Modern.az

"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada - Video

"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada - Video

Aktual

26 Sentyabr 2017, 23:36

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı-2017" birgə taktiki-uçuş təlimləri davam edir. Modern.az APA TV-yə istinadən  xəbər verir ki, təlimlərdə Türkiyənin F-16 təyyarələri və döyüş helikopterləri ilə yanaşı, ordumuzun arsenalında olan döyüş təyyarə və vertolyotları da iştirak edir.

 

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 3 ədəd F-16 döyüş maşını, 2 ədəd "Sikorski" hərbi vertolyotu, Dəniz Qüvvələrinə məxsus 1 ədəd təyyarə və bir neçə hərbi yük təyyarəsi təlimlərdə iştirak etmək məqsədilə ölkəmizə gətirilib. F-16 döyüş təyyarələrində üçüncü ildir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları da uça bilir.

 

Hər uçuş müvafiq marşrut üzrə 2 saata yaxın müddətdə aparılır. Təyyarənin uçuşa hazırlığı tamamlandıqdan sonra tapşırıqlar üzrə uçuşlar həyata keçirilir. Əsasən birgə hərəkət, bombardmançı təyyarələrin müdafiəsi kimi tapşırıqlar icra olunur. Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr yerdəyişmə prinsipi əsasında şərti düşmənin hücumlarını dəf edirlər.

 

Təlimlər zamanı ordumuzun arsenalında olan döyüş təyyarələrinin və vertolyotlarının manevr uçuşları da aparılıb. Təlimlərdə əsas məqsəd həm də pilotlarımızın NATO standartlarına uyğun yeni texnikalardan istifadəsini təmin etmək olub. Bununla yanaşı, türkiyəli pilotlar da MİQ və "Su" tipli təyyarələrdə və hərbi vertolyotlarda uçuşlar həyata keçirib.

 

Qeyd edək ki, bu gün yerli və xarici media nümayəndələri və bir qrup məktəblinin sentyabrın 26-da təlim keçirilən əraziyə səfəri təşkil edilib. Şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər və məktəblilər yerinə yetirilən uçuşları izləyiblər. Hərbi pilotların qonağı olan məktəblilər təlimlərə cəlb edilən aviasiya texnikası ilə tanış olub və onları maraqlandıran mövzular üzrə məlumat əldə ediblər. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

 Qeyd edək ki, təlimlər sentyabrın 30-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar