Modern.az

Nəğmələrlə dolu ürək

Nəğmələrlə dolu ürək

26 Sentyabr 2017, 16:59

Əllini aşırdın yüzə nə qaldı     
Aşıq Əli


Azərbaycan tarixində qadın hökmdarı Nüşabənin öz bacarığı, möhkəm iradəsi, yüksək dövlətçilik qabiliyyətinə malik olması zaman-zaman ədəbi əsərlərə, dastanlara köçürülüb, dillərdə dolaşıb. Böyük Şeyx Nizaminin “İsgəndərnamə” əsərində Bərdə hökmdarı Nüşabənin dünya fatehlərindən olan Makedoniyalı İsgəndəri öz ayağına gətirməsi, eyni ranqda söhbətlər etməsi böyük bir oxucu nəslinin yaddaşında həkk olub. Bəlkə də elə ona görədir ki, hər bir valideyn yenicə göz açan körpə qızlarına ad seçərkən məhz “Nüşabə” isminə müraciət edirdilər.                  
Görünür, 50 il öncə Azərbaycanın dilbər guşələrindən olan Şəkidə yaşayan Solmaz xanım və Ələsgər kişi Nüşabə şəxsiyyətinə örnək kimi yenicə doğulan qızlarına məhz “Nüşabə” adını vermək qərarına gəldilər...                                           
Zənnimcə, heç də yanılmadılar. Çünki, məhz bu körpə qızcığaz da adaşı kimi illər sonra vətəninə, millətinə, dövlətinə xidmət yolunu seçdi.                                 

Bəli, söhbətin şux təbiətli, səsində gül ətri, yaz təravəti duyulan sevimli müğənnimiz əməkdar artist, Nüşabə Ələsgərlidən getdiyini möhtərəm oxucular yəqin etdilər...                                                                                              
1967-ci il qarlı bir qış günündə, dekabrın 21-də Şəkidə Ələsgər kişinin ailəsində bir qız uşağı dünyaya gəldi. Valideynlər öncə qeyd etdiyim kimi, heç bir tərəddüd etmədən ona Nüşabə adını verdilər. Onlar bu adın məsuliyyətini bilirdilər. İnanırdılar ki, gələcəkdə Nüşabə xalqına, dövlətinə layiq bir övlad kimi yetişəcək, həyatını bütövlükdə ona həsr edəcəkdir.                                                                      
Körpəlikdən onun musiqiyə həvəsi diqqətdən kənarda qalmırdı. O, uşaq ikən ağlayarkən belə evdə radiodan musiqi səsi gələndə gözləri bir an işıldayar, musiqili dünyaya qərq olardı. Bu hisslərin nəticəsi idi ki, 6 yaşlı Nüşabə sazda ifa etməyi bacarırdı.                                                                                                        
Beləcə, illər keçdi. Məktəbli oldu. Lakin musiqi dərslərində xüsusilə seçildi. Tənəffüs zamanı, evdən məktəbə, məktəbdən evə gələrkən bütün yol boyu zümzümə edərdi. Ətrafda olan dəstə qızları başına toplayar, onlar üçün sevdiyi, əzbərlədiyi mahnıları ifa edərdi.                                                                              
Ailə vəziyyəti ilə əlaqədar 1976-cı ildə Sumqayıta köçən Nüşabə Ələsgərlinin uşaqlığı qaynar gənclik şəhəri Sumqayıtda keçdi. Şəhər həyatına alışdı. Tez-tez məşhur “Xarüqələr yaradır, el Sumqayıtda” mahnısını dinləyər, zümzümə edərdi. Bir sözlə bütün canı ilə, qanı ilə musiqiyə köklənmişdi. Məhz bu bağlılıq onu Sumqayıtdakı 3 saylı musiqi məktəbinin fortepiano sinfinə gətirdi. O zaman 7-ci sinifdə oxuyan Nüşabə “Oxu tar” musiqi müsabiqəsinin qalibi olur.         

1982-ci ildə Sumqayıt şəhər Soltan Hacıbəyov adına orta ixtisas musiqi məktəbinin xor drijorluğu sinfinə daxil olur. 1986-cı ildə məktəbi fərqlənmə diplomu ilə bitirən Nüşabə eyni ixtisas üzrə Bakı Musiqi Akademiyasına daxil olur, ali təhsil alır. Musiqi nəzəriyyəsinə, onun dərin biliklərinə yiyələnir. Tez-tez dövlət tədbirlərində çıxışları ilə tamaşaçı rəğbəti qazanır. Yavaş-yavaş professional səhnələrdə görünməyə başlayır. İstedadı, məlahətli səsi ilə insan qəlbinə yol tapan Nüşabə 1991-ci ildən 1995-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solisti, daha sonra isə, 1998-2006 –cı illərdə Azərbaycan Dövlət Televizia və Radio Verilişləri şirkətində solist kimi fəaliyyət göstərir. Beləliklə də, böyük səhnələrə, arenalara yol açır. Türkiyə, Almaniya, İsveç, Norveç və s. xarici ölkələrdə konsert proqramları ilə çıxışlar edir...                                                                
Ötən əsrin 90-cı illərində AzTV-də Nüşabə Ələsgərlinin ifasında dəniz kənarında, qayalar üstündə bir musiqi nömrəsi nümayiş etdirildi. Mahnının adı “İspanyola” idi. Bu o ifanı dinləyərkən, məlahətli, hədsiz həzin səsi məni valeh etdi. Bir növ onu özüm üçün kəşf etdim. Bir neçə ildən sonra onunla canlı görüşmək mənə də nəsib oldu. Azərbaycan Dövlət Televiziyasının ədəbi-dram  və musiqi verilişləri redaksiyalarında əməkdaşlıq etdiyim illərdə, daha dəqiq desəm, 1998-ci ildə Xalq şairi Hüseyn Arif haqqında “Dünya fikir dünyasıdır” adlı veriliş hazırlayırdım. Verilişin rejissoru əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə  mahnı ifa etmək üçün Nüşabə xanımı dəvət etmişdi. Çəkiliş Nəbatət bağında aparılırdı. Orada ilk dəfə Nüşabə xanımla tanış olduq. Həmin çəkilişdən sonra bizim əməkdaşlığımız və dostluğumuz başladı. 1 il sonra Abşeron rayonunda Mədəniyyət sarayında XX əsr Azərbaycan Təsviri sənətinin ən görkəmli nümayəndələrindən olan, ilk plakatçı rəssam, əməkdar rəssam Hacıağa Nəzərlinin 75 illik Yubiley gecəsi keçirildi. Tədbirin ssenari müəllifi mən idim. Tədbir bütünlükdə AzTV tərəfindən lentə alınırdı. Nüşabə xanım orada canlı olaraq bir neçə mahnı ifa etdi. İlahi, zalda oturanların alqışlarını sözlə ifadə etmək mümkün deyildi. O qədər gözəl ifalar etdi ki, zalda oturanların qəlbinə yol tapa bildi. Orada bir daha əmin oldum ki, Nüşabə xanım sevilən müğənnidir. Özünü professional müğənni kimi təsdiq edə bilib.                                                                                      


Nüşabə Ələsgərlini digərlərindən fərqləndirən cəhət odur ki, o sənətə təsadüfi gəlməyib.    

O, sənətə musiqi sahəsindəki bütün məktəb pillələrini fəth etdikdən, dərin musiqi biliyinə, savadına yiyələndikdən, sənətkarlardan öyrəndikdən sonra  kamil, yetkin, peşəkar bir müğənni kimi gəlib, özünü təsdiq edib. Nəğmə onunçun bir kainat, qol-qanad, əsl həyatdır. Özü dediyi kimi, nəğməsiz o, coşmaz, dünyada yaşamaz. Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli mərhum İlhamə Quliyeva onun haqqında belə deyirdi: “Nüşabə Ələsgərli mənim ən çox sevdiyim, sənətinə, şəxsiyyətinə dəyər verdiyim müğənnilərdəndir. O, yüksək səhnə və efir mədəniyyəti ilə, gözəl musiqi duyumu, gözəl, məlahətli, həzin səsi ilə fərqlənir. Sənətin şöhrətində inamla addımlayır. O, sənətkardır. Özünə dəyər verən, nəcib xanımdır...”                                                                                    

Həqiqətən də, bu sözlərdə hikmət, dərin məna vardır. Doğrudan da, Nüşabə Ələsgərli yüksək intellektə, mənəviyyata, dərin zəkaya malik nəcib bir xanımdır. O, daim sənətlə məşğuldur. Biliyini artırır, yeni mahnılar üzərində çalışır. Lağlağılıq, kiminsə arxasınca danışmaq, riyakarlıq, ikiüzlülük, aravurma, qeybət bu xanıma tamamilə yaddır. Onunçün həyatda bir deviz var: “Öz səsimlə, sənətimlə xalqıma xidmət etmək, tamaşaçı sevgisi, alqışı qazanmaq, Azərbaycan musiqi mədəniyyətinin təbliğ və inkişaf etdirmək, hər zaman ləyaqətimi qorumaq”.         
Nüşabə Ələsgərli öz repertuarını zənginləşdirmək, tamaşaçıların zövqünü oxşamaq üçün, yeniliklərə imza atmaq üçün gərgin çalışır, yeni-yeni mahnılarla insan qəlbinə daxil olur. Müğənnilik sənətində səslə, musiqi duyumu ilə yanaşı, ən vacib elementlərdən biri estetik mədəniyyətdir, nitq mədəniyyətidir. Məhz, bu cəhətlərə, eləcə də savadlı ədəbi dilə malik olan Nüşabə xanım bir müddət televiziya kanallarında özünü aparıcı qismində sınayıb. Aparıcısı olduğu “Qonaq otağı” , “Göz dəyməsin” televiziya verilişləri tələb olunan, baxılan, sevilən, alqışlanan verilişlərdən olub. “Qayınana əməliyyatı” televiziya tamaşasında, “Yanmış körpülər” serialında, “Yol yoldaşları”, “Adam ol” filmlərində aktrisa qismində yadda qalan obrazlar yaratmağa da müvəffəq olub.                                 

2005-ci ildə Şəhriyar adına Mədəniyyət mərkəzində, eləcə də Akademik Milli Dram teatrında, 2006-cı ildə isə Moskvada “Rossiya” konsert salonunda konsert proqramı ilə çıxış etmişdir. Ayrı-ayrı illərdə “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində Qax, Zaqatala, Balakənd, Şəki, Quba, Goranboy, Nərimanov rayonlarında və Sumqayıt şəhərində solo konsertlərlə çıxış etmişdir. O, bunların öhdəsindən böyük şövqlə, sevgi ilə, yüksək peşəkarlıqla gəlmişdir. Nüşabə öz peşəkarlığı, biliyi, musiqiyə və ədəbiyyata dərin bələd olması, yüksək səhnə və efir mədəniyyətini göstərməklə tamaşaçıda böyük zövq hissi aşılamağa nail ola bilmişdir.                                                                                                                        
Hər dəfə Nüşabə xanımla söhbət edəndə o deyir ki, mən hər bir zaman böyük sənətkarlardan öyrənirəm. Onların sənət dünyasına dəfələrlə baş vurur, özüm üçün hansısa yeni detallar kəşf edirəm. O, böyük iftixar hissi ilə canlı korifey, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Milli məclisin deputatı, “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenli Zeynəb Xanlarovanı sevdiyindən onun həm sənətinə, həm də şəxsiyyətinə böyük önəm verdiyindən bəhs edir. Məncə, Zeynəb xanım da Nüşabə Ələsgərliyə böyük dəyər verir. Bəlkə də, bu dəyərin nəticəsidir ki, oğlunun toy məclisində yer alan çox kiçik müğənnilər sırasında Nüşabə Ələsgərli də iştirak etmiş, bu dünya şöhrətli, dahi müğənninin, ustad sənətkarın qarşısında canlı ifa etmişdir...                                                          

Nüşabə Ələsgərli çox ünsiyyətcil, diqqətcil, təvazökar, həssas qəlbli, həyatsevər, yüksək auraya malik sənətkardır. Sədaqət, etibarlıq, vəfalıq, sadəlik, səmimilik onu səciyyələndirən cəhətlərdəndir. O, həm də sabitqədəm dostdur. 20 ilə yaxın bir dövr ərzindəki dostluğumuz ailə üzvlərimə də sirayət edib. Ailəmdə hər kəs onu sevir, ona rəğbət bəsləyir...                                                                       


Yaxşı yadımdadır, 2001-ci ildə çox istedadlı, sevilən bəstəkar Rauf Məmmədovun qızımın dünyaya gəlməsi ilə əlaqədar mənim sözlərimə yazdığı “Azadə” mahnısını məhz, Nüşabə Ələsgərli ifa etdi. Mahnı dəfələrlə Azərbaycan Televiziyasında nümayiş etdirildi. Bu mahnı ailəvi dostluğumuzu daha da möhkəmləndirdi. Ona hörmət, ehtiram, rəğbət və sevgini artırdı. O, mahnını böyük şövqlə, duyaraq ustalıqla ifa etdi. Çünki, o, özü ilk növbədə 2 uşaq anası idi. Uşaqların mənəvi dünyasına, onların psixologiyasına dərindən bələd idi. Bəlkə də bu hisslər Nüşabə xanımı sonradan pedaqoji fəaliyyətinə başlamasına təkan verdi, gənclərlə işləməyə sövq etdi. 2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik edən Nüşabə xanım gənc nəslin təlim- tərbiyəsində, onların musiqi mədəniyyətinə yiyələnməsində peşəkar mütəxəssis kimi, sənətçi kimi formalaşmalarında, kamilləşmələrində bu gün də əzmlə çalışır.                   

Ensiklopedik biliyə malik Nüşabə xanım, musiqi elminə öz töhfəsini vermək üçün elmi işlə də məşğul olur, mükəmməl dissertasiya işi ərsəyə gətirmək üçün bütün var-qüvvəsini, biliyini bu işə səfərbər edir.                                                          
Çoxşaxəli istedada malik Nüşabə xanım tez-tez xarici səfərlərdə, qastrollarda olur, Azərbaycan musiqisini özünəməxsus tərzdə böyük ustalıqla tərənnüm və təbliğ edir. Öz ecazkar səsi ilə, gözəl mahnıları ilə xarici tamaşaçıları, dinləyiciləri ovsunlayır, onların qəlbinin rübab tellərini oynatmağı bacarır. O, mahnıları ilə təkcə estetik mədəniyyət aşılamır, həm də onların mənəvi aləminə dərin estetik təsir göstərir. Ən başlıcası, o öz sənətində “Nüşabə cığırı” açmağa müvəffəq olub.                                                                                                           

İllər ərzində qazandığı təcrübənin, tamaşaçı rəğbətin, alqışın, yeni-yeni mahnı çələnginin, artıq səhnədə öz sözünü deyə bilməsinin, özünü təsdiq etməsinin və s. nəticəsi idi ki, o, 1998-ci ildə indiki Heydər Əliyev sarayında hesabat konserti verdi. Böyük anşlaqla, sürəkli alqışlarla müşayiət olunan konsert proqramında Nüşabə Ələsgərli əsl sənət nümayiş etdirməyə müvəffəq oldu.                                      
Bütün dövlət konsertlərində, tv və radio efirlərində o, pərəstişkarlarını öz səsi ilə sevindirir, ruhunu oxşayırdı.                                                                                   

Uzun illər Azərbaycan musiqi mədəniyyətinin və incəsənətinin inkişafındakı səmərəli xidmətləri nəzərə alınaraq o, “respublikanın əməkdar artisti” fəxri adına layiq görülüb.                                                                                                          

“Ürəyimlə bacarmıram, neyləyim”, “Sevdalıyam”, “Qəlbimə vurma yara”, “Gözəldi gözlərin”, “Gözlərimin işığı”, “Yarım nədən gəlməz oldu”, “Biri sənsən, biri mənəm”, “Sənə də qalmaz” və s. mahnıları bu gün ən çox sevilən, oxunan mahnılardandır.                                                                                             
Lirik, gözəl mahnıların mahir ifaçısı, şirin, məlahətli səsə malik Nüşabə Ələsgərli xalq və bəstəkar mahnılarını yüksək şövqlə, təkrarsız ifa tərzi ilə dinləyiciyə çatdıra bilir. Heç kimi təqlid etməyən müğənni repertuarında türk, rus və s. mahnılarına da yer verir, özününküləşdirir, yeni tərzdə pərəstişkarlarına ərmağan edir.                                                                                                               

Bütün bunlarla yanaşı, Nüşabə xanım həm də çox sevilən həyat yoldaşı, ana, bacı, övladdır. Onun istər valideyinlərinə, istər bacı-qardaşına, istərsə də övladlarına münasibəti digərləri üçün örnək ola biləcək keyfiyyətdir.                                    

Nüşabə Ələsgərli vətəninə, dövlətinə, xalqına bağlı olan vətənpərvər, fədəkar bir sənətkardır. Dövlətçiliyə, iqtidara qırılmaz tellərlə, sevgi və məhəbbət hissləri ilə bağlıdır. Ölkənin həm də ictimai-siyasi həyatında fəallığı ilə də seçilir. Daim Prezident, Milli Məclis, Bələdiyyə seçkilərində, Referendumlarda öz fəallığı ilə dövlət mənafeyindən çıxış edərək, daim iqtidarın yanında olub, sadiqliyini nümayiş etdirib.                                                                                                                

Nüşabə xanım iftixarla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyevanın respublikanın inkişafındakı böyük xidmətlərindən, xüsusilə də Azərbaycan mədəniyyətinin inkişafına, sənətkarlara verdikləri qiymətlərdən bəhs edir. O, deyir ki, bu böyük şəxslərin rəhbərlik etdikləri Müstəqil Azərbaycanın vətəndaşı və sənətkarı olmağımla həmişə fəxr edirəm.                                                                                      
Nüşabə Ələsgərlinin yaradıcılığında 2 cəhəti dəyərləndirirəm. 1. Sövq, sənət. 2. Musiqi və estetik mədəniyyəti.                                                                                 
Cəsarətlə deyə bilərəm ki, onun yaradıcılığı çağdaş musiqi ifaçılığı salnaməsinin parlaq səhifələrini təşkil edir.                                                                    

O öz gözəl, nurlu siması, təmiz ürəyi, nümunəvi davranışı, həzin bənzərsiz ifa tərzi ilə pərəstişkarların məhəbbətini qazanıb, mahnıları ilə onların, ailələrin evinə pənah aparır.                                                                                                 
Tükənməyən istedad sahibi olan Nüşabə Ələsgərli qaynar bulaq, çağlayan dağ şəlaləsinə bənzəyən bir müğənnidir.                                                                        
O, öz istedadına, bacarığına, dərin ensiklopedik biliyinə güvənən sənətkardır.                                                                                                                 
Qarşıdan Nüşabə Ələsgərlinin anadan olmasının 50 illik Yubileyi yaxınlaşır. Yarım əsrlik mənalı, parlaq, şərəfli ömrün sevincini yaşayır. Məncə, bütün pərəstişkarlarına, sənətsevərlərə də bu sevincdən pay düşür.                                         
Nüşabə Ələsgərli sənətin, uğurun, şöhrətin axarında şərəflə, əzmlə, möhkəm iradə ilə, mətinliklə irəliləyir, yeni-yeni sənət uğurlarına imza atır. Bütün sənətsevərlər kimi, mən də Nüşabə xanımın dostu, həm də qələm sahibi kimi ona sənətin və şöhrətin zirvəsinə doğru addımladığı bu şərəfli yolda müvəffəqiyyətlər arzulayıram. Tale və sənət yollarında Uca Yaradan Sizə yar olsun, əzizim Nüşabə xanım. Siz sözün əsl mənasında “Xalq artisti”- Xalqın artisti-sənətkarısınız.              

 

Qafar Əsgərzadə  
əməkdar jurnalist,              
pedaqogika üzrə fəlsəfə doktoru,   
“Tərəqqi” medalçısı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı