Modern.az

Avrasiya məkanına aparan yol: Bakı-Tbilisi-Qars Azərbaycana nə vəd edir…  

Avrasiya məkanına aparan yol: Bakı-Tbilisi-Qars Azərbaycana nə vəd edir…   

İqtisadiyyat

28 Sentyabr 2017, 15:39

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə hazırdır. Modern.az xəbər verir ki, bunu Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxışdan sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. 20-21 iyul 2002-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 iyun 2004-cü ildə Gürcüstana rəsmi səfəri zamanı Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləmiş və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirmişdi.

Həmin vaxtdan layihənin reallaşması istiqamətində danışıqlar daha da intensivləşib və ötən müddət ərzində bu bağlantının reallaşması istiqamətində də bir sıra görüşlər keçirilib.

Burada bir vacib faktı da xatırlamağı lazım bilirik. Belə ki, 2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında mühüm bir sənəd də imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzalayıblar. Bu Bəyənnamə əslində hər üç ölkə rəhbərinin Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin nə qədər gərəkli olduğuna bir baxış idi. Azərbaycan Prezidenti İlham Əliyev digər mühüm məsələlərdə olduğu kimi, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının da reallaşmasında öz qəti mövqeyini ortaya qoydu.

7 fevral 2007-ci ildə Gürcüstan Parlamentinin binasında Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşü oldu. Elə həmin gün Gürcüstan Parlamentinin binasında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional əməkdaşlıq sammiti sənədlərinin imzalanması mərasimi keçirildi.

Və Azərbaycan Prezidenti İlham Əliyev 21 fevral 2007-ci ildə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzaladı.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Çərçivə Sazişinə əsasən, Azərbaycan layihənin həyata keçirilməsi üçün Gürcüstana illik minimum faizlə 775 milyon dollar kredit verib.


21 noyabr 2007-ci ildə Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 24 iyul 2008-ci ildə isə Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib. Bağlantının Gürcüstan hissəsində üç mərhələdə (Marabda – Tetriskaro, Tetritskaro-Salka, Salka-Axalkalaki) tikinti-reabilitasiya və Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) sahəsində tikinti işləri həyata keçirilməyə başlanıb.

Artıq bəzi sınaqlar həyata keçirilib. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi qatarların dizel ilə işləyən lokomotivlərlə bir neçə dəfə sınağı baş tutub. İşçi qatarları müntəzəm hərəkətdədir. Lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər.

Axalkalaki stansiyasındakı yüklü vaqonun təkər arabacıqlarının dəyişmə (1520 mm standartlı izdən 1435 mm standartlı izə və əksinə keçirilərək) və iritonnajlı konteynerin vaqondan–vaqona götürülüb-qoyulması məntəqələrində qurğular uğurla sınaqdan keçirilib. Stansiyada vağzal binasının, süni qurğuların, rabitə və İMB, elektrik təchizatı qurğularının, yol keçidinin, piyada körpüsünün, təkər arabacıqları dəyişdiriləcək məntəqənin, mikroprosessor mərkəzləşdirilməsi postunun, konteyner meydançasının, yüklərin boşaldılıb doldurulması məntəqələrinin, sərnişinlərin keçidi üçün tunelin, patrul və avtomobillər üçün yolların habelə stansiyada çalışacaq işçilər üçün inzibati binaların tikintisində işlər tamamlanmaq üzrədir.

Stansiyada 1520 mm izli parkda 6 və 1435 mm izli parkda 4 yola, dalan yollarına, Axalkalaki stansiyasını Axalkalaki–Kartsaxi (Türkiyə sərhədi) sahəsi ilə birləşdirən yola üst quruluş elementləri qoyulub. Axalkalaki stansiyası dəmir yolu xətti ilə Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) sahəsi ilə birləşdirilib. Axalkalaki stansiyasını Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) ərazisindəki dəmir yolu ilə birləşdirən 6 dayaqlı 153 metrlik körpünün tikintisində işlər başa çatdırılıb. Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin müvafiq əmri ilə istismara qəbul edilib. Sərhəddə tikilən 4450 metr uzunluğunda tunelin Gürcüstan hissəsinə düşən 2070 metr hissəsində (portalla birlikdə) qazma işləri başa çatdırılıb, son 90 metrdə betonlama işləri aparılır.

Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atıb. Gətirə biləcəyi bütün iqtisadi dayaqlarla yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir.

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin daim diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq.

Regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir. Çünki bu nəqliyyat arteriyasına qoşulmaqla, Azərbaycan Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə biləcək.

Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün daşınması mümkün olacaq.

Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının bu il istismara verilməsi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır