Modern.az

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”

Aktual

24 Sentyabr 2017, 12:33

AXC hakimiyyəti dönəmində Milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, hazırda Azad Demokratlar Partiyasına (AzDP) sədrlik edən Sülhəddin Əkbərin bir neçə gün bundan əvvəl  “Dövlət siyasətinin əsasları” adlanan 607 səhifəlik  kitabı çapdan çıxıb.

 

Kitabda müəllif təkcə milli maraqların və milli təhlükəsizliyin qorunması ilə bağlı zəruri olan yeni anlayışlar sistemi yaratmaq və onun ətraflı izahını verməklə kifayətlənməyib, həm də müstəqil Azərbaycanın strateji gücünü, milli maraqlarını və milli təhlükəsizliyini, tarixi inkişaf perspektivlərini dərindən analiz edib, qiymətləndirilib və ortaya cəsarətli mövqe qoyub.

Məsələn, kitabda müstəqil Azərbaycanın milli təhlükəsizliyinə əsas təhdid və təhlükə kimi, qonşu Rusiyanın imperiya arzu və planları və bu niyyət və planlarını həyata keçirməkdə də Ermənistan Respublikasını necə yaratmasından və istifadəsindən geniş bəhs edilib, Rusiyanın bölgə ilə bağlı imperialist siyasəti kəskin tənqid edilib, həmçinin durumdan çıxış yolları göstərilib.

 

Sülhəddin Əkbər Modern.az-a açıqlamasında kitabın ali məktəb dəsrliklərinə salınması ilə bağlı müraciət etmədiyini deyib.

 

“Hələlik heç yerə müraciət etməmişəm. Hakimiyyət tərəfindən hər hansı xoş istək, məram hiss edərəmsə, o zaman müvafiq orqanlara müraciət edəcəm. Açığı, belə bir istəyin olacağına inanmıram”.

 

Kitabın müəllifi, qısa olaraq kitabdan da bəhs edib.

 

“Kitabda Azərbaycan Respublikasının dövlət siyasəti necə qurulmalı və necə həyata keçirilməlidir kimi məsələlər əks olunub. Dövlət siyasəti dedikdə isə iki tərkib hissə nəzərdə tutulur. Milli təhlükəsizliyin və milli inkişafın təmin olunması Milli təhlükəsizlik təmin edilmədən milli inkişafı təmin etmək mümkün deyil. Bir-birini tamamlayan iki tərkib hissədən ibarətdir. Digər bir məsələ isə kitabı satışa çıxarmamağımla bağlıdır. Bunun konkret səbəbləri var. Kitab qazanc əldə etmək üçün buraxılmayıb.  Sadəcə, kitab  öz ünvanına çatıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir