Modern.az

"Avropa Parlamenti ilə daha çevik işləmək lazımdır" (MÜSAHİBƏ)

"Avropa Parlamenti ilə daha çevik işləmək lazımdır" (MÜSAHİBƏ)

6 İyun 2011, 10:22

Azay Quliyev: “Qətnamənin qəbulunda  həm qərəz var, həm də məlumatsızlıq”


Brüsseldə Avropa Parlamentinin nüfuzlu deputatlarının, media mənsublarının və beynəlxalq təşkilatların iştirakı ilə “Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər” mövzusunda dinləmələr keçirildi. Bu mühüm tədbirdə iştirak etmiş “Avronest” Parlament Assambleyasının üzvü, millət vəkili Azay Quliyevlə görüşüb təəssüratlarını bölüşməyi xahiş etdik.

“Bu tədbir Avropa Parlamentində hər iki tərəfin iştirakı ilə keçirilən debat xarakterli dəyirmi masa idi. Tədbir Avropa Parlamenti deputatlarının, eyni zamanda Katiblik əməkdaşlarının, ayrı-ayrı ölkə səfirlikləri və QHT nümayəndələrinin, media mənsublarının iştirakı ilə  baş tutdu. Fikrimcə, bu tədbiri maraqlı edən məqam odur ki, burada açıq müzakirələr və debatlar oldu.

Məlum olduğu kimi,  iki həftə öncə Avropa Parlamenti Azərbaycanla bağlı əsassız və tələsik bir qətnamə qəbul etmişdi. Belə bir zamanda bu tədbirin keçirilməsi çox vacib idi,” - deyə açıqlama verən Azay Quliyevə ilk sualımız:

- Maraqlıdır ki, tədbirin moderatoru İngiltərədən olan deputat Qraham Vatson məlum 12 may qətnaməsinin müəlliflərindən biridir. Buna Sizin münasibətiniz?

- Bəli, cənab Qraham Vatson Avropa Parlamentinin çox nüfuzlu üzlərindən və “Liberal qrup”un rəhbərlərindəndir. Avropa Parlamentinin qaydalarına görə belə debatlar yalnız Parlamentin üzvü tərəfindən təşkil oluna bilər. Vatson məhz qeyd olunan dəyirmi masanın təkcə moderatoru yox, həm də təşkilatçısı idi. 

- Mövqeyi əvvəlcədən bəlli olan bir şəxslə  nəyisə müzakirə etməyin mənası vardımı? Ümumiyyətlə, Sizcə, 12 may qətnaməsində ən çox qərəz, yoxsa məlumatsızlıq rol oynayıb?

- Əlbəttə vardı. Düşünürəm ki, Azərbaycan tərəfi istənilən  görüşdə və müzakirədə  iştirak etməli, öz sözünü deməlidir. Biz bu gün Azərbaycanla bağlı yanlış düşünən və ya  düzgün məlumatı olmayan şəxslərlə daha çox işləməli, ölkədə baş verən bütün müsbət dəyişiklikləri onların diqqətinə çatdırmalıyıq. Əgər onlar əvvəlcədən hazırlanmış ssenari üzrə hərəkət edib qərəz nümayiş etdirməsələr, onda bu təmasların çox müsbət nəticələri ola bilər.

O baxımdan hesab edirəm ki, cənab Vatson və bu cür fikirləşən digər şəxslərə keçirilən müzakirələr əhəmiyyətsiz olmadı. Ən azından, tədbirin sonunda onların verdiyi reaksiyalar, gəldikləri qənaətlər, sonda Azərbaycan haqda səsləndirdikləri fikirlər belə deməyə əsas verir. Qaldı qətnamə qəbul edilərkən qərəz və ya məlumatsızlığın daha çox rol oynadığına, mən hesab edirəm ki, hər iki amil rol oynayıb. Qətnamənin qəbulunda həm qərəz var, həm də məlumatsızlıq. Çünki qərara səs verənlərin böyük əksəriyyəti Azərbaycan reallıqları ilə tanış deyildilər. Bu məsələyə fikir bildirərkən qeyd etdim ki, qətnamə qəbul olunarkən ən azı Azərbaycandakı müvafiq qurumlarla müzakirə aparılmalı idi. Əgər bu edilməyibsə, demək, burada sadəcə maraq və istək olmayıb. Yalnız kimlərinsə şəxsi fikirlərinə əsaslanaraq, özlərinə uyğun hesab edilən mənbədən alınan dəqiqləşdirilməmiş məlumatlarla qətnamə qəbul etmək qərəzlidir.

