Modern.az

Atalar və övladlar - “Avtobusda bir kişi atamın qulağına pıçıldadı ki, Adil Mirseyid intihar edib” - LAYİHƏ  

Atalar və övladlar - “Avtobusda bir kişi atamın qulağına pıçıldadı ki, Adil Mirseyid intihar edib” - LAYİHƏ    

25 Sentyabr 2017, 14:44

Modern.az saytının “Atalar və övladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simaların övladları onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, məşhur övladlar da dünyasını dəyişən ataları barəsində danışır, onların portretini gözümüz önündə canlandırır.

Bu dəfə bir neçə il bundan öncə dünyasını dəyişən rəssam-şair Adil Mirseyidin qızı Ayan Mirseyid atasını xatirələr və təəssüratların diliylə oxuculara təqdim edir.
Sizi Ayan Mirseyid və onun atalı xatirələri ilə baş-başa buraxırıq:

Bir portretin tarixçəsi, yaxud, giriş üçün...

-Hazırda xatirələri kino dili ilə desək, beynimdə montaj edirəm. Sizinlə söhbətimiz yeni dərs ilinin başladığı günlərə təsadüf edir. İstərdim ki, söhbətə də elə buradan başlayaq. Hələ də, həmin bir sentyabr  gününü xatırlayıram; bizim vaxtımızda məktəblər bir sentyabrda başlanardı. Biz ağdaşlıyıq. Yəqin ki, atamın yazılarında, şeirlərində tez-tez vağzal nostalgiyasına rast gəlmisən. Babam-atamın atası Ləki Dəmiryol Vağzalının rəisi olub. Atamın uşaqlığının bir hissəsi də o vağzalla bağlıdır. O, bəlkə də bu səbəbdən vağzalları çox sevərdi. Elə sizinlə söhbət edə-edə onun “Ləki vağzalında payız yağmuru” şeirini xatırladım. Bəlkə, söhbətə elə bu şeirlər başlayaq?

 

“qafiyəsiz şeirdi ləkidə payız
heç nəyin hətta ölümün belə
qafiyəsi yoxdu ləki vağzalında
bir dəfə çoxdan çoxdan lap çoxdan
ilk sevda qafiyəsiynən əl ələ
relslərin üstü ilə gedirdik
gedirdik gedirdik gözü yumulu
o qara sevda qafiyəsinin
özünü ötüb keçən qatarın təkərləri altına
itələdiyini görməsəydim mən də intihar edərdim
tütünün arağın qız dodaqlarının
aclığın umudun və gül qadınların
dadını bilmədən bu dünyadan gedərdim
bu hüzünlü yağmurda
ölümün qafiyəsini axtarıram
qafiyəsiz ləki vağzalında
bir zamanlar
bu yerlərdən ötüb keçən köçəri quşlar
ömrün ən gözəl röyasını
bu yerlərdə gördüklərini söyləmişdilər mənə”

(Qeyd: şeirdə müəllifin yazı üslubu- yəni, durğu işarələri və böyük hərflərdən imtina- saxlanılıb-red.)

Hə, keçək əsas məsələyə. Burada Ləkini xatırlamağım təsadüfi deyil. Elə ab-havasını yaşadığımız yeni dərs ili ilə bağlıdır. Mən birinci sinfə Ləkidə getmişəm. Atam bir müddət yaşadığı Qırğızıstandan Ağdaşa qayıdıb və orada ailə həyatı qurub. Ağdaş Rayon Mədəniyyət Evinin xalq teatrında rəssam işləyib.

Birinci sinifə getdiyim məktəb də Ləki vağzalına yaxın idi. Ora ilk addımımı elə atamla birlikdə atmışam. Xatırlayıram, məktəbə elə ikimiz getmişdik; sıraya düzüləndə də, sinif otağına daxil olanda da yanımda məhz atam dayanmışdı. Elə həmin gün dərsdən qayıtdığım zaman atam yağlı boya ilə məktəbli geyimimdə rəsmimi çəkdi....

Beşinci mövsümün adamı

- "Budda kimi öz adasını yaratmışdı - Adil Mirseyid adasını... Orda istədiyi adamlarla görüşərdi"Sanki  “beşinci mövsüm”də yaşayırdı. Bizə deyirdi ki, siz yaşayan dünyada dörd mövsüm var, mən beşinci mövsümün şairiyəm”.
“Beşinci mövsüm” yalnız atamın ruhuna məxsus idi. Şeirlərini də fırça ilə yazırdı. Onun yaradacılıq prosesi mənə çox maraqlı gələrdi; əlinin altında hər zaman ağ kağız və kətan olardı. Həmişə rəssamlıqla şairliyi bir arada tutardı. Emalatxanası demək olar ki, heç zaman olmayıb. Bütün şeir və rəsmlərini bayaq dediyim xəyali odada yazıb, çəkib. O “otaqdan” isə bir parça kağız, sulu boya, kətan və bir də tənhalıq heç zaman əskilməzdi.

Barış Manço olmaq həsrəti

-Adil Mirseyid Qərbdə - məsələn, Fransada, İtaliyada doğulsaydı, ömrünü bütünlüklə təsviri incəsənətə həsr edərdi. Amma Tanrı onun üçün  Şərqi seçmişdi. Rəsmləri əslində, bir şairin çəkdiyi “şeirlər”, şeirləri isə bir şəhərin diktəsi ilə rənglənən nöqtəsiz, vergülsüz, “rəsmlər” idi....  

Cavanşir Yusifli  atam haqqındakı bir yazıda deyirdi: “Adil Mirseyidin şeirlərində uçmaq, ayağını yerdən astaca götürüb mavi boşluqlara pərvazlanmaq ehtirası güclüdür. Adil Mirseyid öz üslubu ilə doğulan şairdi. Onun yaratdıqları çoxlarının ağlına gəlməzdi. Adil Mirseyid Azərbaycan poeziyasının yeni mərhələsidir”.

Rüstəm Kamal isə deyirdi ki, Adilin şeirlərini bütünlüklə qavramaq üçün gözlərlə eşitməyi öyrənmək lazımdı.

Atam şeirləri musiqiyə qısqanardı. Elə bu səbəbdən, mahnı sözləri yazmazdı. Şeirlərinə mahnı bəstələnməsini istəməzdi. Vəfatından sonra atama yaxın dost olan qocaman bəstəkarlarımızdan biri mənimlə söhbətdə  ən çox bəyəndiyim şeirlərini seçib ona yollamağımı istədi. O şeirlərdən bir neçəsinə mahnı bəstələmək fikri var idi. Amma üstündən xeyli vaxt keçsə də, hələ də göndərməmişəm. Daha doğrusu, göndərə bilməmişəm. Hər dəfə bunu etmək istəyəndə atamın şeirlərini musiqiyə qısqanması, bəstələrdən uzaq qaçması gözlərimin önünə gəlirdi. Bəlkə də, həmin bəstəkar da məndən incidi. Amma göndərə bilmədim.

Atam hərdən zarafatyana deyərdi ki, “səsim də olmadı ki, Barış Manço kimi oxuyum”. Amma hər zaman ürəyində oxuyardı. Elə oxuduğu melodiyanı da şeirə çevirərdi.

Əvvəlki həyatın şairi

- Xəyallarının ölkəsi Fransa, röyalarının şəhəri Paris idi. Adil Mirseyidə elə gəlirdi ki, əvvəlki həyatında Fransada doğulub. Atamın öz sözlərilə deyim: “Qərbdə – Fransada, İtaliyada və ya İspaniyada doğulsaydım, həyatımı bütünlüklə təsviri sənətə həsr edərdim. Uca Tanrım mənim ruhumu Şərqə göndərdi, göbəyim bu torpaqda kəsildi. Tale məni hara atsa, yenə vətənə, məzarım olacaq torpağa döndüm”.

Hər zaman “Mən şərqliyəm” deyərdi: “Şərqdə forma ruhi dünyanın örtüyüdür. Şərqli sənətkar rəmzlər vasitəsilə düşünür – ornamentlərimiz bunun əyani sübutudur. Şərq sənəti insanın ruhi dünyasını formalaşdırır. Bu mənada mənim Pikasso ilə dialoqum uzun illərdi davam edir. Mən özümü avropalı kimi hiss etmirəm – mən şərqliyəm. Şərqliyəm, Şərq isə miniatürdür. Miniatür isə sözdür, poeziyadır”.


Belə bir xatirə də danışırdı: “Bir axşam, 6-7 yaşlarında nənəmlə qohumumuzgildən gəlirdik. Yoldan gözəl bir qəlyan tapdım. Nənəm qəlyanı mənə verdi, dedi ki, gizlət, heç kimə göstərmə, böyüyəndə çəkərsən, kişi qəlyan çəkər”.

2005-ci ildə “Yuğ” teatrında “Vernisaj” kitabının təqdimatı keçirildi. Dostu Eyvaz Əlləzoğlu atama tədbirdə bir qəlyan bağışlamışdı. Eyvaz Əlləzoğlunun vəfatından sonra atam bir də qəlyan çəkmədi. 

 

Söz və rəng arasındakı həyat...

-Sözün rəngini görür, qoxusunu duyurdu. Tez-tez uşaqlığından xatirələr danışardı.  Bəzən, uşaqlıqda pəncərə şüşəsinə çəkdiyi rəsmləri xatırlayırdı. 

Sevimli janrı natürmort idi. Natürmort ona çox rahatlıq gətirirdi. Ən çox da nar çiçəklərini sevirdi. Bəzən, görərdik ki, ovqatı yaxşı deyil. Tez ona nar ağacından, ya meyvələrindən natürmort hazırlardıq. Onları çəkib dincələrdi. Ümumiyyətlə, rəsm çəkmək onun ruhunu rahatlaşdırardı.

Dünyadan şair-rəssama “hədiyyə”

-Atamın maraqlı bir deyimi var: “Bu dünyada, bu gözəlim dünyada yazmaq istərdim, amma dilimin ucuna “fani dünya” kəlməsi gəlir”.
Bəli, bu fani dünyada pərvanətək özünü yanan çırağın atəşinə atan, qədərini öpüb gözü üstünə qoyan aşiqlərin üz-gözündən Haqqdan gələn bir xəfif işıq sayrışır. Adil Mirseyid 2011-ci ildən ağır qaraciyər xəstəliyindən əziyyət çəkirdi. 2014-cü ilin iyun ayına kimi, yəni ömrünün son bir ayına qədər yazı yazdı, rəsm çəkdi. Son bir ayı isə xəstəxanada reanimasiya şöbəsində yatdı. Həmin dövrdə heç nə yaza bilmədi. Bir ay öncəyə qədər – onun “Ekspress” qəzetindəki “Art ekspress” səhifəsi var idi – hər həftənin şənbə günləri esseləri yayımlanırdı. Ömrünü, canını yazıya verən adam üçün, əlbəttə, yaza bilməmək çox ağır idi. Xəstəxanada qısa bir müddətdə özünü yaxşı hiss edən zaman onu normal şöbəyə – palataya köçürdülər. Dost-tanışları ziyarətinə gəldi. Xəstəxanaya kitablarından aparmışdıq. Bir nəfərə kitab imzalamalı idi, təsəvvür edin, əli qələm tuta bilmədi, üzümə baxdı, məndən kömək istədi... Çox kədərli, ağrılı idi, ürəyim parçalanırdı”.

 

HAŞİYƏ- “Gizli dərd”

 -Atamın gizli dərdi, içindəki ən böyük problemi ev məsələsi idi. Ömrü boyu onu özünə dərd etdi. Çox vaxt gözlərinə baxdıqda məhz bunun acısını çəkdiyini duyurduq. İnsana baxırdı, danışırdı, gülürdü, amma gözlərinin gizli-gizli ağladığını görürdük. Amma üzə də vurmurdu ki, biz də  pis olmayaq. Biz isə təbii ki, anlayırdıq.  Bu barədə danışanda hər zaman deyirdi ki, mənə ev lazım deyil. Ev sizə lazımdı. Amma dünyasını dəyişəcəyini də hiss edirdi və məhz bizə görə narahat olurdu.



Gənclik “xatirəsi”

-Xəstə olub yatağa düşəndə ona baş çəkmək üçün bizə çox adam gəlirdi. Ev gecə-gündüz ziyarətçilərlə dolub-boşalardı. Rəssam, şair dostları, jurnalistlər, həkimlər, bir sözlə, hər sahədən olan  dostları bizə gələrdilər. Xəstəliyinin ilkin vaxtlarında Aqil Abbas ona baş çəkmişdi. Çox sağ olsun,  əlidolu gəlmişdi, gətirdiyi sovqatların yanına  bir şüşə araq da qoymuşdu. Atam dedi ki, 10 ildən artıqdır, içki içmir, indi isə heç içə bilməz. Həmin gün çox zarafatlı keçdi. Aqil Abbas dedi ki, “arağı sənin gənclik günlərini xatırlamaq üçün zənbilə qoymuşam”. Atam da qayıtdı ki, “elə mən də bunu gənclik günlərinin bir yadigarı kimi saxlayacağam”.

Aqil müəllimin özü də o vaxt xəstə idi. Ayağı sınmışdı, sağ olsun, gipsdə ola-ola atamı ziyarətə gəlmişdi. 

Yadan çıxmayan, unudulmayan dost ziyarətlərindən biri də Rafiq Həşimovla Vəli Səyyadinin bizə gəlişi olmuşdu. Onda dekabr ayı idi, atamın ad gününə bir neçə gün qalmışdı. Çox gözəl gün keçdi; Rafiq Həşimovun Səttar Bəhlulzadə haqqında çəkdiyi filmə baxdılar. Orada atam da kiçik rol almışdı. Xeyli zarafatlaşdılar, deyib-güldülər. Bunları ona görə deyirəm ki, o vaxtlar atamın halı çox pis idi. Çoxdan idi ki, bu qədər sevinməmişdi. Onların gəlişi  ruhunu sanki təzələmişdi. Bir neçə gün bu görüşün ovqatı onda qaldı. Elə hey xatırlayır, gülümsəyərdi. Həm də, bu, onun sonuncu ad günü idi... Biz atamın son doğum gününü bu cür qeyd etdik...


HAŞİYƏ-2- “Sonuncu rəsm” -Əbədiyyətin portreti”

-Xəstəxanada olanda Rafiq Həşimovla Səlim Babullaoğlu ziyarətinə gəlmişdilər - sağ olsunlar, tez-tez atama baş çəkərdilər, onu tək qoymazdılar – söhbət əsnasında, atam Səlim müəllimə Nazim Hikmətdən bir misra dedi: “Sonu xoşbəxtliklə bitən kitablar yollayın mənə....”.
Vəziyyəti ağırlaşandan sonra yenidən reanimasiyaya köçürdülər. Öləcəyini bilirdi - anama demişdi bunu – odur ki, təkidlə evə aparılmasını istədi, biz də gətirdik... Amma bizimlə heç iki gün yaşaya bilmədi: 63 yaşında əbədi yuxuya getdi.


Bir möcüzənin portreti

-Atamda məlum xəstəlik 2011-ci ildə başlandı. Həkimlər o zaman xəstəliyi təsbit edib, diaqnoz qoydular. Atama üç,  maksimum altı  ay ömrünün qaldığını dedilər. Payız ayları idi... Yayda bitən bir sarı rəngli çiçək var, adını unutmuşam. Elə məqsədsiz şəkildə, onun tumlarını dibçəyə atdım. Amma bilirdim ki, bu, yayda bitən çiçəkdir. Lakin möcüzə baş verdi: həmin gül qışın ortasında çiçəklədi. Xoş rayihəsi evə doldu. Bu, hadisə sanki hamımıza bir ümid verdi. Adını da  “Umud çiçəyi” qoydum. Atama dedim ki, sən yaşayacaqsan; yayda bitəcək gül qışın ortasında bitibsə, bunun özündə də bir nişanə var... O cür də oldu: Biz sonradan həkimə getdik. Həkimlər gözlərinə inanmırdılar. Çünki atam  xeyli yaxşılaşmışdı. Onların dediyi üçaylıq vaxtdan da keçmişdi. Atam ayağa durduğunda ona dedim ki, sən o “Umud çiçəyi”nin rəsmini çəkməlisən. Elə özümüz də buna can atırdıq, ailəliklə atamın bu işini izləyirdik. Görürdü ki, biz onun rəsm çəkməsinə necə tamaşa edirik, daha da həvəslənirdi. O rəsm bu gün də bizdədir. Atamdan yadigar qalan bir ümid nişanəsi kimi....

 

Hərbi xidmət, “Beatles” və Con Lennon...

-Hər zaman xoş xatirələri xatırlamağı sevirəm. Elə sənə də onlardan birini danışım: Atam hərdən əsgərlik həyatından maraqla danışardı. Hərbi xidməti Estoniyada keçirib; polkun rəssamı olub.
Deyirdi ki, onu qarovula, növbəli xidmətlərə göndərməzdilər. Emalatxanaya oxşayan balaca bir otağı var imiş. Orada əyani təşviqat vasitələrini çəkərmiş. Elə işləyə-işləyə “Beatles” qrupunu dinləyər, gizlincə Con Lennonun rəsmini yaradırmış. Bir dəfə hərbi hissədə “zampolit”( hərbi hissə komandirinin müavini) atamın “emalatxana”sına gələrək, Con Lennonun rəsmini görür və onu müsadirə edir. Atam danışardı ki, sonradan bilib ki, Con Lennonun həmin portreti sovet ordusunun yüksəkçinli məmurlarından birinin evindəki divardan asılıb....

 

“O, Pikassonu çox sevərdi...”

 

-Atamın hər zaman sevərək danışdığı bir lətifə də var: O zaman məşhur bir qəzetdə şair Böyükişi Heydərli bunu uydurmuşdu. Amma kifayət qədər böyük maraqla qarşılandı.
Deməli, lətifədə deyilirdi ki, qəzetlərin biri ilk səhifəsində yazır ki, şair-rəssam Adil Mirseyid intihar etdi. Son səhifəsində isə qeyd edir ki, Adil Mirseyid yenidən doğulub. Qəzetsatan da  avtobusda qışqırır ki, yeni xəbər var, şair Adil Mirseyid intihar edib. Bu zaman sən demə, atamın özü də avtobusda əyləşibmiş. Yanındakı kişi əyilib qulağına deyir ki, xəbəriniz var nə olub, Adil Mirseyid rəhmətə gedib. Atam  da cavab verir ki, Allah rəhmət eləsin, mərhum Pikassonu çox sevərdi ...


N.Nihad

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu