Modern.az

Azərbaycanda yaşayan hansı kürdlər PKK-ya dəstək verib?

Azərbaycanda yaşayan hansı kürdlər PKK-ya dəstək verib?

Ölkə

1 Oktyabr 2017, 10:13

Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin bir neçə gün bundan qabaq sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən "müstəqillik referendumu"nu dəstəkləyən status və fotolar paylaşması, kürdlərin lideri Məsud Bərzaninin tərəfini saxlaması böyük narazılıqlara səbəb olub. Hətta Milli Məclisin deputatları dövlət işçisinin bu cür addımını kəskin tənqid edib. 

Belə görünür məsələ ciddi şəkil alıb. Yeri gəlmişkən, vaxtilə Azərbaycanda kürdlərin ən sıx məskunlaşdığı bölgələr olan Kəlbəcər, Laçın və Qubadlı ilə bağlı ictimaiyyətin müəyyən kəsimində yanlış düşüncələr formalaşıb.


Qeyd edək ki, həmin bölgələrdə yaşamış kürdlər say baxımından azlıq təşkil edib. Son illər kürd milliyətindən olanlar özündə cəsarət tapıb kürd olduğunu söyləyə bilmir. Təbii, bunun bir neçə nədəni var. Əvvəla, “kürdəm” demək heç də talış ya da udin olduğunu asanlıqla dilə gətirmək qədər rahat deyil. 

 

Qonşu Türkiyə illərdir ki, kürdlərin yaratdığı PKK ilə  mübarizə aparır. PKK terror təşkilatının adı gələndə ilk hədəfə alınan xalq kürdlər olur. O baxımdan da kürd millətinə mənsub olanlar kürd olduğunu gizlətmək məcburiyyətində qalır. 

 

Bəs istənilən kürdü PKK gözündə görmək nə dərəcədə doğrudur?

 

Azərbaycanda məskunlaşan kürdlərin PKK-ya dəstək verməsini demək nədən qaynaqlanır?

 

Modern.az saytı məsələnin ciddiliyini nəzərə alaraq Azərbaycanda kürdlərin ən çox məskunlaşdığı bölgənin ziyalılarının fikirlərini öyrənməyə çalışıb. 

 

Əslən Kəlbəcərdən olan professor Şahlar Əsgərov belə məsələlərin bilərəkdən ortaya atıldığını deyir.

 

Yaxın Şərqdə gedən proseslərdən sonra seçkilər baş tutdu. Bunun gələcəkdə ətraf bölgəyə, kürdlərə nə verəcəyi bəlli deyil. Cənubi Qafqazda Qarabağ, Gürcüstanda Abxaziya kimi məsələlər hər zaman ortaya atılıb və siyasi oyunların tərkib hissəsidir. Bu da onu göstərir ki, Qərb dövlətləri bilərəkdən regionları qarışdırır.

 

Bu cür hallara kimlərsə sevinir, kimlərsə başqa don geyindirir. Kürdlər Azərbaycanın bir neçə bölgəsində məskunlaşıb. Amma bu o demək deyil ki, Azərbaycanda yaşayn kürdlər PKK-ya dəstək verir. Bu cür fikirləri kənara atmaq lazımdır və kürdlər də Azərbaycan dövlətinin vətəndaşlarıdır. Bu dövlətin vətəndaşı heç zaman öz xalqına, dövləinə xəyanət etməməlidir”.

 

Əslən Laçından olan, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəman düşünür ki, Azərbaycanda yaşayan kürdlərlə türklər arasında fərq qoymaq doğru deyil.

 

“Laçında internat məktəbin 1-ci sinfinə gedəndə sinifimizdə Muradxan adlı oğlanın nəsə bizim kimi yox, başqa ləhcədə danışdığını gördüm. Uşaq olsam da, Muradxanın bizdən fərqli danışması mənə həm qəribə, həm də xoş gəlirdi. Muradxanın bir dəfə sinifdə müəlliməyə dediyi bu sözlər hələ də yadımdadı: “Müəllim, sizin palto yıxılmışdı, götürüb yerinə qoydum”.
Bu oğlanın belə deməsinə sinifdə hamımız gülüşmüşdük. Axı biz olsaq belə deyərdik: “Müəllim, paltonuz yerə düşmüşdü…". Onda bildim ki, rayonumuzda bizimlə bərabər, kürd millətinin nümayəndələri də yaşayır və Muradxan kürdlərin kəndi Qarakeşdəndir. Laçında kürdlərlə türklər arasındakı münasibət əmioğluluğa köklənən münasibət olub. Əgər bizi ayıran bir nüans olubsa, o da pasportda milli mənsubiyyəti bildirən sözün fərqli yazılması olub.

 

Qarabağ hadisələrindən sonra Laçından çıxmağımız, orda ermənilərin felinə uyan bəzi üzdəniraq əmioğlularımızın “Kürdüstan” eşqinə düşməsi, bizim də necə deyərlər qəlbimizi bulandırdı. Axı Laçında qardaşlıq, əmioğluluq etdiyimiz insanlar necə bizi özlərindən ayıra bilərlər?! Belə hadisələr düzü bir çox ziyalıya səsini çıxarmasa da, yer elədi. O vaxt Laçından iki tanımış şəxsin (onlardan biri kürd tərəfdən, o biri isə türk tərəfdən) mətbuatda bir-birinə qarşı əks mövqedən yazıları gedirdi. Mənim bir ziyalı kimi bu mübahisəyə qoşulmağa əlim qalxmadı. Baxmayaraq ki, biz də nəsə bilirik və bildiklərimizin də çoxunu demək istəmirik. Bəzən bunun niyə belə olduğunu özümdən soruşanda qabağımı kəsən arqumentlər bunlar olur: biz Laçında eyni məktəbdə oxumuşuq, eyni müəllimlərdən (istər türk, istər kürd) dərs almışıq, eyni xəstəxanada eyni həkimlər bizi müalicə ediblər, eyni dağlarda eyni bulaqların suyundan içmişik, heyvanlarımız eyni örüşdə otlayıb…
Baxıb görmüşəm ki, bizi birləşdirən amillər bizi bölən amillərdən daha çox və dah güclüdür. Bu gün biri kürd, digəri türk olan iki bacanağı bir-birindən necə ayırmaq olar?! Xudatda yaşayan kürdü ayırıb hara aparmaq olar və o bizdən ayrılmaq istəyirmi?! Laçındakı kürdlərin tarixi haqqında Laçının Minkənd kəndindən olan tarixçi alim Ələmdar Şahverdiyev bir neçə il bundan qabaq Moskvada çıxan “İRS naslediye” jurnalında Azərbaycanda etnik millətlər haqqında yazısında qeyd edirdi ki, kürdlərin indiki Laçın ərazisində (Zəngəzurda) məskulaşması təxminən 300 il bundan əvvələ təsadüf edir.

 

Müəllif kürdlərin bu yerlərə İraqdan gəldiyini və ilk dəfə Bozlu kəndində məskunlaşdığını qeyd edirdi. Daha sonra isə onlar başqa kəndləri salmışlar. Ələmdar müəllim haqlı olaraq onu da qeyd edirdi ki, yaşlı, ağsaqqal kürdlər bu yerlərə gəlmə oduqları haqqında tarixi gözəl bilirlər (lazım olsa, jurnalı arxivdən çıxarıb mənbəni dəqiq göstərə bilərik). Burada kürdlərin Azərbaycanda sonradan məskunlaşması haqqında qısa bir paralel aparmaq yerinə düşərdi.

 

Biz bilirik ki, Şamaxı və Qusarın bir sıra kəndləri islam dinini yayan missioner ərəb əşirətləri tərəfindən salınıb, amma, bu gün o kəndlərin heç birində ərəbcə danışan yoxdu. Ona görə yoxdu ki, ərəblər dində qalib gəlsələr də, dildə təxminən 1200 il boyunca yerli dominant millətə uduzdular. Kürdlərin gəlişi az müddət olduğu üçün hələ öz dillərini qoruyanlar var. Mən Laçın işğal olunandan sonra fikirləşdim ki, Laçın nə vaxtsa alınar lap yaxşı, amma hələ ki əlimizdə qalan onun söz-sovudur deyib, qapı-qapı düşüb öz cibimin puluyla Laçın folklorunu toplamağa başladım. Bu zaman Güləbirddən Qarakeşəcən, Oğuldərədən Suarasınacan fərq qoymadan gücüm çatan, əlim yetən hər bir kəndin insanlarıyla görüşməyə çalışdım. Nəticədə “Laçın folkloru” kitabı ərsəyə gəldi. O kitabda türklərlə yanaşı, kürd kəndlərindən olan insanların da söz-sovunu eyni sevgi ilə qələmə almışam. Məlum hadisələr fonunda kimlərinsə içini biruzə verməsi hələ Laçından olan bütün kürdlərin mövqeyi demək deyil. İnşallah biz iki əmioğlu uğrunda birgə döyüşüb, həsrətini birgə çəkdiyimiz Laçına bir yerdə qayıdacağıq”.

 

Əslən Qubadlıdan olan araşdırmaçı jurnalist Rəsul Mirhəşimli deyir ki, hansısa Azərbaycan vətəndaşı olan birinin PKK-ya qoşulması çox pis addımdır.

 

“PKK terror təşkilatıdır. Bu terror təşkilatının uzun illərdir Türkiyədə, son zamanlar Yaxın Şərqdə törətdiyi cinayətlərin sayı-hesabı yoxdur. Kürd milliyyətindən olan hansı Azərbaycan vətəndaşının PKK-nı dəstəkləməsi barədə məlumatım yoxdur. Əgər belə hallar varsa, qətiyyətlə pislənməlidir. Son günlər rast gəldiyim yanlış mövqe Laçın İcra Hakimiyyətinin əməkdaşının İraqın şimalında keçirilən qondarma referendumu dəstəkləməsi oldu. Azərbaycanlı məmurun bu hərəkəti araşdırılmalı və hüquqi müstəvidə cəzası verilməli idi. Kimlərəsə milli və irqi mənsubiyyətinə görə yaşamağın tərəfdarı olmasam da, qeyd edim ki, tarix boyu Azərbaycanda yaşayan bütün milli azlıq, azsaylı xalqlar və etnik qruplar bu ölkənin əsas əhalisini təşkil edən türklərin himayəsini hiss edib.

 

Elə bunun nəticəsidir ki, bu ölkədə heç zaman etnik qarşıdurma hallarına rast gəlməyib. PKK terror təşkilatına dəstək verən adamlar kimliyindən asılı olmayaraq, cəzasını almalıdır. Qarabağda erməni separatçıları ilə birgə vuruşan, Türkiyənin ərazi bütövlüyünü təhdid edən bir terror qruplaşmasını dəstəkləmək Azərbaycan vətəndaşına şərəf gətirməz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı