20 oktyabr 2017, Cümə
Ana Səhifə - REPORTAJ - “Aprel döyüşü”nün qəhrəman qardaşları - biri şəhid oldu, o biri şahid: “Nurlan qucağımda can verdi” - FOTOLAR  
“Aprel döyüşü”nün qəhrəman qardaşları - biri şəhid oldu, o biri şahid: “Nurlan qucağımda can verdi” - FOTOLAR   +
03.10.2017, 12:16

Vətəni qibləgah edən şəhidlər

- Ana, mənə pul ver, dükandan nəsə alıb gətirim, evdə heç nəyimiz yoxdur...

- İntiqam 40 qəpik pulumuz var, al sənin olsun...
 

İntiqam 40 qəpiyi anasından aldı, kəndə çıxdı, axşam evə qayıdanda həmin pulun 20 qəpiyini medalyon şəklinə salıb, yadigar saxlayacağına qərar verdi...

Sonra əsgər getdi, əsgərlikdən qayıdandan sonra, Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmətə başladı. Özündən 5 yaş kiçik olan qardaşı Nurlan Əsgərli hər dəfə qardaşının  məzuniyyətə gəlməsini həvəslə gözləyirdi. Böyük qardaşına bir qəhrəman kimi baxırdı. Anasının nağıllarda danışdığı qəhrəman kimi...


Ziba və Bayram Əsgərovlar ailə quranda dünyanın düz vaxtı deyildi. 1990-cı ildə İntiqam dünyaya gəldi. Sonra da övladlarının sayı 4-ə çatdı. Zibanın adını atası Böyük Vətən Müharibəsində qəhrəmanlıq göstərən Ziba Qəniyevanın adına uyğunlaşdırıb qoymuşdu. Bir tərəfdən də mayın 9-da Qələbə günündə doğulmuşdu. Ziba elə uşaqlığından dəftərə, kitaba meyilli oldu. Adının mənasını dərindən bildiyindən döyüş, müharibə kitablarını oxuyar, daha çox belə süjetli filmlərə baxardı. Uşaqları ondan nağıl istəyəndə, özünün düzüb-qoşduğu nağıllardan danışardı. Qızları Nahidə və Səfurənın igid qız qəhrəmanları var idi, oğlanları üçün isə bir balaca qəhrəman əsgər uydurmuşdu. Bu “Balaca əsgərin nağılı”na ən çox Nurlan inanmışdı:


“... Balaca əsgər  bir gün ata-anasının sözünə baxmadı. Kəndin yoluna çıxdı. Yolun böyük döngəsində əlində torba gəzdirən erməni onu torbaya qoyub apardı... Balaca əsgər nə qədər qışqırdısa, səsini kimsə eşitmədi. Lakin torbada olan deşikdən yollara baxırdı. Axşam vaxtı, qışın soyuğunda erməni balaca əsgəri bir qaranlıq dərəyə apardı. Onu torbadan çıxardı... O, ətrafına baxanda  kəndlərindən olan bir neçə dostunu və tanımadığı uşaqları gördü. Onlar çirkin içərisindəydilər. Bir çoxunun üstü-başı qan idi. Uşaqların əlləri-üzləri də qapqara idi. Həm də soyuqdan donurdular... Saqqallı, lopabığ, dişləri yekə, qorxulu və vahiməli, beli donqarlı erməni kişi onlardan üşüyüb-üşümədiklərini soruşdu. Uşaqlar qorxa-qorxa “Üşüyürük”, -dedilər.  Saqqalllı erməni gülə-gülə: “Dayanın, indi sizi bir ocağa qatıb isidəcəyəm”-  dedi.... Uşaqlar bir səslə qışqırıb ağlamağa başladılar. Erməni kişi yanındakı küpəgirən qarı ilə birlikdə uşaqlara qışqıraraq, “kəsin səsinizi”- dedilər. Uşaqlar səssizcə hıçqıra-hıçqıra ağlayırdılar.  Sonra , bu qorxulu qadın və kişi uşaqları bir qara dəmir borunun  içərisinə doldurdular. Uşaqlar elə hey qışqırırdılar. Borunun hər iki başını qaynaqladılar. Uşaqlar qorxudan borunun bir tərəfinə yığılaraq bir-birinə sığındılar... İçəriyə isti və tüstü dolurdu... Bir azdan ermənilərin ayaq səsləri kəsilidi... Onlar uşaqları həmin dərədə üstündə ocaq qalanmış borunun içərisində qoyub uzaqlaşmışdılar. Birdən Balaca əsgərin əli borunun divarına dəydi. Hiss etdi ki, boru barmaq dəyəndə ovulur. O uşaqlara səsiz dayanmalarını deyərək, paltarlarının üstündəki düymələrlə həmin deşik yeri qazımağa başladı. Və borunun həmin yeri ovulub yerə töküldü.  Uşaqlar bir-bir borunun içərisindən çıxanda gördülər ki, yağan yağış ermənilərin qaladığı ocağı alışmağa qoymayıb. Və Balaca əsgər yanındakı uşaqları dərədəki yolla  üzüyuxarı çıxarıb, Azərbaycan əsgərlərinin dayandığı yerə qədər gətirdi.
Balaca əsgər hərbi hissədəki əmilərə dedi ki, o ermənilərin harada olduğunu da öyrənib... Səhəri gün əsgərlərlə dost olan balaca qəhrəman ordumuzun kəşfiyyatçılarını həmin əraziyə aparıb, ermənilərin olduğu yeri də göstərdi... Azərbaycan əsgərləri orada düşmənlərimizi, torpaqlarımızı işğal edənləri, uşaqları oğurlayıb torbaya yığan qadın və kişini də öldürdülər. O gündən sonra, Balaca əsgər Azərbaycan əsgərlərinə bir çox əməliyyatlarda yardım etdi. Çünki o balaca olduğundan ermənilərin tutduğu ərazilərə gedir, gözə görünmürdü. Ona verilən tapşırıqları yerinə yetirib gəlirdi, həm də ermənilərin bizim işğal etdiyiniz torpaqlarda hansı işlər gördüyünü bizimkilərə söyləyirdi...”.


Ziba xanım belə nağıllarla uşaqlarını yatırar, dərs öyrədərdi... Əslində ana südü ilə qəhrəmanlıq öyrənmək, Vətəni sevmək belə olur. Bir də ki, uşaqlar əmiləri Polad haqqında soruşmuşdular analarından: “Ana, Polad əminin də ayağını həmin erməni kişi yaralayıb?”.

- Bəli, ermənilərin atdığı güllədən yaralanıb.

- Ana mən böyük oğlan olanda, gedib həmin erməniləri öldürəcəyəm...

- Əlbəttə, mənim balam, axı sən bir aslansan, şirsən, qəhrəmansan. Düşmənləri hər zaman məhv etməyi bacarmalısan...

Nurlan Əsgərli artıq kitab oxuyub, dərs anlayandan sonra, əmisi Poladın başına gələn əhvalatı tam təfərrüatı ilə bildi:

1993-cü ilin fevral ayında  Poladgil Ağdərədə mühasirəyə düşəndən, bir neçə gün sonra, Masallının Kalinovka kəndinə bir tabut gəldi. Açıb baxanlar, onun Polad Əsgərov olduğunu təsdiq etdilər. Və Poladı kənd qəbristanlığında dəfn etdilər...” . Bir neçə gün keçəndən sonra isə, məlum oldu ki, Əsgərovların dəfn etdiyi şəhid Polad deyil... Çünki Poladın Sumqayıt şəhərində xəstəxanada yatdığından xəbər tutdular. Ailə üzvləri də, kənd camaatı da sevindi ki, Polad sağ-salamatdır. Bununla belə, adını bilmədikləri, ehtiramla dəfn etdikləri naməlum əsgərin də xatirəsini əziz tutub, öz oğulları kimi onun da yas məclisini verdilər. Aradan 18 gün  gün keçəndən sonra, Qubanın Əlibəy Qılaq  kəndində yaşayan ailə gəlib sorağa-soraq  Masallının Kalinovka kəndində Əsgərovları tapdılar. Şəhidlərinə belə böyük ehtiram göstərib, el adət-ənənəsiylə dəfn etdikləri üçün minnətdarlıqlarını bildirib, öz şəhidlərini yenidəən Qubaya, doğulduğu kəndə apardılar.
O gündən etibarən kədər bu iki ailəni bir-birinə sıx tellərlə bağladı. Quba və Masallıdan olan iki açı yaşayan ailə dost oldular. Nağıla bənzər bu hadisəni Kalinovka kəndində  böyükdən tutmuş kiçiyə qədər hamı bilirdi. 1992-ci ildən 2016-cı ilə kimi kənd 6 şəhid vermişdi. Şəhidlərdən biri də milliyətcə rus olan,  Kalinovkada doğulmuş Belim Yevgeniy Nikolayeviçdir. Qarabağ uğrunda döyüşlərdə şəhid olan Belim Yevgeniy Nikolayeviçin ailəsi hər zaman hörmətlə yad edilir. Bu kəndin camaatı onun xatirəsini uca tutur. Jenyanı kəndin girəcəyindəki parkda dəfn ediblər ki, heç zaman unudulmasın. Hər il bayram və hüznlü günlərdə kəndin şagirdləri bu məzarın üstünə gəlib, Jenyanı hörmətlə yad edirlər...

Ziba idmana böyük marağı olan hər iki oğlunu - Nurlanı və İntiqamı boks və güləş növünə yazdırmışdı. Hələ lap uşaq yaşlarından oğlanlarına çevik olmağı öyrətmişdi. Hədəfə vurmaq, atılan hədəfi göydə tutmaqla əl hərəkəti çevikliyini də onlara aşılamışdı. Bütün bu keyfiyyətləri oğlanlarına ona görə aşılayırdı ki, arzusunda olduğu hərbçi peşəsinə özü yiyələnməsə də, oğlanları yiyələnsin.

O gün gəldi. Əvvəlcə böyük oğlu İntiqam əsgər getdi. Elə özünün arzuladığı kimi Xüsusi Təyinatlıların kəşfiyyat bölüyünə yazıldı. 



Nurlan isə 2014-cü ildə əsgər getdi. Heç əsgərliyini başa vurmamış, xüsusi keyfiyyətlərinə görə onu da Xüsusi Təyinatlıların təlim kursuna yazdılar. 2015-ci ilin avqust ayında kursu bitirdi.
Anasının yanına gələndə üstü yazılı köynəyini istədi:


- Ana mənim üstünə “Hər ananın oğlu əsgər olur, ancaq hər qızın sevdiyi KOMANDO olmaz!” yazılmış köynəyim vardı...  onu ver geyinim.  Mən qarşıma qoyduğum məqsədə çatdım.

Şəhid anası:


- Kursdan evə gəlib çəkmələrini çıxaranda, dəhşətə gəldim. Ayağının dərisi soyulmuşdu. Təlimlərdə çəkməni ayağından çıxarmayıb ki, birdən kursu yarımçıq dayandırarlar. Nurlanı bir an da unuda bilmirəm... Bir dəfə də 2016-cı ilin yanvar ayının əvvəlində məzuniyyətə gəlmişdi. Dedi ki, “ana, yadındadır, mənə “Balaca əsgərin nağılı”nı danışardın... Mən o nağılı həqiqət kimi qəbul etmişdim. Gedib dərsdə uşaqlara danışırdım. Onlar da həmin kitabı axtarıb tapmırdılar, mənə deyirdilər ki, o kitabın harada satıldığını öyrənim... Məni yamanca inandırmışdın. Yalnız 11-ci sinifdə oxuyanda bildim ki, elə bir nağıl yox imiş... Yalnız onda bildim ki, o nağılları sən özün uydururdun...”.
Bir dəfə  qış ayında evə gəldi. Qabağına qaçıb qucaqladım... balamın qəribə bir ətri vurdu məni... Elə bil ki, cənnət ətri idi. Belə xoş qoxu yalnız körpə mələk simalı uşaqlarda olur... Oğlumun həmin qoxusundan halbahal oldum... O bir başqa qoxu idi. İçərimə bir üşünmə gəldi... Dedim, ay Allah xeyrə yozulsun... Oğlanlarım hərbi xidmətdən evə nə zaman gəlsələr, alınlarından öpərdim... Deyirdim ki,  sizə qurban olum, sağ olun, el içində, çalışdığınız yerdə başımı uca etmisiniz. “Qurban olum” deməyimə razı deyildilər. Deyirdilər ki, ana biz sənə, vətənə qurbanıq.

Bütün kasıb adamlar kimi bizim də çətin günlərimiz çox oldu. Uşaqların atası fəhlə işləyib, ailəmizi dolandırırdı.
Nurlan hərbi xidmətə başalayandan sonra, bir gün mənə dedi ki, “ana mən qoymayacağam ki, kimsə sizə yuxarıdan aşağı baxsın...”. Kasıba yuxarıdan aşağı baxarlar axı... Uşaqlarımın kasıbçılıqdan o qədər sıxıntıları olmuşdu ki... 

Bu kənddə Elvin adlı bir dostu var. Bir gün onu götürüb gəldi evə. Dedi ki, “ana bu Elvin mənim ruhumduir. Mən olmayanda sənin yanında məni əvız edəcək”. Heç nə anlamadım. Sonra dedi ki, “onun anası da məni çox istəyir, deyir iki oğlum var, sən də onu mənim qədər istə”. Sonra da üzünü Elvinə tutub “mən evdə olmayanda, hər gün gəlib anamı yoxla...” dedi. Elvin də hər gün gəlib mənə baş çəkirdi.


2016-cı il aprelin 2-də gündüz vaxtı zəng vurdu. Dedi ki, “...ana indi mən telefonu söndürəcəyəm. Bizdən narahat olma, özünü qoru”.
İçimdə təlatüm olsa da, uşaqlarımdan arxayın idim. Fikirləşirdim ki, onlar suda batmaz, odda yanmazdırlar. Ancaq qəfildən bir il əvvəl gördüyüm yuxunu xatırladım. Yuxumda görmüşdüm ki, Nurlan ikinci qatdakı evdə oturub, qarşısında bir qutu var, qutudan onun üzünə işıq seli ələnib... Nurlan isə elə fikirlidir ki... 

Aprelin 4-ü  gördüm ki, ürəyim sıxılır, həyətə çıxdım, torpağı belləmək istədim. Gördüm ki, qollarımda güc yoxdur, özümə yer tapa bilmirdim... Günortadan sonra, yoldaşım Bayramı çağırdılar, darvazadn çölə çıxdı. Baxdım ki, anamgilin həyəti tərəfdə cavan uşaqlar yığışıb... Yolumuzun üstündə çoxlu gedib-gələnlər var idi... Axşam saat 9-da bacım və gəlinimiz ağlaya-ağlaya həyətə gəldilər... Sonra heç nədən xəbərim olmadı... Məni iynə vurub, ayıltmışdılar. Hər şeyi yuxu kimi xatırlayırdım... Özümə gələndə bildim ki, Nurlan şəhid olub, böyük oğlum İntiqamı axtardım, o da yox idi. Əslində iki balamın heç birindən xəbərim yox idi... Mən iki oğlum üçün də narahat idim. Özümə gələndə Allaha yalvardım ki, kaş oğlumun səsini eşidəm. İnanın Allaha ki, birdən Nurlanın səsi gəldi qulalqlarıma, söylədi ki, “ana mənə layla de...”. Əətrafıma baxdım. Elə bildim yanımdadır... Başladım layla deməyə...

Laylay şəhidim laylay,
Ala göz balam laylaly.
Laylay əsgər balam laylay,
Laylay igidm laylay.
Qardaşını meydanda tək qoyan,
Balam laylay, a laylay...
Nağılları çin olan,
Özü göyərçin olan,
Bayrağa bükülü gələn
Balam laylay , ay laylay,
İgidim laylay, laylay...

Nurlanı ağlaya-ağlaya, Allaha şükr etdim ki, nə yaxşı ki, İntiqam salamat qayıdıb. Çünki yeznəmiz zəng vurub öyrənmişdi ki, İntiqam salamtdır. O gündən bu günə qədər hələ bir dəfə də olsun, İntiqam məni ağlayan görməyib. Ağlayıb, uşaqlarımın bağrını qan etmək istəmirəm.

İndi yuxularıma yalvarıram ki, Nurlanı mənə tez-tez göstərsin. Deyirdilər ki, qarnından yaralanıb. Mənə göstərmədilər oğlumun cansız bədənini.  Bir gün yuxuma gəldi. Ağappaq bir gözəl libasda idi. Köynəyini qaldırıb dedi ki, “ana bax, mənim heç yerimdə yara yoxdur. Sap-sağlamam...”.
Gəldiyi kimi də qeyb olub getdi... Nurlanım işıq, nur kimi göyə qalxdı, göyə şölə saçdı... Nurlanım dünyanın nuruna çevrildi...

İntiqam balam odun-alovun içərisindən salamat qayıtdı. Allah onu yəqin ki, mənə bağışladı. İki qanadımdan birini saxladı. İndi İntiqamı Nurlanın dostu Elvinin bacısı ilə nişanlamışam... Fikirləşdim ki, Elvin indi mənə daha əziz olacaq...


Şəhid atası Bayram Əsgərov oğlu  haqqında danışmağa çətinlik çəkdi. Səsi soyuqda üşüyən adam kimi titrəyirdi. Həyətdəki toyuq-cücəni, mal heyvanı göstərib dedi: “Bunların hamısını mart ayında alıb gətirdi ki, atam daha gedib özgə qapılarında işləməsin, başı qarışsın”. Mən də həvəslə balalarım üçün yetişdirirdim bu mal-heyvanı. Neynək... qismət, yazı belə imiş...


Balarımı kasıbçılıqla böyütdüm. Bu gördüyünüz evi də onalrın sayəsində başa gətirdim. İntiqam  ilk hərbi xidmətini Murovda başladı. Qulluq etdiyi vaxtdan, maaş kartını gətirib mənə verib, dedi ki, ata, özün necə istəsən elə də xərclə. Hər iki oğlum bacarıqlı idmançılar idi. Karate, əlbəyaxa və qaydasız döyüş növlərini dərindən bilirlər. Nurlan da, İntiqam da həmişə deyirdilər ki, “Ata biz halal çörək yemişik, ona görə də sənə minnətdarıq”.

Tanrı şəhidliyi halal çörək yeyənlərə, qəlbi ilə əməli düz olanlara yazar. Aprelin 2-dən sonra oğlanlarımla əlaqə qura bilmədim. Anası durmadan ağlayırdı. Deyirdi ki, şəhidlər var.  Ayın 4-də  bacanağım qapıya çağırıb mənə Nurlanın yaralandığını dedi... sonra görəndə ki, kənd çamaatı doqqazımıza yığılır, bildim ki, bu yaralı məsələsi deyil... Aprelin 5-i səhər o başdan  oğlumun tabutunu gətirdilər... İntiqam yox idi... sonradan bildim ki, Nurlanı  odun-alovun içərisindən elə İntiqam özü çıxarıb.

Həmişə bu qapıdan oğlanlarımı qoşa yola salardım. İntiqam artıq zabit olduğundan, ona deyirdim ki, əsgərlərinə yaxşı bax. Onlar da sənin qardaşlarındır. İncitmə əsgərləri. Kaş biləydim ki, Nurlan harada həlak olub, gedib bircə dəfə o torpağı öpüb qoxlayaydım, ondan başqa dərdim olmazdı... Oğlumun qanının, canının ətrini şəhid olduğu yerə getsəm ,hiss edərəm... Və yalnız ondan sonra rahatlaşaram...

Bayram oğlanları İntiqam və Nurlandan xeyli şirin xatirələr danışdı... Hərəsi bir nağılın mövzusudur. Söhbətimizin şirin yerində darvaza açıldı və Nurlanın nənəsi Ədəbnaz xala gəldi. Nurlan haqqında xatirə yazmaq istədiyimi deyəndə, onu ağlamaq tutdu:


“Nurlan gözəl , ağıllı bala idi... heyif oldu... cavan canı torpaqlara qarışdı. Nurlan gedəndən sonra əynimə təzə paltar geyinmirəm. El-oba mənə nə deyər?! O günü ölənə qədər unutmayacağam. Belimizi sındırdı Nurlan...
 Axşam düşmüşdü. Yerdə xəstə yatırdım. Bir də gördüm, gəlinim haray çəkib ağladı. Soruşdum nə olub? Dedi ki, Nurlan şəhid olub. Başıma-gözümə döydüm... Bir də baxdım ki, el-oba həyətimizə yığılıb, dedim daha bura niyə yığılırsınız, gedək qızımın həyətinə... Camaatı yığıb, Zibanın həyətinə gətirdim. Gecənin bir aləmində dedilər ki, bəs  bu xəbər bizim Nurlanın deyil, başqa Nurlanın xəbəridir. Vallah, öz balamızdır da, sevindik ki, salamatdır. Allaha şükr elədik. Bizim qohum-əqrabadan Qarabağ müharibəsində iki şəhidimiz də var. 1993-cü ildə, qızımın qaynı Poladın da ölüm xəbəri gəldi, onu səhv salıb, başqasını dəfn elədik... Elə bil ki tarix təkrar olunurdu... Bu da Ağdərədən gələn xəbər idi, Poladın da xəbəri Ağdərədən gəlmişdi... Bir təhər səhəri açdıq. Küçəyə çıxanda gördüm ki, həyətdə mağar qurulub... Onda inandım ki, balam yoxdur... Dedim ki, belimiz sındı...


İndi kəndimizdə bütün uşaqlar Nurlana oxşamaq istəyir. Hamının evində Nurlanın  böyüdülmüş şəkli var. Zibanın oğulları qəhrəmanlıq etmək üçün doğulublar... Şükür Allahın yazdığına, biz onun hökmünün  altında nə edə bilərik ki...

Nurlan Əsgərli haqqında danışılanlara burada ara verib, qardaşı İntiqam Əsgərlinin “Aprel döyüşü” haqqındakı acı və fəxarətlərlə dolu xatirəsini ipə-sapa düzdüm. Masallının Kalinovka kəndində Qalibiyyət savaşımızın həm şahidi, həm də şəhidi var. Şəhid haqqında yazdım, şahid isə şəhidin qardaşıdır.



.... Əvvəllər belə deyildi, əsgərlərimiz, zabitlərimiz döyüş şücaətlərindən, qəhrəmanlıqlarından danışardılar. İndi, “Hərbi sirdir” deyib, danışmaq istəmirlər. “Aprel döyüşü”nün iştirakçısı, xüsusi təyinatlı zabitimiz İntiqam həmin günlərini belə xatırlayır:


- Çoxdan gözlədiyimiz məqam yetişmişdi. Komandanlıqdan aldığımız təlimat əsasında deyilən mövqələrə yol tutmuşduq. Qardaşım Nurlan da mənimlə eyni bölükdə idi. Biz döyüş mövqelərinə aprelin 2-də keçdik. Gecə-gündüz bilmədən vuruşduq, döyüşdük. Arada bir dəfə ətrafıma baxıb, Nurlanı yanımda görmədim, çünki döyüş şiddətləndiyindən  hərbçi dostlarımızı, döyüş yoldaşlarımızı itirməyə başlamışdıq. Lakin itkilərimiz elə də çox deyildi. Gözlərim Nurlanı axtardı. Fikirləşdim ki, Nurlana burada bir şey olsa, ata-anama nə cavab verərərm. Böyük qardaş kimi onun məsuliyyəti var idi üstümdə. Tez onun tərəfinə keçdim. Nurlan məni görüb, yüksək əhval-ruhiyyə ilə qabağa keçdi. Bunu etməklə, əslində məni atılan güllələrdən qorumaq istəyirdi. Demək olar ki, yanaşı addımlayırdıq. Komandirlərimiz - polkovniklər Vuqar Yusifov, Raquf Orucov, Murad Mirzəyev, Muhit Orucov kimi zabitlərin yanımızda olması bizə ikiqat güc vermişdi. Ermənilər də artıq postları qoyub qaçırdılar. Hər bir mənada üstünlük bizim tərəfimizdə idi. İrəlilədikcə, ayağına zəncir vurulmuş arıq, çəlimsiz düşmən əsgərlərinin meyitini görəndə dəhşətə gəlirdik. Əsgərlərini postlarda zəncirləmişdilər ki, qaçmasınlar. Çünki bu torpaqlar  o cavan uşaqların olmadığından, zəbt olunan ərazilərdə məcburi surətdə qalmışdılar. Və buna görə də erməni odrusunda fərarilik pik həddinə çatıb.
Komandirlərimizin yüksək əhval-ruhiyyəsi bizim də döyüş ruhumuza yüksək təsir edirdi. Nurlan snayper idi. Daim önə keçib, sərrast atəşlərinə davam edirdi. Döyüş şəhidsiz, yaralısız olmur... Bu qələbə soraqlı döyüşdə Türkiyədə birgə təlimdə olduğum Orxan Hümbətovu itiridim. Orxanı şəhid olmazdan əvvəl bir az bikef gördüm. Nə baş verdiyini soruşdum. Dedi ki, qardaşı nişanlıdır. Kaş buradan sağ çıxa, onun toyu olandan sonra, ölməyə hazırdı.
Bu sözlərindən  bir neçə saat sonra, Orxanı itirdik... Sonra Məhəbbət şəhid doldu... Sonra yaxın dostum Təbriz Əsgərov şəhid oldu... 


Aprelin 4-də səhər obaşdan komandirlərimizin şəhid olması xəbərini aldıq. Həmin vaxt biz onları arxadan qoruyurduq. Aldığımız mövqelərdə əməliyyat şəraitində irəliləyirdik. Əmrə uyğun olaraq göydən yağış kimi yağan güllələrin altında keçib yaralıları və şəhidləri səngərdən çıxarmağa başladıq. 
Bir neçə saat bundan əvvəl geri aldığımız ərazini düşmən tərəfi mərmi atəşinə tutdu. Yüksək çinli zabitlərimizin olduğu yer də həmçinin. Dağlıq ərazi olduğundan  güllə yağışı altında cansız bədəni çıxarmaq bir az çətinlik yaradırdı. Növbəti dəfə çıxardığımız adamın komandirimiz Raquf Orucov olduğun biləndə, Nurlan dəhşətə gəldi. Dedi ki, bu heyifi düşməndə qoymayacaq, dedi ki, biz qəhrəmanlığı, şücaəti, mərdliyi bu kişidən öyrəndik. Bu dağlarda daha belə oğul doğulmayacaq...
Komandirimizi şəhid gördüyümüzdən ikimiz də çox sarsılmışdıq. Müəyyən bir məsafəyə qədər aparıb, arxada bizi gözləyən əsgərlərə təhvil verdik, sonra Vüqar Yusifovu çıxarmağa getdik.  Elə bu vaxt yenə də  bizim tərəfə mərmi düşdü. Torpağın toz-dumanı çəkiləndən sonra, baxdım ki, Nurlan yoxdu. Onun yıxıldığı istiqamətə qaçdım. Qardaşım yaralanmışdı.  Fikirləşdim ki, üstümdəki tibbi ləvazimatla ona yardım edə bilərəm... Mən Nurlana çatanda, hələ canını tapşırmamışdı... Onu qollarımın arasına aldım... 30 saniyədən sonra qardaşım düşməndən geri aldığımız torpaqlarda, qəhrəmanlıqla şəhid oldu. Həm əziz dostlarım, həm də qardaşım keçmiş Ağdərə rayonu ərazisində əbədiyyətə qovuşdu. Bircə təsəllim o idi ki, şəhid olan gizir və zabitlərimiz bayrağımızı düşməndən geri aldığımız yüksəkliyə sancmışdılar.


Nurlan həmin bayrağımızın yanına gedib onu öpməklə öz arzusuna çatmışdı.


... Və mən... Mən qardaşımı qucağıma götürüb döyüş meydanından çıxardım... Canı-qanı bir olan qardaşının, dostunun şəhid oluğuna şahidlik etmək çox dəhşətlidir. Baxmayaraq ki, biz bütün bu acı xəbərlərə alışmışıq, ancaq həm qardaş, həm də dost itirmək ağır şeydir... Döyüş meydanında , qarış-qarış azad etdiyin torpaqların sevinci bu ağır itkini dərindən anlamağa imkan vermir...
Ancaq zaman keçdikcə, anlayırsan ki, illərlə birlikdə böyüdüyn qardaşın və yaxud da ağır təlimlərdə, sınaqlarda kürək-kürəyə söykənib arxalandığın dostun indi yanında yoxdur, bax bu çox çətin qəbullanır... Bu Tanrının qisməti və yazısıdırsa, Vətən torpağı uğrunda qurban getmək vəzifə və şərəf borcumuzdur.


O soyuq aprel günortasında, o ağır dəqiqələrdə qardaşımı qollarımın üstündə daşımağım ömrümün ən ağır yükü oldu. Beynimdə bir fikir var idi: indi mən ata-anama nə cacab verəcəm? Axı mən özümdən kiçik qardaşımı bu döyüşdə qorumalıydım. Hərdən özümə haqq qazandırmaq istəyirdim ki, onsuz da Nurlan özü döyüş boyu məni qorumaq üçün qabağıma keçirdi... Ancaq bu bir qismət idi. O güllələr həmin gün məndən yan keçdi... Qardaşımı gətirib zabitlərə təhvil verəndən sonra, yenə geri qayıtdım ki, polkovnik Vüqar Yusifovu gətirim... Qardaşımın həlak olduğunu bilən döyüşçü dostlarım, bu dəfə məni qanlı döyüş meydanından çıxardılar...


Qardaşımın tabutunu kəndimizə aparanda mən yox idim.  Məni qorumaq üçün, başqa yerdə saxlayırdılar ki, stressim keçsin. Qardaşımın dəfnindən sonra, aprelin 5-də axşam kəndimizə gəldim... Yollar elə uzun, elə ağır idi ki... elə bil ayaqlarımdan daş asılmışdı... Qorxurdum, kəndimizin adamlarından qorxurdum, atamdan-anamdan, bacılarımdan, el qınağından qorxurdum. Fikirləşirdim ki, onların üzünə necə baxacağam, axı mən döyüş meydanında qardaşımı qoruya bilməmişdim... Onlara nə deyəcəkdim... Gəlib həyətimizə çatdım... Atam elə balacalaşmışdı ki... lakin məni görüb qabağıma gəldi. Qucaqlayıb üzümdən öpdü. Sonra, məni kənara çəkib “İntiqam, mənə düzünü de, Nurlan niyə öldü, döyüşdə zəif iştirak etdimi, döyüşdən yayındımı...?!”

... Mən atama Nurlanın necə şücaət və qəhrəmanlıqla döyüşdüyü bütün anları danışdım... Ondan sonra atam alnımdan öpüb dedi: “İndi rahatam...Haqqımı sizə halal edirəm... Kaş Şuşaya bayraq sancandan sonra şəhid olaydı... heyf, fələk imkan vermədi...”.

... Atam məndən ayrılıb, yas mağarına gedəndə, artıq sınmış qaməti dikəlmişdi...

               
Bütün şəhid evləri eyni cürdür. Kasıb, sevincsiz. Divarlarından da kədər axır. Bütün şəhid evlərində  Aprel ayında qəhrəmanlıqla həlak olan oğlanların böyük portretləri, onlardan qalan xatirə əşyaları saxlanılır.  Bu il dekabrın 3-də 22 yaşı tamam olacaq Nurlan Əsgərlinin də adına bəzədilmiş şəhid otağı onun xatirələri ilə doludur. Anası Ziba xanımın dediyi kimi, hər qarışda, hər əşyada, hər şəkildə bir xatirə qoyub gedib. Bütün əşyaları dilsiz olsa da, sanki danışırlar. Danışan xatirələrdir... Masallının Kalinovka kəndinin girəcəyində indi Nurlan Əsgərlinin xatirəsini əbədiləşdirən küçə də var...



Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İspaniya mətbuaı “Qarabağ”l erməni klubu kimi təqdim etdi, üzr istədi   
20.10.2017, 14:35

İspaniya mətbuaı “Qarabağ”l erməni klubu kimi təqdim etdi, üzr istədi  

Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edib
20.10.2017, 14:24

Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edib

Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 
20.10.2017, 14:08

Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 

Büdcədən AXC-nin 100 illiyi üçün 5 milyon manat ayrılacaq
20.10.2017, 13:58

Büdcədən AXC-nin 100 illiyi üçün 5 milyon manat ayrılacaq

Niderland səfiri: “Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”
20.10.2017, 13:53

Niderland səfiri: “Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”

Mərkəzi Kəşfiyyat İdarəsi: “ABŞ Şimali Koreyanın nüvə zərbələrinə hazır olmalıdır”
20.10.2017, 13:39

Mərkəzi Kəşfiyyat İdarəsi: “ABŞ Şimali Koreyanın nüvə zərbələrinə hazır olmalıdır”

3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı    
20.10.2017, 13:33

3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı  

Deputat dövlət orqanlarını şəkillərə görə hörmətsizlikdə SUÇLADI
20.10.2017, 13:27

Deputat dövlət orqanlarını şəkillərə görə hörmətsizlikdə SUÇLADI

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...
20.10.2017, 13:19

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...

Poçt xidmətinin əhatə dairəsi dəqiqləşib
20.10.2017, 13:17

Poçt xidmətinin əhatə dairəsi dəqiqləşib

Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi
20.10.2017, 13:13

Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi

Bakıda həyət evlərindən oğurluq edən yaxalandı   
20.10.2017, 13:12

Bakıda həyət evlərindən oğurluq edən yaxalandı  

Milli Məclis yeni medal təsis etdi
20.10.2017, 13:11

Milli Məclis yeni medal təsis etdi

Putin Ramazan Abdulatipova yeni vəzifə verdi   
20.10.2017, 13:07

Putin Ramazan Abdulatipova yeni vəzifə verdi  

Deputat təklif verdi, Oqtay Əsədov “onsuz da xeyri yoxdur” dedi
20.10.2017, 13:06

Deputat təklif verdi, Oqtay Əsədov “onsuz da xeyri yoxdur” dedi

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ
20.10.2017, 13:01

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ

Naxçıvanın Konstitusiyası dəyişdi
20.10.2017, 12:56

Naxçıvanın Konstitusiyası dəyişdi

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  
20.10.2017, 12:55

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  

Sumqayıtda polis oğrunu tutdu
20.10.2017, 12:51

Sumqayıtda polis oğrunu tutdu

“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”
20.10.2017, 12:50

“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”

Sabahın hava proqnozu AÇIQLANDI
20.10.2017, 12:48

Sabahın hava proqnozu AÇIQLANDI

2018-ci ilin dövlət büdcəsinin bütün GÖSTƏRİCİLƏRİ bəlli oldu
20.10.2017, 12:35

2018-ci ilin dövlət büdcəsinin bütün GÖSTƏRİCİLƏRİ bəlli oldu

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”
20.10.2017, 12:31

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”

Sumqayıtda İran vətəndaşını öldürən dəstənin qadın üzvü də tutuldu - FOTO
20.10.2017, 12:24

Sumqayıtda İran vətəndaşını öldürən dəstənin qadın üzvü də tutuldu - FOTO

Səməd Seyidov Milli Məclisdə AŞPA-nı sərt tənqid etdi
20.10.2017, 12:22

Səməd Seyidov Milli Məclisdə AŞPA-nı sərt tənqid etdi

İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO
20.10.2017, 12:14

İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO

Şamaxıda avtomobil aşdı, sürücü öldü
20.10.2017, 12:13

Şamaxıda avtomobil aşdı, sürücü öldü

“Bakıda böyük partlayış olacaq” - Əməkdar memar HƏYƏCAN TƏBİLİ çaldı
20.10.2017, 12:03

“Bakıda böyük partlayış olacaq” - Əməkdar memar HƏYƏCAN TƏBİLİ çaldı

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA
20.10.2017, 11:56

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq
20.10.2017, 11:35

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq

Kərkük yaxınlığında silahlı toqquşma baş verib
20.10.2017, 11:31

Kərkük yaxınlığında silahlı toqquşma baş verib

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi
20.10.2017, 11:27

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi

DİM: Balların hesablanması qaydası dəyişəcək
20.10.2017, 11:23

DİM: Balların hesablanması qaydası dəyişəcək

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub
20.10.2017, 11:21

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub

Leyla Əliyeva Musiqili Teatrda olub
20.10.2017, 11:19

Leyla Əliyeva Musiqili Teatrda olub

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.12%)
“Azərişıq”(27.1%)
“Azərsu”(11.2%)
“Azəristiliktəchizat”(3.07%)
Heç biri(53.3%)