Modern.az

Mərkəzi Bankın məktubu devalvasiya təşvişi yaratdı - Deputat sakitliyə çağırdı

Mərkəzi Bankın məktubu devalvasiya təşvişi yaratdı - Deputat sakitliyə çağırdı

İqtisadiyyat

29 Sentyabr 2017, 12:35

Bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklarına məktub göndərilib."APA-Economics" bank sektorundakı mənbələrinə istinadən xəbər verir ki, məktub AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olub. Məktubda deyilir:

 "Milli Ödəniş Sisteminin İştirakçılarına.

Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir. Xahiş edirik, nəzərə alasınız".

AMB-nin bu açıqlaması vətəndaşlar arasında təşviş yaradıb, əksəriyyət manatın növbəti dəfə devalvasiyaya uğrayacağını düşünür.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlama verib.

O bildirib ki, narahatlıq üçün heç bir əsas yoxdur:

“Əsas məsələ 9 ayın yekunları ilə bağlıdır. Bir sıra ödənişlərin vaxtında edilməsi və hesabat dövrünə çatdırılması üçün Mərkəzi Bank tərəfindən belə bir göstəriş verilib”.

V.Əhmədov bildirib ki, hazırda əsas diqqət manatın məzənnəsinin stabil saxlanması yönəlib:

“Çünki manatın möhkəmlənməsi ciddi prosesdir. Bunun arxasında da maliyyə mənbələri dayanır. Ona görə də vətəndaşalrın narahat olması üçün heç bir əsas yoxdur”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır