Modern.az

Müxalifət partiyaları Milli Şuranın mitinqinə qiymət verdilər  

Müxalifət partiyaları Milli Şuranın mitinqinə qiymət verdilər   

25 Sentyabr 2017, 14:05

Sentyabrın 23-də Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Aksiyada AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Milli Şura üzvləri Gültəkin Hacıbəyli, Rövşən Əhmədov və Nurəddin Məmmədli çıxış ediblər.

Maraqlıdır, digər partiyaların mitinqlə bağlı təəssüratları necədir? Daha sonra keçiriləcək mitinqlərdə partiyalar Milli Şura ilə əməkdaşlıq edə bilərmi?

Azərbaycan Demokrat Partiyasının sədri  Sərdar Cəlaloğlu Modern.az-a deyib ki, mitinq təşkilatçıların məqsədinə uyğun keçirilib:

“Mitinqə digər siyasi partiyalar da dəstək verdi. Bu çox yaxşı haldır. Amma məni bu mitinqlə bağalı bir sual çox maraqlandırır. Mitinqdən qabaq İslam Partiyası qapalı bir yerdə 25 illik yubiley keçirmək istəyirdi. Polis həmin yubileyin keçirilməsinə imkan vermədi. Amma bu mitinqdən bir neçə gün sonra Milli Şuraya mitinq keçirməyə icazə verilməsi müəyyən suallar doğurur. Bu mitinq hakimiyyətə nə qədər vacib oldu ki, bir partiyanın kiçik toplantısına icazə verilmir, amma meydanlarda korrupsiya əleyhinə şüarlar səsləndirən minlərlə insanın çıxışına imkan verilir. Bu sual məni çox düşündürür. Amma  bütövlükdə mitinq çox yaxşı təşkil olunmuşdu və hesab edirəm ki, hədəfinə də çatdı”.

Partiya sədri bildirib ki, xalqın geniş şəkildə mitinqə qatılmadığı bir şəraitdə mitinq keçirmək mənasızdırır.

“Əslinə  baxsaq, keçirilən mitinqlərin ictimai-siyasi proseslərə təsiri yoxdur. Milli Şuranın mitinqində bizim üzvlərimiz geniş şəkildə iştirak edib. Amma o ki qaldı partiya olaraq Milli Şuranın aksiyada iştirak etməyə, bu siyasi partiyalar nöqteyi-nəzərindən yanlış bir yanaşma olardı. Hər bir partiyanın özünün təşkilatı və siyasəti var. Düşünürəm ki, hər bir partiya verdiyi qərarı özü icra etməlidi”.

 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:


“Mitinqlə  bağlı əlavə söz  danışmağa ehtiyac yoxdur, bu, mitinq keçirilənlərin işidir. Milli Şura ilə birgə mitinq keçirməyə gəldikdə isə bu  barədə Müsavat Partiyasına hansısa təklif gəlməyib, əgər belə bir təklif olarsa, müzakirə edilə bilər”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov, aksiyanın keçirilməsini uyğun hesab etmədiyini  deyib.


“Belə mitinqlərin keçirilməsi üçün sosial sifariş olmalıdır. Sosial sifariş olmadığından camaat mitinqlərə dəstək vermir. Mitinq əsasən hökumətə təzyiq vasitələrindən, məqsədə çatmaq üçün əl atılan mübarizə üsullarından biridir. Qabaqcadan bilinirsə ki, mitinqin hər hansı bir təsir yoxdur, onu keçirmək mənasızdır. Mitinqə qərar verənlər yəqin ki, nəyəsə əsaslanaraq belə bir qərar veriblər. AMİP olaraq biz təşkilində iştirak etmədiyimiz heç bir aksiyada iştirak etməmişik, bundan sonra da elə bir fikrimiz yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir