Modern.az

“Bəzi mühacirlərin varisləri incikdirlər, ata-babalarının arxivini bizə vermirlər” - AXC-100

“Bəzi mühacirlərin varisləri incikdirlər, ata-babalarının arxivini bizə vermirlər” - AXC-100

Ədəbi̇yyat

3 Oktyabr 2017, 13:10

Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə nə kimi işlər görməyi planlaşdırır?

 

Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100”  mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə çalışacaq.

Həmçinin, ayrı-ayrı ziyalılar, araşdırmaçı, tarixçi  və yaradıcı adamların da bu yöndə hər hansı iş görmələri böyük maraq doğurur.

Lakin bu işin bir çətin tərəfi də var: yubileyi keçiriləcək böyük tarixi yaradan şəxsiyyətlərim varisləri,  nəvə-nəticələri onsuz da ildən-ilə azalır. Bildiyimiz kimi, Azərbaycan Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra dövlətin qurucuları mühacirətə getməyə məcbur oldular. Bu səbəbdən, onların bütün irsi, ailəsi hamısı Azərbaycandan kənarda qaldı. Sovet əsarətində olmağımız onlarla ünsiyyəti məhdudlaşdırırdı. O zaman arada yaranan soyuqluq və laqeydlik Cümhuriyyət fədailərinin bəzi varislərini bu gün də bizdən incik salır. Xüsusən də araşdırmaçılar və onlarla ünsiyyətdə olmaq istəyən jurnalistlər bu incikliyi hiss edir. Bəzi varislər ünsiyyət qurmağa maraqlı olmur, Azərbaycandan olan heç bir jurnalisti qəbul etmirlər. Bu, təbii ki, hamısına aid deyil. Dəfələrlə ölkəmizə gələn, mediaya açıq olan, araşdırmaçılara ata-babalarının arxivini verməklə böyük yaxşılıq edən varislər də var.

Amma bir çoxu ata-babalarına aid olan arvix materiallarını, onlara aid sənədləri  araşdırmaçılara vermir. Bu da tədqiqatçıların işini xeyli çətinləşdirir. “Şərq” qəzetinin baş redaktoru, mühacirət və mətbuat irsimizi tədqiq edən Akif Aşırlı Modern.az-a açıqlamasında bu barədə xeyli çətinlilər yaşadığını bildirib:

 

“Rəsulzadə, Mirzəbala Məmmədzadə dünyalarını dəyişəndən sonra mühacirətimizdəki mübarizlik əhval- ruhiyyəsində sönüklük yarandı. 1960-70-ci illərdəki mahacirət dalğasına baxanda bunu hiss edirəm. Bu sönüklük 1980-ci illərin sonuna qədər davam etdi.

Mühacirət irsimizin varislərindən bəzilərini Azərbaycana dəvət edə bilməmişik, bəziləri isə özləri gəlməyib. Məsələn, Əli bəy Hüseynzadənin qızı Səidə xanım müstəqilliyin ilk illərində Azərbaycana gələn varislərdəndir; 1991-92-ci illərdə atasının heykəlinin açılışına gəlib.

Nəsib bəy Yusifbəylinin övlad-nəvələrini vaxtında deyil, çox sonradan axtarmışıq. Onlar da inciyirlər ki, niyə məhz bizi indi axtarırlar. Bəzən də, mühacirət irsi ilə bağlı onlarda olan sənədlərin çoxunu vermirlər. Məsələn, Əli bəy Hüseynzadənin qızı atasına aid olan bir çox dəyərli materialları uzun danışıqlardan sonra Azərbaycana verdi. Əslində, vermək istəmirdi, amma, sağ olsun,  burada Qənirə Paşayevanın çox böyük xidməti oldu. Qənirə xanım onu inandırdı ki, atasına aid dəyərli eksponatlar Azərbaycana versin.

Elələri var ki, onların nəvə-nəticələrinin varlığı haqqında bizdə heç bir məlumat yoxdu. Bəzilər də var ki, küskündürlər. Arxivləri vermirlər, Azərbaycan mediasına qapalıdırlar. Məsələn, Əlimərdan bəy Topçubaşovun nəvəsi var, Gülnarə xanım, o, Azərbaycandan heç kəsi qəbul etmir. Yeganə olaraq, “Speys” analının müxbiri ötənlərdə onunla əlaqə yarada bilmişdi. Əlimərdan bəy Topçubaşovun  arxivinin müəyyən hissəsi ondadır. Mən ona çıxmaqdan ötrü nə qədər əziyyət çəkdim. Amma çıxa bilmədim. Qəbul etmək istəmir. Fransada anadan olublar, hazırda Türkiyədə yaşayır. Özü də onunla əlaqə yaratmaq üçün gərək, əvvəlcədən fransızdilli bir baxıcısına müraciət edəsən. O da bir müddətdən sonra Gülnarə xanıma deyə, daha sonra da gözləyəsən ki,  o da “hə”, ya da, “yox” cavabı verə... Son cavab da “yox” olur. Yəni, belə uzun bir proses. Amma babasına aid sənədlərin bir hissəsi ondadır.

Məhəmməd Əmin Rəsulzadəyə aid sənədlərin bir hissəsi Əli Yavuz Akpınardadı. O zaman Mirzəbala Məhəmmədzadə Rəsulzadə dünyasını dəyişəndən sonra onun arxivinin bir hissəsini götürüb özündə saxlayıb. Daha sonra o da dünyasını dəyişdi və ondakı arxiv Akpınara keçdi. Əfqan Vəliyev adlı bir tədqiqatçı ondan istifadə edib.

Nəsib bəy Yusifbəylinə aid olan  iki yüzdən artıq sənəd Hamletoğlu soyadlı bir şəxsdə olub. Daha sonra o, qətlə yetirildi. Həmin arxiv hazırda Hamletoğlunun xanımındadır. Biz Nəsib bəy Yusifbəylini tədqiq edə blmirik. Amma bəlkə də ən dəyərli sənədlər bayaq dediyim xanımdadır. O da onunla əlaqə yaradan adamların heç birinə bu sənədləri vermir. Niyə elə edir, bilinmir...

Bu cür hallar var. Məmməd Sadıq Aranın qardaşının  nəvəsi uzun müddət əvvəl Azərbaycana gəlib.  Burada otel tikintisi ilə məşğul olub. Hazırda ABŞ-da yaşayır. Məmməd Sadıq Arana aid sənədlərin bir hissəsi ondadır.

Bəzi varislər hərdən  deyirlər ki, bizi aramadılar. Bu insanların özlərinin də incikliklərini başa düşmək olmur. Özləri mediaya çıxmırlar. əlaqəyə maraqlı deyillər. Belə olan halda Azərbaycan nə etsin ki?!”.

 

N.Nihad

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır