Modern.az

Ramiz Rövşənin qaytarmadığı ayaqqabılar və vaxtın əhəmiyyətini həmişəlik itirən NATİQ SƏFƏROV...

Ramiz Rövşənin qaytarmadığı ayaqqabılar və vaxtın əhəmiyyətini həmişəlik itirən NATİQ SƏFƏROV...

Ədəbi̇yyat

30 Sentyabr 2017, 21:48

Bu gün Beynəlxalq Tərcüməçilər günüdür. Azərbaycan ədəbi mühitində tərcüməçilərdən söhbət gedəndə sözüz ki, Natiq Səfərov imzasından yan keçmək olmur.

 

Modern.az saytı Beynəlxalq Tərcüməçilər günündə tərcüməçi-yazıçı Natiq Səfərovu yad edir.

Günlərin birində Natiq Səfərov evə gecə yarıdan keşmiş qayıdır. Ömür-gün yoldaşı Zümrüd xanım qapını açanda saata baxır və sakitcə dillənir:

- Natiq, kişi gecə 12-yə qədər gəldi-gəldi, gəlmədisə, vaxt daha öz əhəmiyyətini itirir...

Bəlkə də o vaxt Zümürüd xanımın heç ağlına da gəlməzdi ki, qısa bir müddətdən sonra Natiq ümumiyyətlə bir daha evə dönməyəcək, ölüm adlı gözlədiyimiz və gözləmədiyimiz mütləq bir reallıq onu zamanından əvvəl doğma ocağından haqqın dərgahına aparacaq. Və beləliklə də 2004-cü ilin payıza dönən sentyabr ayında Natiq Səfərov dünyasını dəyişməklə Zümrüd xanım üçün vaxtın əhəmiyyətini həmişəlik itirəcəkdi.

Qısa tanışlıq: Natiq Səfərov 1943-cü il iyunun 27-də Azərbaycanın Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Burada 4 saylı şəhər orta məktəbində təhsil alıb. ADU-nun fılologiya fakültəsini bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində texnik kimi başlayıb. Sonra orada kiçik redaktor,  redaktor, “Azərbaycan” jurnalında ədəbi işçi,  Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir, “Yazıçı” nəşriyyatında bədii tərcümə şöbəsinin böyük redaktoru , Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində şöbə müdiri, orada sədr müavini, “Qanun” jurnalının baş redaktoru vəzifələrində işləyib.

Dünya ədəbiyyatından müntəzəm tərcümələr edib, İlya İlf və Yevgeni Petrovun “Qızıl dana”,  Vasili Şukşinin “Qırmızı qalina”, Sanbayevin “Ağ arvana”,  Oljas Süleymanovun “Az i ya” əsərlərini, eləcə də Uilyam Folkner və Qabriel Qarsiya Markesdən tərcümələri rəğbətlə qarşılanıb. A.Çxandzenin “Çinari manifesti”, J.Z.Anuyun “Medeya”, Lev Tolstoyun “Hacı Murad”, Redyard Kiplinqin “Öz kefinə gəzən pişik”, Vsevolod Vişnevskinin “Nikbin faciə”, Aleksandr Vampilovun  “Qarğa qarıltısı” pyesləri onun tərcüməsində respublika teatrlarında tamaşaya qoyulub.

Natiq Səfərov haqqında yazılanları, öz yazdıqlarını, tərcümələrini oxuduqca yalnız bir qənaətə gəlmək olur – Natiq Səfərov tam kəşf olunmadı, olduğu kimi tam tanınmadı, o öz ürək etiraflarını, doğmalarına, dostlarına, ailəsinə, vətəninə sevgisini tam biruzə verə bilmədi. Bir tərəfdən buna zaman macal vermədisə, digər tərəfdən də bütün bu böyük sevgiləri, ali hissləri öz iç dünyasında bəsləməyi,qorumağı bacardı. Axı onun çox böyük bir mənəvi dünyası var idi...

Natiq Sfərovun tərcümələrinə nəzər yetirərkən onun nə qədər böyük yaradıcılıq potensialına, yaradıcılıq qabiliyyətinə sahib olduğunun şahidi olursan. Çünki bu bədii tərcümələr sadəcə hərfi tərcümə deyil, burada şəxsi təxəyyül, təfəkkür, düşüncə, bədii yanaşma əsas rol oynayır. Məhz bu cür yanaşmalarla da Natiq Səfərovun peşəkarlığı bir təsdiqlənir.

Dünyaya özünəməxsus baxışları olan Natiq Səfərovun həyatı da maraqlı anlarla zəngin olub. Dostlarla münasibəti, kollektivdə tutduğu mövqe bu gün də xoş xatirələrlə xatırlanır.

Haqqında yazılmış xatirələr, həyatında baş vermiş hadisələr Natiq Səfərovun çox saf və səmimi bir insan olduğunu bir daha sübut edir.

Natiq Səfərovu yad edərkən həmin hadisələrdən bir neçəsini təqdim etmək oxuculara da maraqlı olar:

Günlərin birində dostlarından biri Natiqə xaricdən “krokodil” dərisindən ayaqqabı alıb gətirir. Geyim həvəskarı olmasa da, ayaqqabı çox xoşuna gəlir. Bir gün Natiq təzə ayaqqabısını geyinib Əmircana, Ramiz Rövşəngilə qonaq gedir.

Ayaqqabını həyətdə çıxarır. Yenə başları söhbətə qarışır. Axşam evə gəlməyə hazırlaşanda nə qədər axtarırlarsa, ayaqqabı tapılmır. Ramiz ayaqqabılarından bir cütünü Natiqə verib deyir:

- Natiq, həyət qaranlıqdı, tapa bilmirik, səhər yenə axtararıq.

Natiq də ayağında iri ayaqqabılar bir təhər gəlib evə çıxır. Səhəri Ramiz Rövşən zəng vurub deyir :

- Natiq, ayaqqabılarını tapmışıq.

Natiq sevincək soruşur:

- Hardan?

Ramiz Rövşən cavab verir:

- Həyətin o biri başından. İt bir tayını yeyib, “krokodil” çox xoşuna gəlib, o biri tayı da yarımcandı…

Natiq Səfərovla Ramiz Rövşən arasında olan digər bir söhbət də olduqca maraqlıdır:

Natiq Səfərovla Ramiz Rövşən Füzuli yaradıcılığını sevir, demək olar, əzbər bilirdilər. Bir dəfə Natiqgildə Füzulidən xeyli danışırlar, arada mübahisəyə girişiriər, saatlarla “Leyli və Məcnun”u və qəzəllərini ayrı-ayrılıqda təhlil edirlər. Artıq gec olduğundan ev sahibəsi uşaqları o biri otağa yatmağa aparır, özü də yuxuya gedir, uşaqlarsa oyaq qalırlar. Xanımı oyananda görür ki, Natiqgilin səsi gəlmir, uşaqlardan soruşur:

- Atagil necə oldular?

Uşaqlardan biri (yəqin ki, bu Günel olub) cavab verir:

- Ata deyirdi, Füzuli mənəm, Ramiz əmi deyirdi, yox, Füzuli mənəm. Axırda qərara aldılar ki, Füzuli onların içindədi, beləcə çıxıb getdilər...

Natiq Səfərov haqqında ən böyük həqiqəti isə qızı Günel Natiq yazıb:

“Hər bir uşaq elə sanır onun atası dünyanın ən yaxşı atasıdır. Mən də elə bilirdim. Atam çox fədakar idi. Ailəsi, uşaqları üçün canına belə qıyardı.

Məni bir balaca bikef göəndə səbəbini öyrənməyə çalışardı, həm də bunu böyük anlayışla edirdi.  Söhbətə uzaqdan başlayardı.

Dedikləriylə vurğulamaq istəyirdi ki, hər kəsin həyatında problemli anlar olur, bu normaldır, əsas odur, bütün bunlara üstün gəlməyi bacarasan. Yəni həll oluna bilməyən bir problem yoxdur.

O bizi başa düşməyə çalışırdı. Məncə insanın böyüklüyü bundadır. Bizə təzyiq göstərməzdi, öz fikirlərini aşılamağa çalışmazdı, demokratik insan idi. Bir də bizə güvənirdi, bilirdi ki, səhv hərəkət etmərik.

Onun etibarı mənim üçün çox önəmli idi. O etibar məni ona layiq olmağa sövq edirdi. Mən zahirən də olmasa, daxilən atama çox bənzəyirəm. Bu yəqin ki, gen yaddaşıdır.

Sanki onun həyatının davamıyam. Bu yaradıcılığa münasibətdə də özünü göstərir. Atam mənim üçün böyü məktəb idi və bu gün də elədir...”

Dünyanın bir güzgü olması labüd həqiqətdir, hər gələn baxıb gedəcək. Ancaq baxanlar arasında elələri olacaq ki, güzgünün parıltısına qara ləkə salacaq, digərləri isə bu güzgünün qarşısında dayanaraq öz əksi ilə gələcəyə aydın, işıqlı bir yol göstərəcək, Natiq Səfərovun qoyduğu yol kimi...

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?