Modern.az

Azərbaycanda Azad İqtisadi Zona - Hamı gözləyir

Azərbaycanda Azad İqtisadi Zona - Hamı gözləyir

2 Oktyabr 2017, 11:01

Azərbaycan Prezidentinin 2017-ci il 13 aprel tarixli sərəncamına əsasən, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və başa çatdırılması üçün görüləcək işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Prezidentin qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlama tarixləri göstərilməklə tədbirlər planı hazırlanıb:

“Artıq işlərin yerinə yetirilməsinə başlanıb. Hazırda işlər sürətlə davam etdirilir. Belə ki, yeni liman kompleksinin akvatoriya hissəsinə aid olan qurğuların tikintisinin 2017-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bura 7 ümumi yük körpüsü, 2 Ro-Ro körpüsü, xidməti donanma gəmiləri üçün körpünün inşası daxildir”.

 

A.Əliyev bildirib ki, layihəyə əsasən, 2018-ci ilin birinci rübünun sonunadək olan dövrdə anbarlar, yardımçı binalar, digər əlaqəli infrastruktur obyektləri inşa olunacaq:

“Onların mühəndis-kommunikasiya xətləri (elektrik, rabitə və s. daxil olmaqla) çəkiləcək. Bu dövrdə həmçinin yardımçı sistemlərin (drenaj, siqnalizasiya, yanğınsöndürmə və yanğın xəbərdarlığı, İT, videomüşahidə, İSPS və s. daxil olmaqla) quraşdırılması başa çatdırılacaq. Əməliyyat binasının tikintisinin isə növbəti ilin birinci yarısında tamamlanması nəzərdə tutulur. Bütün bunlar isə limanın birinci fazası üzrə yükaşırma qabiliyyətinin əvvəl nəzərdə tutulan 10 milyon tondan 15 milyon tonadək artırılmasını təmin edəcək”.

 

Onun sözlərinə görə, Limanda azad ticarət zonası tipli xüsusi iqtisadi zona fəaliyyət göstərəcək:

“Bunun üçün müvafiq hüquqi rejim yaradılır. Ümumilikdə isə Ələt Azad Ticarət Zonasının yaradılması qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə təkan verəcək, liman vasitəsi ilə yüklərin aşırılmasının həcmi artacaq”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?