Modern.az

Şəhid Ülvi Bünyadzadənin bacısı: “Mən onun arzusunu reallaşdırdım”  

Şəhid Ülvi Bünyadzadənin bacısı: “Mən onun arzusunu reallaşdırdım”   

Mədəni̇yyət

23 Sentyabr 2017, 15:02

Bu gün vətəni, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilən, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin doğum günüdür.

O, 19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsib, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər edib və saat 00.20-də həlak olub. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapıblar. Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunub.

Modern.az saytı xalqın erkən vaxtda itirdiyi övladını yada salmaq üçün Ülvi Bünyadzadənin bacısı, şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə ilə həmsöhbət olub.

Ülvi Bünyadzadə necə biri idi?

K.Bünyadzadə deyib ki, qardaşı enerjili və həyəcanlı oğlan idi:

“Ülvi işıqlı, bildiyini bölüşən, bilmədiyini öyrənməyə can atan şair ruhlu bir adam idi. Ülvi gözəllik aşidi idi. O, əlaçı tələbə olub. Hətta semestr imtahanlarını vaxtından əvvəl verirdi ki, mübarizələrə daha rahat gedə bilsin. Elə yanvarın 19-u da  imtahanını öncədən verib getmişdi. Bütün qiymətləri “5” olub və o, nümunəvi, sevilən, hər kəsin hörmət etdiyi tələbə idi.

Ülvi enerjili, həyəcanlı uşaq idi. Hansısa bir gözəllik şahidi olanda onu şeir kimi ifadə etməyənə kimi çox həyəcanlı olurdu.  Eyni zamanda o, musiqi alətlərini coşqu ilə çalırdı. Yəni sakit ya da küncə qısılan uşaq deyildi”.


“Elə bir musiqi aləti yox idi ki, əlinə düşəndə rahat çalmasın”

Müsahibimizin sözlərinə görə, Ülvi Bünyadzadə şərqşünas olmaq istəyirdi:

“Ailədə üç uşaq idik. Biz gələcək haqqında plan qurmağı çox sevirdik. Həmişə oturub neçənci ildə kimin neçə yaşı olacağı, kimin harada oxuyacağı, işləyəcəyi haqqında söhbət edirdik. Bu cür müzakirələr xoşumuza gəlirdi. Ülvinin əsas arzusu şərqşünas olmaq idi. Əsasən xarici dillərlə maraqlanırdı. Bir neçə  xarici dil bilirdi. İngilis, rus, ərəb, fars, latın, özbək dillərini özü öyrənmişdi. Yəni Ülvinin dil öyrənməyə həm qabiliyyəti , həm də marağı var idi. Şərqşünaslıq alınmadığı üçün,  ingilis dili üzrə təhsil alır və mütəxəssis olmaq istəyirdi. Bəzən qəhrəman olmaq haqqında xəyallar qurardıq. O, musiqi məktəbinə getmişdi, qarnom üzrə təhsil almışdı. Amma evdə olarkən həm tar, saz, həm də pianinoda ifa edirdi. Elə bir musiqi aləti yox idi ki, əlinə düşəndə rahat çalmasın, musiqi duyumu güclü idi. Hətta sonradan onun əsərlərinin arasında özünün hansısa  pyesinə bəstələdiyi balaca musiqi parçası da tapdıq. Təbii ki, bu, yarımçıq parça idi”.

“Ülvi hər zaman bizim üçün nümunə olub”

“Bizim evimizdə bir tendensiya var idi. Nə varsa, evin böyük uşağına öyrət, balacalar ondan öyrənsin. Həm atam, həm anam nə öyrətmək lazım idisə, Ülviyə öyrədirdilər. Biz də ona baxıb öyrənirdik. Bu  baxımdan Ülvi hər zaman bizim üçün nümunə olub.  Hələ orta məktəbdə oxuyarkən Ülvi mənim üçün ideal idi. Mən əslində həkim olmaq istəyirdim. Amma tale elə gətirdi ki, Ülvinin arzusunu reallaşdırdım. Yəni şərqşünas oldum”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir