Modern.az

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? - “Xüsusi qaydalar yoxdur”

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? - “Xüsusi qaydalar yoxdur”

24 Sentyabr 2017, 10:37

Diplomatik münasibətlərdə səfirlərin də üzərinə düşən öhdəliklər var. Xarici diplomatik korpus nümayəndələri öz aralarında ağsaqqal səfir seçir və bununla da görüşlərin təşkil olunması həyata keçirilir.

 

Bəs səfirlər arasından duayen yəni ağsaqqal seçilən şəxs xarici diplomatik korpusların nümayəndələrini necə bir araya toplayır?

 

Duayenin üzərinə düşən vəzifələr nədən ibarətdir?

 

Azərbaycanın Gürcüstandakı və Moldovadakı keçmiş səfiri Namiq Əliyev Modern.az-a açıqlamasında səfirlərin bir araya toplaşmasından danışarkən duayenin bu məsələdə rolunu istisna etməyib.

 

“Səfirlərin öz aralarından duayen-yəni ağsaqqal seçməsi normal haldır. Adətən daha çox vəzifədə olanlar ağsaqqal seçilir. Prinsip ondan ibarətdir ki, uzun müddət ölkədə səfir kimi fəaliyyət göstərən şəxs duayen olur. Təbii ki, səfir duayenlikdən imtina da edə bilər. Həmçinin duayenin üzərinə müəyyən vəzifələr qoyulur. Bu da müəyyən diplomatik tədbirlərin təşkil olunmasıdır. Səfirlərin ağsaqqalı o demək deyil ki, hamıdan yaşda böyük olmalıdır. Yaşda böyük olmaya da bilər. Əsas odur ki, səfirlərin ağsaqqalı olursan. Duayeni səfirlər özləri öz aralarından seçirlər. Hər bir səfir bilir ki,  kimin iş təcrübəsi daha çoxdursa,  o da duayen  olmalıdır”.

 

Namiq Əliyevin sözlərinə görə, səfirlərin bir araya toplaşması üçün xüsusi qaydalar yoxdur.

 

“Amma müxtəlif ölkələrdən təyin olunan səfirlər ara-sıra bir yerə toplaşır. Adətən bu cür görüşləri ölkənin ən uzunmüddətli səfiri həyata keçirir. Görüşləri uzunmüddətli təyin olunan səfir təşkil etsə də ümumi qayda yoxdur. Özləri necə istəyirlərsə, o formada da bir araya gəlirlər. Xaricdə səfir kimi fəaliyyət göstərdiyim vaxtlarda səfirlər bir araya gəlirdilər. Burada heç bir problem yoxdur. Müddətin sonunda mən də duayen olmuşam. Bu müddətdə 2 tədbir keçirmişəm. Adətən səfirlər bir yerə toplaşanda öz məsələlərini həll edirlər. Ona görə də bu cür görüşlər diqqətə çarpmır. Həmçinin, səfirin duayenlikdən imtina etmək haqqı da var. Ümumiyyətlə, duayenlik şərəfli bir vəzifədir”.

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir