Modern.az

Prezident Salyanda Bayraq Muzeyinin və yolun açılışında iştirak edib

Prezident Salyanda Bayraq Muzeyinin və yolun açılışında iştirak edib

24 Sentyabr 2017, 15:01

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib.



Modern.az-ın məlumatına görə, prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.



Dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb, ərazidə geniş abadlaşdırma işləri görülüb. Bayraq Muzeyinin inşası bu il ərzində həyata keçirilib. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. Burada müstəqillik dövrümüzün tarixi hadisələrinə geniş yer verilib. Bütün bunlar həm Salyan gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

 

*****

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib.

 

Modern.az-ın məlumatına görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

 

Bildirilib ki, ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlətimizin başçısının ötən il imzaladığı sərəncamla “Azəravtoyol” ASC-yə həvalə edilib. Torpaq və çınqıl örtüklü olduğundan vətəndaşların gediş-gəlişinə maneələr yaradan avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirilmə işləri görülüb, yola asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhə quraşdırılıb, yola nişanlama xətləri çəkilib.

 

Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, kənd təsərrüfatı məhsullarının rahat şəkildə daşınmasına imkan yaranacaq.

 

Daha sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?