Modern.az

Nazirlik tüstü bacalarını təmizləməyə çağırıb  

Nazirlik tüstü bacalarını təmizləməyə çağırıb   

23 Sentyabr 2017, 16:44

Payız-qış mövsümündə havaların soyuması nəticəsində əhali mənzillər isti olsun deyə qapı və pəncərələri bağlı saxlayır. Bu isə qaz cihazlarının istismarı zamanı tüstü bacalarının normal işləmədiyi binalarda əhali arasında dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsi dəm qazından zəhərlənmələrin minimuma endirilməsi üçün tüstü bacalarını təmizləməyə çağırıb.


Qurum bildirib ki, dəm qazından zəhərlənmədən qorunmaq üçün qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, tüstü bacalarının sazlığı və işə yararlı olması yoxlanılılmalı, yalnız bundan sonra cihaz istismara buraxılmalıdır.


“Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Tüstü boruları binaların dam örtüyünün xarici səthindən 70 sm yüksəklükdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı, tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir”.

Bildirilib ki, tüstü bacası normal işləmədikdə təkcə dəm qazından zəhərlənmə halı deyil, həm də yanğın baş verir.

“Məlumdur ki,əksər hallarda otel, restoran, xəstəxana, məktəb və digər mətbəxi olan müəssisələrin tüstü bacalarında yağlı təbəqə əmələ gəlir. Bu yağlar bacaların şaquli və üfiqi kanallarında və mühərriklərin üzərində yığılır. Həmin yağlar çox yüksək yanma qabiliyyətinə malikdir. Ani qığılcım çox böyük yanğına səbəb olur və sürətlə yayılır. Yanğın zamanı bacanın içərisində temperatur 800 dərəcə C-yə qədər çatır. Bu istilik bacanın yaxınlığında olan digər yanan materialları da alovlandırır və yanğın qısa bir zamanda bütün binaya yayıla bilir.

Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir.

Yadda saxlayın! Tüstü bacalarının təmizlənməməsi həyatınız üçün təhlükədir!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir