı saymalıdır. Yəni  “Nə qədər ki, Qarabağımız xəstədir, hamımız Qarabağlıyıq!” şüarı partiya üçün əsas şüar idi.
Onu da deyim ki, bizim partiya (AATP) Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək  bunun ən vacib problem sayaraq  parlament sədri ilə məsləhətləşib təşəbbüs qaldıran  ilk partiya olub.
 
- Maraqlıdır... Bu necə olub?

-Test üsulunun Azərbaycana gəlməsinin əsas təşəbbüskarlarından biri Ana Torpaq Partiyası olub. Biz olmasaydıq Azərbaycanda test usuluna  təşəbbüs olmazdı. 1992 may –iyun aylarında AXC hakimiyyətinin içində bunun tətbiqinə hədsiz dərəcədə  can atan insanlar  yox idi. Onlar sonradan bu təşəbbüsü dəstəkləməyə başladılar.
1990-cı ildə Azərbaycan Parlamentinə  keçirilən seçkilər zamanı mənim əsas mövzularımdan biri belə idi: əgər deputat seçilsəm fəaliyyətim zamanı rüşvətsiz təhsil mübarizəmin əsas istiqamətlərindən biri olacaq. 1990-cı ldə ilk dəfə olaraq ali məktəblərdə qəbulun Türkiyə və Almaniya sistemi ilə aparılmasının təşəbbüsünü qaldırdım. 1992-ci ildə Bakıya gələn Türkiyə ali məktəblərinin rektorları ilə görüşlərimizdə test üsulunu müzakirə etdik. Azərbaycandan bununla bağlı Türkiyəyə nümayəndə heyətinin göndərilməsini təklif etidk. İlk dəfə bu təklifi o zaman parlamentin sədri olan İsa Qəmbərə deyəndə o mənə dedi ki, “buna girişsək Azərbaycanda olan “qəbul mafiyası”nın qəzəbinə düçar olacağıq. Ölüm-itim ola bilər”.
Partiyada müzakirələr zamanı 1992-ci ildə iyul ayının əvəllərində Siracəddin Hacı və Qüdrət İshaqov bəyan etdilər ki, bu məsələ ilə bağlı əgər rəqiblər tərəfindən öldürüləcəklərsə, qanlarını halal edirlər. Onların bu fikrini qardaşıma bildirdim. 1992-ci il iyul ayının əvvələrində Qüdrət İshaqovun “Müxalifət” qəzetində çıxan məqaləsi prosesi sürətləndirdi.  Məsələ ciddi şəkildə müzakirəyə çıxarıldı. Prezident Əbülfəz Elçibəy bütün ali məktəb rektorlarını çağırıb test üsulunun tətbiqinə münasibətlərini öyrənməyi təklif etdi. Mən də əvvəlcədən ali məktəblərin bütün rektorları ilə görüşüb demişdim ki,” əgər prezidentin bu təklifinə “yox” desəniz, sizi  vəzifədən çıxaracaqlar”.
Bu sözləri özümdən demişdim. Etiraf edim ki, parlamentin sədrinin qardaşı olmaq bu baxımdan işimə yaradı.  Mən bu sözləri deyəndə hamı dərhal elə başa düşdü ki,  bu yəqin İsa Qəmbərin, yəni siyasi hakimiyyətin mövqeyidir. Beləcə, 1992-ci ilin iyul ayında prezident Əbülfəz Elçibəyin və prezidentin təhsil üzrə müşaviri Rafiq İsmayılovun rəhbərliyi ilə ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirildi. Həmin müşavirədə bütün rektorlar bir ağızdan test üsulunun tətbiqinə “hə” deyiblər. Bu o demək deyildi ki, onların hamsı bunu istəyirdi. Yox, onların əksəriyyəti vəzifəsini itirmək qorxusundan “hə” demişdi.
 
- AXC hakimiyyətə gələndən sonra sizə hansı vəzifəni təklif etdilər? Siz hər halda Ali Sovetin sədri İsa Qəmbərin qardaşı idiniz.
 
- Mən hər hansı yüksək post tutmamışam və tutmaq da istəməmişəm. Ana Torpaq Partiyasının sədri olmağımı ən yaxşı vəzifə saymışam.  Amma 1992-ci ilin noyabrında  xarici işlər naziri Tofiq Qasımov İsa Qəmbərə dedi ki, “Rövşəni Almaniyadakı səfirliyə yüksək  vəzifəyə göndərmək istəyirəm”.  İsa bəy etiraz etdi. Dedi ki, “qardaşım olduğu üçün söz-söhbət yarana bilər”.
Tofiq bəy də dedi ki, “nə olsun qardaşındı, indi sənin qardaşındı deyə ölkəsinə xidmət etməməlidir?”. Müzakirələrdən sonra məni Almaniyadakı  səfirliyimizin müşaviri vəzifəsinə göndərdilər. 1992-ci ilin noyabr ayında Almaniyaya gəldim.  O zaman Hüseynağa Sadıqov Azərbaycanın Almaniyadakı səfiri idi. Biz Türkiyə səfirliyinin binasında yerləşirdik.  Türk diplomatları ilə çox yaxşı və işguzar münasibətlərimiz var idi.
 
- Bəs partiyanın sonarkı taleyi necə oldu?
 
- Heydər Əliyev hakimiyyətə gələndən sonra 1995-ci ildə parlament seçkilrəindən əvvəl siyasi partiyaların yenidən qeydiyyatı başlandı. Partiyada “mənə dedilər ki, sən Bakıda yoxsan, idarəetmədə çətinlik çəkirik”. Mən qayıtmaq istəyirdim. Amma dostlarım, qohumlarım sağ olsunlar, dedilər ki, “sən Almaniyada qal”. Sonralar dostlar dedilər ki, “burda vəziyyət çətindir” və Müsavat partiyası ilə birləşməyə qərar verdilər. Mən Almaniyada qalmalı oldum. Övladlarım burada oxuyurdu. Qeyd edim ki, mən siyasi mühacirlər üçün olan qaçqın düşərgələrində yaşamamışam. Almaniya höküməti təmsilçiləri bircə dəfə çağırıb, geniş söhbət  edib və deyiblər ki, “sizə, həyat yoldaşınıza və 3 oğlunuza ömürlük oturum veririk”.
Vətənlə mütəmadi əlaqə saxlayırıq. Sonuncu dəfə Bakıda 2008-ci ildə olmuşam. Təəssüf ki, son zamanlar yalnız vəfat edən qohumların yas mərasimlərinə getmişik.   

- Azərbaycanda gedən  ictimai-siyasi prosesləri izləyirsinizmi? Ölkədə aparılan islahatlar barədə fikirləriniz necədir?
 
- Məncə, islahatlar vacibdir. Sevindiricidir ki, bu gün xalq deyir ki, “JEK-dən bizdən artıq rüşvət istəmirlər”. Əgər islahatların xalqa faydası varsa o zaman xalqın da bu hökümətə qarşı rəğbəti artır. Amma islahatlar vaxtında olmasa hakimiyyətdə qalmaq qətiyyən mümkün olmayacaq.
 
-Bu il Azərbaycan Avropanı mat qoyan qələbə qazandı. Yaşadığınız ölkədə keçirilən “Avroviziya”nın qalibi oldu. Canlı  izləyə bildinizmi?
 
- Yox, təəssüf ki, Düsseldorfa gedə bilmədim. Burdan 90 km aralıdır. Evdən izlədim. Bu 23 ildi Qarabağ problemindən əziyyət çəkən xalqımız üçün çox böyük qələbədir. Azərbaycan həmişə müsiqidə öz sözünü deyə bilən bir ölkə olub. İstər muğamatda, istər klassik müsiqidə, istərrsə də cazda.. İndi də bu janrda qələbə əldə etdik. Qələbə xəbərini izlədikdən sonra oğluma dedim ki, “Fərid get Düsseldorfa”. Mənə dedi ki, “ata uzaqdır, hələlik Rüfətlə birlikdə Bonndakı dostlarla Bayraq dalğalandırmağa gedirəm”. Bir saat sonra oğluma  zəng vurdum ki, “hardasınız”, dedi ki,  “ata Düsseldorfa getmişik. Sanki böyük Azərbaycan bayramıdır”. Almanlar da, digər millətlər də təkrar, təkrar “Azərbaycan!” deyirlər. Fantastik reaksiya var idi.
 
- Yubleyinizi necə qeyd edəksiniz?
 
- Yubley 10 ildən bir olsa da,  mənim üçün hər dəqiqə keçirdiyim məsuliyyətli bir aksiyadır. Əgər 60 il yaşamışamsa, deməli  müəyyən məsələlərdə izim olmalıdır və şükür olsun ki, var. Elə test sisteminin tətbiqini götürün. Bunun tətbiqində Rövşən Qəmbərin də adı var. Sizə maraqlı bir əhvalat danışım.
“Dədə Qorqud”un Drezdendə saxlanılan qədim əlyazımasını Azərbaycana mən gətirmişəm. 1972-ci ildə...
Bakıda Əlyazmalar İnstitutunda o qədər sevindilər ki... Qucaqlayıb bağrına basdılar. Qarabağlı Nəcəf Nazim adlı bir qolunu müharibədə itirmiş jurnalist o zaman dedi ki, “Drezdendə oxuyursan, sən niyə bu kitabı axtarmırsan?”. Getdim Drezden Krallıq kitabxanasına.. “Dədə Qorqud”un nüsxəsini istədim. İki kopyasını hazırladılar və mənə vermək istərkən birdən duruxub qaldılar. Kitabı çox təriflədiyim üçün mənə çox baha satmaq istədilər. Niyyətimi biləndən sonra kitabxananın rəhbərələri mənə dedilər ki, “sənə bu kitabı verə bilmərik. Sən kimsən ki? Sadəcə  bir tələbə. Qoy Azərbayacandan nümayəndə heyəti gəlsin. Danışaq”.
Gördüm ala bilmirəm. Dedim ki, “nə danışırsınız, Vatikandakı nüsxə çoxdan Bakıdadır, bu nüsxəni istəmirsinizsə, verməyin.. Vermirsiniz, heç lazım deyil”. Bu sözdən sonra kitabın 2 kopyasını verdilər mənə... Belə. Məncə, bu da yadda qalmaq üçün xalqımıza bir xidmətdir.  
 
lk briki kimdən zləyirisiniz?

 - İlk təbrik yox, səmimi təbriklər məni maraqlandırır. İlk də, son təbrik də mənim üçün dəyərlidir. Təbii ki, ən yaxınlarımdan, əzizlərimidən, müsavatçılardan, demokrat dostlarımdan, Qardaşım İsadan, nəvəmdən və ailəmdən..

 - İsa bəydən 6 yaş böyüksünüz. Müsavat başqanı necə qardaş olub?
 
- İsa bəyin beş yaşı olanda ona əlifbanı öyrətmişəm. Bir həftədən sonra o, birinci sinif uşaqları kimi sürətlə oxuya bilirdi. Dördüncü sinifdə oxuyanda saatda 80-90 səhifə oxuyurdu. 9-cu sinifdə oxuyanda “Qara volqa” kitabı məşhur idi. Mən onu oxumaq istəsəm də, atam deyirdi ki, “hələ oxuma”. Birdə gördüm ki, İsa artıq bu kitabın 100 səhifəsini oxuyub. Dedim, “sən bu səhifələri doğurdanmı oxumusan?”. İsa oxuduğu səhifələri mənə danışmağa başladı. Gördüm ki, bu uşaq çox istedadlı uşaqdır. Qardaşım olmasına görə demirəm, İsa bəy çox savadlı və istedadlı oğlan olub, İndi də ən çox inandığım şəxsiyyətlərdəndir. İnanıram ki, ona imkan verilsə, Azərbaycanın inkişafəna Nobel mükafatı səviyyəsində yeniliklər etmək potensialına malik siyasətçilərdən biridir.

- Almaniayadan Azərbaycan necə görünür?
 
- Buradan Azərbayacana baxanda əvvəlki zamanlara nisbətən xalqın həyatı, hökümətin və müxalifətin siyasəti  çox dəqiq görünür. Əvvələr təxmini idi. Eldarla Nigarın qələbəsindən sonra Avropa sanki yeni bir eynəklə baxır Azərbaycana. Burada yerli KİV-lər Azərbaycandakı bütün sahələrə maraq göstərirlər. Bu maraq indi əvvəlkilərə nisbətən olduqca böyükdür.  Bu maraqdan Qarabağ probleminin ədalətli həlli üçün, Azərbaycanın Avropaya sürətlə inteqrasiyası üçün səmərəli istifadə etmək lazımdır. 


 
Xaqani S
ƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?