Modern.az

Bakıda taksi sayı üçün kvota müəyyənləşdiriləcək - RƏSMİ

Bakıda taksi sayı üçün kvota müəyyənləşdiriləcək - RƏSMİ

26 Sentyabr 2017, 11:41

Bakıda taksi xidmətlərinə tələbatın artması bu sahədə çoxsaylı şirkətlərin yaranmasına səbəb olub. Bazarlarda ənənəvi taksilərin (fərdi taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin) payı azalır, şirkətlərin əhatə dairəsi sürətlə genişlənir. Hazırda Bakı şəhərində bir neçə iri taksi xidməti fəaliyyət göstərir.

TaxiTap, Taxi24,UberX, 189 və digərlərinin adlarını çəkmək olar ki, hər gün yüzlərlə müştəriyə xidmət göstərirlər. Artıq Bakıda “London taksiləri”nə tələbat azalıb.

Maraqlıdır ki, hər gün yeni taksi xidmətləri peyda olur. Yenisi çıxdıqca, o birilərini sıradan çıxarır.

Yayılan məlumatlara görə, şəxsi maşınından taksi kimi istifadə edənlərin fəaliyyəti məhdudlaşdırlacaq.


Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Modern.az-la söhbətində bu sahədəki vəziyyətdən danışıb.

“Bakı Nəqliyyat Agentliyi taksi xidmətinin inkişafı istiqamətində tədbirlər həyata keçirməkdədir. Bir çox yeniliklər nəzərdə tutulub. Öncə onu bildirmək istərdim ki, əvvəlki illərlə müqayisədə bu gün taksi xidməti sahəsində yaxşı mənada xeyli dəyişiklik var. Bu gün fərdi minik avtomobili ilə taksi xidməti göstərmək istəyənlər üçün hər hansı bir maneə yoxdur. Rahat şəkildə fərqlənmə nişanı almaqla bu fəaliyyət növü ilə məşğul ola bilərlər”.


Mais Ağayev yeniliklərin olacağını istisna etməyib.

“Lakin görüləsi işlərimiz çoxdur. İlk növbədə taksi fəaliyyəti ilə məşğul olan sürücülərin peşəkarlığının artırılması vacib missiya olaraq qarşımızda durur və bununla bağlı müəyyən tədbirlərimiz var. Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzdində “Sürücü təlim mərkəzi” yaradılıb. Hazırda bu mərkəzdə avtobus sürücüləri təlim keçir. Gələcəkdə taksi sürücülərinin də bu təlimlərə cəlb edilməsi planlaşdırılır. Taksi xidməti ilə bağlı nəzərdə tutulan digər vacib məqam inkişaf etmiş şəhərlərin praktikasına uyğun olaraq Bakıda da taksilərlə bağlı kvotanın müəyyən edilməsidir. Həmçinin hava limanında taksi xidmətinin keyfiyyətinin artırılması üçün xüsusi layihə işlənib hazırlanıb”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir