Modern.az

Azərbaycan deputatları İraq kürdlərinin “referendum”una qiymət verdilər

Azərbaycan deputatları İraq kürdlərinin “referendum”una qiymət verdilər

27 Sentyabr 2017, 14:46

Sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik "referendum"u ilə əlaqədar səsvermə keçirilib. "Referendum"da iştirak edənlərin 93%-i müstəqilliyə “hə” cavabı verib. Səs verənlərin 6,71%-i isə müstəqilliyin əleyhinə çıxıb. Ümumilikdə, "referendum"da 3,3 milyon insan qatılıb. İraq hökuməti "referendum"un qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri İraq Kürdüstanının lideri Məsud Bərzani ilə görüşərək "referendum"un təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.

Türkiyə, İraq, İran və bir çox başqa ölkələr bu "referendum"u separaçılıq adlandırıblar.

Azərbaycan da illərdir separaçılıqdan əziyyət çəkir. Bu "referendum"un keçirilməsinə Azərbaycan deputatlarının münasibəti necədir?

Modern.az saytı bu sualla bir neçə deputata müraciət edib.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib ki, İrqada kürdlərin yığcam yaşadığı ərazidə birtərəfli "referendum"un keçirilməsi çox təhlükəli bir tendensiyadır.

 

“Yeni dövlətlərin yaranması baş verə bilər. Amma bunun üçün mərkəzi hakimiyyətlə yerli hakimiyyətin razılığı əldə olunsun. Bu qarşıdurmaya deyil, sülhə, əminamanlığa, regionda stabilliyi artıran şərtlərin yaranmasına səbəb olsun. İraq Kürdüstanı təxminən 20 il bundan əvvəl ABŞ-ın dəstəyilə geniş muxtariyyətə sahib oldu. Hazırda həmin ərazi özünün muxtar üsul-idarəsinə malikdir. Ancaq onların bitərfli müstəqilliyik əldə etməsi regionda vəziyyəti gərginləşdirir. Artıq indidən İraq Kürdüstanı kürdlərin kompakt yaşadığı İraq, İran və Türkiyə ərazisinə iddia edir. Həmçinin, yeni müstəqil dövlət yaratmaqla regionda gərgin olan vəziyyəti daha da gərginləşdirir”.

Deputat bildirib ki, kürdlərin elan etdiyi müstəqil dövlətin yaşamaq şansı yoxdur.

“Onların dəniz çıxışı yoxdur, bölgənin ərzaq idxalı qonşu dövlətlərdən asılıdır, bölgədə olan neft resursları dünya bazarına Türkiyə və İraq vasitəsilə çıxarılır. Hesab edirəm ki, belə bir "referendum"un keçirilməsi regiondakı vəziyyəti daha da gərginləşdirir. Artıq hər üç dövlət regiona qarşı sanksiyaların elan edilməsi barəsində razılığa gəliblər. Hesab edirəm ki, ayrı-ayrı xalqların kompakt yaşadığı ərazilərin müstəqil dövlətindənsə, geniş muxtariyyətə malik olması daha məqbuldur. Əgər hər bir millətin yaşadığı bölgə ayrıca müxtəqil dövlət olarsa, onda dünya xəritəsini yenidən çəkmək  lazımdır. Belədə isə dünyanı müharibələr, qarşıdurmalar gözləyir. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Azərbaycan İraqın ərazi bütövlüyünü dəstəkləyir. Hesab edirik ki, birtərəfli qaydada müstəqillik "referendum"unun keçirilməsi qəbuledilməzdir”. 

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, Azərbaycanın bu məsələdə bir mövqeyi var.

 

“Bu da beynəlxalq hüquq normalarının üzərində qurulub. Azərbaycan hər bir ölkənin ərazi böütövlüyünü, suverenliyini tanıyır. Hansısa bir qanun pozuntusunun nəticəsində yaradılan separatçı rejimi Azərbaycan heç vaxt dəstəkləmir. Həmçinin, kiminsə ərazisini zorla ələ keçirib, orada dövlət yaradan və yaxud öz ərazisinə qatan ölkələrin ərazi bütövlüyünü tanımır. Çünki biz özümüz də uzun illərdir ki, belə separatçı rejimin əməli nəticəsində müharibə vəziyyətində yaşayırıq. Mövcud sərhədlər ancaq qarşılıqlı razılıq əsasında dəyişə bilər. Xalqların öz müqəddəratını qurmaq hüquqi heç də yeni bir dövlət yaratmaq demək deyil. Bunun üçün yüzlərlə muxtariyyət variantları var”. 

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, İsrail özünün hakim olduğu dövlətlərdə belə bir təbliğat aparır ki, kürdlər Yaxın Şərqdə dördüncü xalqdır və onların öz dövləti olmalıdır.

 

“Mən bunu  inkar etmirəm. Millətin özünün dövlət qurmaq istəyi ola bilər. Ancaq kürdlərin müstəqil dövlət yaratması Azərbaycan üçün bir neçə aspektdən qəbuledilməzdir. Təəssüf ki, Azərbaycanda İraq kürdüstanına açıq dəstək nümayiş etdirənlər var.
Kürdlərin özünü müstəqil elan etməyi ermənilərin və digərlərinin Azərbaycanda etnik seperatizmini həvəsləndirə bilər. Bu da yolverilməzdir.
Həmçinin, bu, qonşu dövlətlərdə də seperatizmi gücləndirə bilər. Xüsusən kürdlərin yaşadığı İrqada, Türkiyədə, İranda...  Çünki o ərazilərdə milyonlarla kürd yaşayır. Həmin dövlətlərin də ərazi bütövlüyü sual altına düşə bilər. İkinci Dünya Müharibəsindən sonra bəlli bir düzən yaranmışdı. O, düzən dövlətlərin sərhədlərini toxunulmaz elan etmişdi. Yalnız mövcud hakimiyyətin razılığı ilə sərhədlərin dəyişdirilməsi, yeni dövlətlərin yaradılması məsələsi ortaya çıxmışdı. SSRİ-nin dağılması ilə bağlı “Belovejsk sazişi”ni götürək. Sazişdə SSRİ-nin dağılmasına qarşılıqlı şəkildə razılıq verilib.
Bu cür "referendum"lar vasitəsilə müstəqil dövlətlərin yaradılması yolverilməzdir. Nəticədə hərbi qarşıdurmaya da gətirib çıxara bilər.
Bu addım Şimali İraq Kürdüstanının yeganə qazanc yeri olan neft kəmərini Türkiyə sanksiya tətbiq edib, bağlaya bilər. Bu da səfalət və aclığa səbəb olar”.

 

Deputat hesab edir ki, kürdlərin müstəqillik "referendum"unun nəticələrinin reallaşacağına inanmaq üçün tələsmək lazım deyil.

 

“Baxmayarq ki, İraq hökuməti danışıqlar aparmaqdan imtina edib. "Referendum"un nəticələrinin reallaşması istiqamətində mərkəzi höumətin və qonşu ölkələrin razılığı lazımdır. Mən hesab edirəm ki, Azərbaycan həmin dövlətin "referendum"un nəticələrini tanıya bilməz. Təbii ki, mən də bunun tərəfdarıyam”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?