- Müzakirələrdən sonra gəldiyiniz qənaət nə oldu? Sadə dillə desək, bu müzakirələr bizə nə verdi?

- Bu Avropa Parlamentində davamlı şəkildə keçirilməsi zəruri olan bir tədbir idi. Biz sözümüzü daim dünya ictimaiyyətinə çatdırmalı, gördüyümüz işlər haqqında məlumatları geniş yaymağı bacarmalıyıq. Onu da nəzərə alsaq ki, Azərbaycan həm geostrateji durumuna, həm regiondakı nüfuzuna, həm də liderliyinə görə bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Bəzən görürsən ki, adi bir məsələni şişirdərək Azərbaycana  qarşı təzyiq vasitəsi kimi əldə bayraq edirlər. Ona görə də özümüzü nə qədər çox anlatsaq, məlumatları doğru-dürüst yaysaq, başlıcası, bunu Avropanın başa düşəcəyi dildə, qəbul edəcəyi tərzdə  etsək, inandırım ki, bu cür subyektiv yanaşmaların da qarşısını müəyyən ölçüdə almaq olar.

- Siz çıxışınızda daha çox nəyə üstünlük verdiniz?

- Əsasən  Azərbaycan-Avropa İttifaqı münasibətləri, Azərbaycanın geostrateji mövqeyi və regionda oynadığı mühüm rol, Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfə və s. haqda  danışdım. Çıxışımın mühüm bir hissəsi təbii ki, Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ probleminə həsr olundu. Əlbəttə,  Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni xüsusi qeyd etdim, belə bir qətnamənin qəbuluna görə təşəkkürümü bildirdim. Xatırladım ki, həmin qətnamədə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu qeyd edilir və ərazilərdən işğalçı qoşunların çıxarılması tələb olunur. Onu da bildirdim ki, tək bu qətnamə yox, BMT TŞ, AŞPA, ATƏT PA, İslam Konfransı Təşkilatının qətnamələrinə Ermənistan tərəfindən məhəl qoyulmur, beynəlxalq hüquq normaları saymazyana qulaqardına vurulur.

Yenilənmiş Madrid prinsipinin Azərbaycan tərəfindən qəbul olunmasına baxmayaraq, Ermənistanın bunu qəbul etməməsi və  vaxtı uzatması da təəssüflə qeyd edildi. Əksinə  bu ilin mart ayında hər iki ölkə rəhbərlərinin Soçi görüşündən dörd gün sonra erməni əsgəri tərəfindən  9 yaşlı azərbaycanlı uşağın snayper atəşi ilə qətlə yetirilməsi kimi bir vəhşiliyə yol verildi.

Nəhayət, Avropa Parlamentinin  bu ilin  mayın  12-də qəbul etdiyi qətnamənin Azərbaycana qarşı  qərəz və ikili yanaşmanın bariz nümunəsi olduğunu iştirakçıların diqqətinə çatdırdım.

- Qətnamə ilə əlaqədar   əsas iradınız nədən ibarət idi?

- Burada bir sıra məsələyə diqqəti çəkdim. Əvvəla qətnamənin qəbulundan 9 gün öncə, yəni mayın 3-də “Avronest” Parlament Assambleyası təsis edilmişdi. Biz düşünürdük ki, Avropa Parlamenti ilə bağlı demokratiya, insan hüquqları, iqtisadi, sosial, enerji sahələrində olan məsələlərin müzakirəsi üçün “Avronest” uğurlu platformadır. Amma “Avronest”in təsis edilməsi haqda qərarın mürəkkəbi qurumamış belə yanlış qətnamənin qəbul edilməsi heç anlaşılan deyildi.

İkincisi, qeyd etdim ki, qətnamədə Azərbaycanın Şrilanka və Belorusla eyni sıraya qoyulması da doğru deyildir. Çünki demokratiya və insan hüquqlarının müdafiəsi baxımından bu ölkələrdəki durum bir-birindən çox fərqlidir. Avropa Parlamentin prezidenti cənab Buzek Bakıya səfəri zamanı jurnalistlərin bu məsələ ilə bağlı ona ünvanladıqları suala eyni cavabı vermişdi. Cənab Buzek demişdi ki, Azərbaycanı nəinki bu ölkələrlə eyni sıraya qoymaq, heç onları müqayisə belə etmək mümkün deyil. Avropa Parlamenti ən azından Buzekin Bakıya səfərini gözləyə və onu narahat edən məsələləri Azərbaycan hakimiyyətinin diqqətinə çatdıra bilərdi. Ancaq bu belə olmadı və  tələm-tələsik formada belə bir qətnamə qəbul edildi.

Digər tərəfdən Azərbaycanla bağlı məsələnin təxirəsalınmaz bir məsələ kimi gündəmə gətirilməsi faktı ilə heç cür razılaşa bilmərik. Azərbaycanda təxirəsalınmaz, haqqında təcili tədbir görülməsi vacib olan nə baş verib? Axı hamı bilir ki, bizim qonşu ölkələrdə və Avropanın bir sıra digər ölkələrindəki vəziyyət Azərbaycanla bağlı qeyd olunan vəziyyətlə müqayisədə heç də yaxşı deyil. Bu gün Yunanıstan, İspaniya və digər ölkələrdə də sanksiyalaşdırılmamış aksiyalara icazə verilmir və onların qarşısı ən sərt formada, amansızlıqla alınır. Və yaxud dinc nümayişlərin silah gücünə dağıdılan zaman Gürcüstanda və Ermənistanda onlarla insan öldürüldü, yüzlərlə müxalifət fəalı həbs edildi, amma nədənsə bu ölkələrlə bağlı Avropa Parlamenti hər hansı bir qətnamə qəbul etmədi. Mən hələ qətnamədə qeyd olunan bir sıra məsələlərin ümumiyyətlə gerçək faktlara söykənmədiyini demirəm.

- QHT-lərə Dövlət Dəstəyi Şurasına Azərbaycanla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması yönündə müraciətlər yəqin ki, az olmur. Lakin hər xaricə səfər edən təşkilatın və ya fərdin bu işin öhdəsindən nə qədər uğurla gələcəyi bəlli deyil. Bu yöndə müəyyən bir iş görmək, mexanizm işləmək mümkündürmü?

- İlk olaraq onu deyim ki, Şuranın bu məsələnin reallaşdırılması üçün konkret mexanizmi var. Belə ki, maliyyə vəsaiti bu sahədə ixtisaslaşmış, bacarığı, biliyi və təcrübəsi olan təşkilatlara ünvanlı şəkildə  verilir. Bu iş bundan sonra daha da təkmilləşdiriləcəkdir. Düşünürəm ki, bunu təkcə müsabiqə çərçivəsində deyil, ayrı-ayrı proqramlar çərçivəsində də etsək yaxşı olar. Yəqin ki, Şuranın yaxınlarda keçiriləcək iclasında bu haqda geniş müzakirələr aparılacaqdır. Sualın ikinci hissəsinə gəldikdə isə deyim ki, Azərbaycanı təmsil edən QHT, fərd, fərqi yoxdur, müvafiq biliyə və səriştəyə malik olmalıdır. Ən müxtəlif şəraitdə müzakirə olunan məsələni mükəmməl bilməli, auditoriyanı hiss etməli və hətta təhrikedici  suallara hazır olub, Azərbaycanı uğurla təmsil etməyi bacarmalıdırlar. Belə QHT-lər var və əminəm ki, biz bunu uğurla reallaşdıracağıq.

- Bizdə olan məlumata görə elə həmin tədbirdə  ermənilər bəzi təhrikedici suallar  səsləndirilib.

- Ermənilərin orada iki istiqamətdə auditoriyanın diqqətini yayındırmaq cəhdi oldu. Bunlardan biri snayperlərin cəbhə xəttindən çəkilməsi, digəri isə yenilənmiş Madrid prinsipləri haqda idi. Qeyd edim ki, erməni nümayəndələri fəallığı ilə seçilirdilər. 9 Fariz Bədəlovun  qətli ilə bağlı faktı açıqlayandan sonra onlar vəziyyətdən çıxmaq üçün Azərbaycanı ittiham etdilər ki, Azərbaycan ordusu ön cəbhədən snayperləri geri çəkmir. Təbii ki, dərhal onun cavabı verildi və qeyd edildi ki, Azərbaycan tərəfi snayperlərin ön cəbhədən geri çəkilməsinə əvvəlcədən razıdır. Amma aydın olmayan Ermənistan işğalçı ordusunun snayperlərinin Azərbaycan torpağında hansı məqsədlə saxlanılmasıdır.

İkinci bir məqam o idi ki, erməni tərəfi bəyan etdi ki, guya Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul edib. Bu da növbəti yalan idi. Çünki  bu prinsiplərə əsasən münaqişənin mərhələli həll planı həyata keçirilməli, Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlar çıxarılmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalı, bundan sonra Azərbaycan vətəndaşları olan erməni və azərbaycanlı icmalarının yaxından iştirakı ilə Dağlıq Qarabağın hüquqi statusu müəyyənləşməlidir. Hüquqi status isə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn verdiyi normalar çərçivəsində həll olunmalıdır. Ancaq hamı bilir ki, Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul etmək istəmir və bu səbəbdən işğal etdiyi Azərbaycan torpaqlarını azad etmir. Əgər erməni tərəfi bunu qəbul edirsə, qoy rəsmən bildirsin. Daha sonra səfirimiz Emin Eyyubov da müzakirələrə qoşuldu. O, snayperlər və yenilənmiş Madrid prinsipləri haqqında iştirakçılara daha ətraflı məlumat verdi. Səfir çıxışında bir daha Ermənistanın beynəlxalq hüququn bütün normalarını kobud şəkildə pozduğunu diqqətə çatdırdı. Bundan sonra ölkəsinin haqsız mövqeyini yalan məlumat vermək hesabına müdafiə etməyə çalışan erməni nümayəndəsinin sözü  tədbirin aparıcısı cənab Vatson tərəfindən yarımçıq kəsildi. Bu hal isə erməniləri auditoriya qarşısında pərt etməklə yanaşı onların nə qədər haqsız olduğunu göstərdi.

- Bu müzakirələrin Azərbaycana xeyir gətirəcək səviyyədə davamlı olmasını təmin etmək üçün bundan sonra Milli Məclis daha nə etməlidir?

- Mənə belə gəlir ki, burada parlament səviyyəsində işlər davam etdirilməlidir. Etiraf edək ki, Azərbaycan Milli Məclisi bu sahədə çox aktivdir. Ümumiyyətlə, Milli Məclis beynəlxalq tədbirlərə xüsusi önəm verir, onlarda fəal iştirak edir. Biz həm özümüzü tanıdırıq, fikirlərimizi, problemlərimizi çatdırırıq, həm də ümumavropa dəyərlərinə öz töhfəmizi veririk. Eyni zamanda Avropa parlamentində iş görmək lazımdır. Burada qərarların həyata keçmə mexanizmi digərlərindən daha çevikdir. Avropa Parlamentinin üzvləri üzv ölkələr tərəfindən birbaşa seçilir və daimi əsasda fəaliyyət  göstərirlər. Ona görə bizim bu qurumla iş mexanizmimiz fərqlənməlidir. Bu baxımdan Avronest Parlament Assambleyası çərçivəsində konkret iş planı və  strategiya hazırlanmalıdır.  Avropa Parlamentində fəaliyyət göstərən partiya qrupları və nüfuzlu deputatlarla ciddi şəkildə işləmək lazımdır. Ədalət naminə onu da deməliyəm ki, Milli Məclisin sədri hörmətli Oqtay Əsədov beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərinə hər zaman müvafiq tövsiyələrini verir və bütün səmərəli, əsaslandırılmış təşəbbüsləri  dəstəkləyir. Təbii ki, burada vətəndaş cəmiyyətinin də rolu qeyd edilməlidir. Vətəndaşların toplaşdıqları, yaratdıqları qurumların da ayrıca vəzifəsi olmalıdır. Ona görə, bir daha təkrar edirəm ki, Şura bu sahədə ciddi müzakirələr aparacaq və bu sahədə təcrübəsi, gücü olan təşkilatlarla əməkdaşlığı daha da gücləndirəcəkdir.

 Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir