Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin "Axund vəzifəsi tədricən yığışdırılacaq və vahid idarəçilik sisteminə keçiləcək” açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik sünni-şiə mübahisəsini alovlandıra bilər:
“Sünnilərdə axund adı işlədildiyi halda, bu, şiələrdə imamdır. Bu səbəbdən axund sözünün yığışdırılıb, onun yerinə ancaq imam sözünün işlədilməsi sünnilərin narazılığına səbəb ola bilər. Bu qərar sünni-şiə problemini daha da alovlandıracaq, ona görə də qərarın mənfi nəticələrini nəzərə almaq lazımdır”.
Məsələ ilə bağlı QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı Modern.az-a açıqlamasında kütləvi informasiya vasitələrinə məsələnin mahiyyətini düzgün araşdırmağı tövsiyə edib:
“Çox təəssüf edirik ki, məzhəblərarası yaxınlaşmaya xidmət edən istilah (ifadə) reformasını bizim KİV-lər vətəndaş qarşıdurması kimi səciyyələndirməyə çalışırlar. Məsləhət görərdim ki, məsələnin mahiyyətini düzgün araşdırasınız”.