Modern.az

Yerli seriallarda siyasi nüanslar olmalıdır – TƏKLİF

Yerli seriallarda siyasi nüanslar olmalıdır – TƏKLİF

Mədəni̇yyət

30 Sentyabr 2017, 17:09

Məlumdur ki, son illər Azərbaycanda serial və kino sahəsində irəliləyişlər var. Xüsusilə də televiziyalarda yayımlanan seriallarla bağlı canlanma müşahidə edilir.

 

Düzdür, hələ də Türkiyə serialları ölkə üzrə baxış sayında birinci gəlir. Buna baxmayaraq bölgələrdə yerli seriallara daha çox üstünlük verirlər.

 

Bu gün müxtəlif janrları əhatə edən kifayət qədər yerli serial rast gəlmək olar. Maraqlıdır, kəmiyyətlə yanaşı keyfiyyətdən də söz gedə bilərmi? Ümumiyyətlə yerli seriallara pul xərcləməyə dəyərmi?

 

Teletənqidçi Sevda Sultanova Modern.az-a açıqlamasında bildirib ki, yerli seriallara pul xərcləmək lazımdır:

 

“Təbii ki, bu, obyektiv və ədalətli şəkildə olmalıdır. Çünki istənilən halda kəmiyyət keyfiyyəti ötəcək. “Bizim seriallara pul xərclənməsin, burada hər hansı keyfiyyətdən söz gedə bilməz” deməyimiz düzgün deyil. Əslində digər inkişaf etmiş ölkələr də bu cür mərhələlərdən keçib. Lakin ayrılan məbləğlər təyinatı üzrə xərclənməlidir. Yəni aktyorların qonorarları vaxtında verilməli, keyfiyyətli texnikadan istifadə olunmalıdır. Hər bir televiziya kanalının öz formatı var və buna uyğunlaşmaq mütləqdir”.

 

Teletənqidçi qeyd edib ki, yerli serialları nəyəsə görə ittiham etmək doğru deyil

 

“Yerli seriallarda cəmiyyəti narahat edən bütün mövzulara toxunulmalıdır. Burada sosial problem, ictimai məsələlər, lazım gəldikdə siyasi nüanslar da olmalıdır. Yəni cəmiyyətdə nə aktualdırsa, onu yerli seriallarda işıqlandırmaq lazımdır. Çox vaxt deyirlər ki, serialların tərbiyəvi əhəmiyyəti olmalıdır. Müəyyən mənada haqlıdırlar, amma serialın vəzifəsi bu deyil. Serial birinci  növbədə məhsuldur, əmtəədir. Təbii, məhsulun satılması üçün  insanların marağını cəlb etmək önəmlidir. Eyni zamanda serial izləyərkən insanlar stress atmalıdır.

 

Seriallar hər həftə çəkilir və reytinqlərə baxılır. Əgər izləyicilərin marağını cəlb etmirsə, normal olaraq məhsul da satılmır. Bilirsiniz, biz hələ bu sahə istiqamətində yeni addımlar atırıq. Bu baxımdan yerli serialları nəyəsə görə ittiham etmək doğru deyil.  Ona görə də yerli seriallara pul xərcləmək lazımdır”.

 

Kinoprodüser Fehruz Şamıyev düşünür ki, yerli seriallara vəsait ayırmağa dəyər:

 

“Düzdür, Azərbaycan teleməkanında artıq  kifayət qədər yerli serial  istehsal olunur. Düşünürəm ki, bu seriallar müəyyən tamaşaçı kütləsi toplaya bilib.

 

Bir neçə il öncə yerli serialları keyfiyyətsizlikdə qınayan tamaşaçı artıq onlara maraqla baxmağa başlayıb. Bu da onun göstəricisidir ki, yerli istehsalçılar tamaşaçının marağına uyğun, keyfiyyətli məhsullar ortaya qoymağa çalışırlar.

 

Bu baxımdan  yerli serialların reklam blokları da getdikcə artmaqdadır. Bütün bu proseslər onu deməyə əsas verir ki, yerli seriallara vəsait ayırmağa dəyər. Sözsüz ki, bu işdə birinci növbədə peşəkar komandanı nəzərə almaq və onlara etibar etmək lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu