Modern.az

“Hökmdarlardan roman yazmağa nə var ki, Cümhuriyyətlə bağlı əsər yazmalıyıq” - MÜSAHİBƏ  

“Hökmdarlardan roman yazmağa nə var ki, Cümhuriyyətlə bağlı əsər yazmalıyıq” - MÜSAHİBƏ   

Ədəbi̇yyat

3 Oktyabr 2017, 13:30

 

Natiq Məmmədli:İnanmıram ki, qısa müddətə Azərbaycan televiziyaları Cümhuriyyətlə bağlı nəsə layiqli bir iş görsünlər”


Yazıçı, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədli bir müddət əvvəl sosial şəbəkə vasitəsilə həmkarlarına qarşıdan 100 illik yubileyi gələn Azərbaycan Cümhuriyyəti ilə bağlı bədii əsərlər yazmağı təklif etmişdi. Modern.az saytıNatiq Məmmədlidən bu mövzuda müsahibə alıb.

-Azərbaycan Cümhuriyyəti mahiyyət etibarı ilə, sizin üçün nə deməkdir?

-Cümhuriyyət özünü azərbaycanlı hesab edən hər kəsin borclu olduğu dəyərlər sistemidir. Fikrimcə, Cümhuriyyət dövlət qurumundan daha çox, Azərbaycan ziyalısının, sonra isə xalqının ən ümdə arzusuna çevrilmiş dəyərdir. Cümhuriyyət ilk növbədə arzudur. Onun sözün tam mənasında dövlət olmasına işğal faktoru imkan vermədi. Amma bu arzu tarixi yaddaşımızda öz dərin izlərini buraxaraq,  günümüzə qədər gəlib çatdı.

-Sosial şəbəkə vasitəsilə yazıçılara Cümhuriyyətlə bağlı bədii əsərlər yazmaq çağrışınız oldu. Bu ideya haradan qaynaqlandı?

- Cümhuriyyət mövzusu müstəqil Azərbaycan ədəbiyyatında işlənilməyib. Ola bilsin, XX əsrin əvvəllərində baş verən siyasi proseslərə hansısa ədəbi əsərlərdə qismən də olsa, toxunulub. Amma mənim görmək istədiyim Cümhuriyyətin özünün bədii obrazının yaradılmasıdır. Bu baxımdan, sosial şəbəkədə belə bir təklif irəli sürdüm və dostluğumda olan yazıçılara müraciət etdim. Çağırış ondan ibarətdir ki, mövzu ilə bağlı sırf bədii əsər yazılsın və Cümhuriyyət ideyası çağdaş Azərbaycan ədəbiyyatında öz bədii həllini tapsın. Qarşıdan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi gəlir. Bu tarix, Cümhuriyyətin bədii obrazının yaradılmasına kifayət qədər impuls verir.

-Təklifə münasibət gözlənilən səviyyədə oldumu?

-Yazıçılar təklifimə münasibət bildirərkən, haqlı olaraq bir məsələni qeyd etdilər ki, tarixi mövzuda əsər yazmaq, böyük məsuliyyət, səriştə tələb edir. Xüsusən də, Cümhuriyyət mövzusuna toxunmaq müəllifin məsuliyyətini ikiqat artırır. Təbii, mən də başa düşürəm ki, bədii əsər hər hansı təkliflə, sifarişlə yazılmır. Sifarişlə  yazılan əsərlərin sonrakı aqibəti hamıya məlumdur. Ədəbiyyat tarixində dəfələrlə belə hallar olub: müxtəlif yazıçılar hansısa mövzunun işıqlandırılması ilə bağlı həmkarlarına müraciət ediblər.

Təklifim Cümhuriyyətin tarixi mahiyyətinin geniş ictimaiyyət tərəfindən dərk edilməsi zərurətindən irəli gəlir. Düşünürəm ki, bu yöndə bədii əsərlər yazılarsa, insanlar Cümhuriyyətin nə olduğunu, bizim onun qarşısında borcumuzun miqyasını daha dərindən anlayarlar.

1919-cu ildə Cümhuriyyət bir yaşını qeyd edəndə bir sıra əsərlər yazılıb; Cəfər Cabbarlının “Ədirnə fəthi”, Mirzəbala Məmmədzanənin “Bakı uğrunda mübarizə”, Aşurbəyovun “Azərbaycan” pyesləri. Mühacirət ədəbiyyatımıza baxanda “Əli və Nino”da , Baninin “Qafqaz gündəliyi”ndə Cümhuriyyət xətti keçib.

Nə qədər paradoksal olsa da, Azərbaycan sovet ədəbiyyatında 1960-ci illərə qədər  Cümhuriyyət əsas mövzu olub. 28 aprel istilasına haqq qazandırmaq, işğalı pərdələmək üçün ideologiyanın sifarişi içi qırmızı yalanlarla dolu qırmızı cilddə nə qədər kitablar yazılıb. Heç o kitablara toxunmaq istəmirəm, zamanın diktəsitlə indi onlar layiq olduqları yerdə - tarixin zibilliyindədir. Tarix dəfələrlə sübut edib ki, yalana bədii və digər formalarda haqq qazandırmaq mümkün deyil. Yeri gəlmişkən, bir nüansı xüsusi qeyd etmək istəyirəm: Azərbaycan Sovet Respublikasının himnində belə bir cümlə var idi: “Qəhrəmanlıq, bir də hünər, azad insan həvəsidir”.
Görürsünüz, hətta totalitar cəmiyyətdə belə etiraf edirdilər ki, qəhrəmanlığı, hünəri yalnız azad insan göstərə bilər. Bu gün Azərbaycan yazıçısı öz düşüncələrini ifadə eləməkdə kifayət qədər azaddır. Deməli, Cümhuriyyətin həqiqi bədii portretini işləmək mümkündür və buna cəhd eləmək lazımdır.

-26 ildir müstəqilliyimizi bərpa eləmişik, bəs nə üçün indiyə qədər Cümhuriyyət mövzusuna toxunulmayıb?

-İndi biz fikrimizi ədəbiyyat üzərində cəmləmişik, məgər kinematoqfariya, rəssamlıq, musiqi bu mövzuya nə vaxtsa müraciət edib? Ötən il Cümhuriyyət xadimləriylə bağlı “Əbədi ezamiyyət” adlı sənədli film çəkildi; Versal sülh konfransına yollanan Azərbaycan diplomatlarının taleyindən bəhs edirdi. Mən o işi çox yüksək qiymətləndirirəm. Əsl Cümhuriyyətin adına layiq, onun diplomatlarının rəşadətini özündə əks etdirən çox gözəl ekran əsəri idi. Amma təəssüflər olsun ki, biz yalnız bir nümunə haqqında danışa bilirik.

Bilirsiniz, hökmdarlardan, sərkərdələrdən roman yazmağa nə var ki? Orta əsr sərkərdəsi onsuz da öz sağlığında tarixdəki yerini müəyyənləşdirib. Üstündən 500-700 il keçəndən sonra həmin sərkərdənin qılıncından ilhama gəlib əsər ortaya qoymaq sərkərdəyə lazımdır, yoxsa onu yazan müəllifə? Məntiqi başa düşmək olmur ki, belə mövzuların aktuallığını hansı amillər şərtləndirir? Nəzərə alsaq ki, eyni qəbildən maraqlı əsərlər çoxdan yazılıb. Cümhuriyyət mövzusuna toxunmaq isə intellektual və qeyrət işidir. Şərt deyil ki, bədii mətndə ancaq böyük pafoslu təsvirlər, geniş epik  lövhələr olsun. Rakursu dəyişməklə müxtəlif bədii vasitələrdən yararlanmaq mümkündü. Məsələn, bu əsər Bakıda Cümhuriyyət əsgərlərinin paradına baxıb sevinən balaca bir uşağın xatirəsi də ola bilər. Yaxud,  parlamentimiz açılanda onun üzərində ilk dəfə bayrağımızı sancan adamın dilindən də söylənilə bilər. Bayrağı sancan adamı heç kim xatırlamır, amma onun gördüyü işin özü tarixdir və yaddaşlardan silinməsi mümkün deyil. Yəni, mən demirəm ki, kərpic boyda kitablar yazılsın, gözəl bir hekayə, maraqlı bir xatirə də yazmaq olar. Bədii, obrazlı mətnin ərsəyə gəlməsi üçün kifayət qədər tarixi materallar var. Sadəcə onları bədii süzgəcdən keçirmək lazımdır.

-Nə dərəcədə nikbinsiniz, bu mövzuda keyfiyyətli əsərlər yazılacaqmı?

-Təklifimə münasibətdən belə başa düşdüm ki, yazıçılarımız hələ ki, Cümhuriyyətlə bağlı əsər yazmağa tələsmirlər. Mən hər şeyi başa düşürəm, amma bu, o demək deyil ki, onlar nə vaxtsa bu mövzuda əsər yazmayacaqlar. Gələcəkdə keyfiyyətli bədii mətnlərin olacağına inanıram.

-Amma o uzaq ya yaxın gələcəyin işi olacaq. Qarşıda isə 100 illik yubiley gəlir...

-Tariximizdə elə hadisələr var ki, onlar faktiki olaraq bizim milli kimliyimizi müəyyənləşdirir. Məsələn, Xocalı faciəsi ilə bağlı durub gözləməli deyilik ki, 26 fevral gəlsin və biz onu xatırlayaq. Yaxud, Cümhuriyyəti də xatırlamaq üçün 28 mayı gözləmək lazım deyil. Digər tərəfdən adi insanların düşündüyü zaman başqa, ədəbiyyatın isə zamanı başqadır. Bu baxımdan, mən nikbinəm ki, ədəbiyyatımız nə vaxtsa bu mövzuya toxunacaq və gözəl əsərlər yazılacaq.

- Sizcə, Cümhuriyyət fədailərindən kimlərin həyatını əsl hekayə, roman  motivi kimi təklif eləmək olar?

-Bizim Milli Şura 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Cümhuriyyətinin müstəqilliyini elan edəndə 44 nəfərdən ibarət idi. Onlardan hər birinin həyatı ayrı-ayrılıqda bir romandı. Rəsulzadənin həyatının istənilən mərhələsinə baxanda, biz orada nə qədər iztirab, nə qədər böyük mübarizə yolu görürük. Xoyski, Nəsib bəy- Cümhuriyyətin baş nazirləri, terror qurbanlarıdır. Eyni sözləri parlamentdə təmsil olunan ziyalılar haqqında da demək olar. Cümhuriyyət fədailərinin hər birinin həyatı ayrı-ayrılıqda bir memuardı. Sadəcə olaraq, dövləti quran xadimləri dinləmək lazımdı. Biz onları dinləyə bilsək, elə ən gözəl əsəri də onları özü diktə edəcək.

-Cümhuriyyətlə bağlı təəssüf ki, irimetrajlı bədii film də yoxdur. Əgər belə bir film çəkilsə, siz əsas  motiv olaraq, Cümhuriyyətlə bağlı hansı tarixi hadisəninin ekranlaşdırılmasını təklif edərdiniz?

-Həmişə fikirləşmişəm ki, sovet ordusu 1920-ci ildə Bakıya gələndə ilk repressiya qurbanı nəyə görə Firudin bəy Köçərli oldu. O, siyasi xadim yox, müəllim idi. Azərbaycan parlamentinə deputat seçilmişdi. Amma, qanun qəbul etdilər ki, ya deputat olmalısan, ya da dövlət işində çalışmalısan. O da Qazağa köçürdüyü Qori Müəllimlər Seminariyasında dərs deməyi mandatdan üstün tutdu. Nəyə görə, XI Ordu gələndə ilk olaraq onu aradan götürdü? Azərbaycanın müstəqilliyi ideyasının formalaşması Firudin bəy Köçərli kimi maarifçi ziyalıların gözünün qabağında və birbaşa iştirakı ilə baş verib. Əgər belə bir film çəkilsə, mən hadisələrə Köçərlinin gözü ilə baxmağı təklif edərdim. Onu öldürəndən sonra, izini silmək üçün cəsədini Gəncə çayına atırlar. Elə filmi də bu qətldən başlayıb, Azərbaycan bayrağının parlament üzərində dalğalanması səhnəsiylə də başa çatdırmaq olardı.

-Cümhuriyyət xadimlərinin- Nağı bəy Şeyxzamanlı, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə və başqalarının- özlərinin yazdığı əsərlər var ki, elə onlar da hazır film materiallarıdı. Siz, bu tipli əsərlərdən hansını rejissorlara film materialı kimi məsləhət görərdiniz?

-Açığını deyim ki, rejissorlara heç bir məsləhət vermək fikrim yoxdu. Çünki inanmıram ki, qısa müddətə Azərbaycan televiziyaları Cümhuriyyətlə bağlı nəsə layiqli bir iş görsünlər. Kinemotoqrafiya üçün isə ümumiyyətlə, uzun vaxt lazımdı. Hətta yetəri qədər vaxt qalsaydı belə, yenə də bu haqda nikbin tonda danışa bilməzdim. Yaxşısı əsər yazmaqdı, qələmi götürüb yazırsan. Nə kameraya, nə işıqçıya, nə də bir başqasına ehtiyacın olur. Oturub əsərini yazırsan. Oxuyarlarsa, sağ olsunlar, oxumazlarsa, yəqin müəllifi öləndən sonra oxuyacaqar. Bu baxımdan, bir daha nikbinliyimi bölüşmək istəyirəm.

-Sizcə, bədii əsər vasitəsilə Cümhuriyyətin ədəbi portretini sözün tam mənasında yaratmaq mümkün olacaqmı?

-Cümhuriyyətin ədəbi portretini yaratmaq üçün Cümhuriyyəti sevmək və onun ideyalarını anlamaq lazımdır. Elə sizin sualın davamı kimi Cümhuriyyətin özündən danışım. Adına Azərbaycan Xalq Cümhuriyyəti deyirik. Amma mənim şəxsi qənaətimə görə, bu, Azərbaycan xalqı üçün yaradılmış Cümhuriyyətdir. Buna görə də Azərbaycan xalqı öz ziyalısına minnətdar olmalıdır. 1917-ci ilin mart ayında Gəncədə Nəsib bəy Yusifbəylinin başçılığı altında partiya yaradılır. Qarşıya qoyulan məqsəd Qafqazda yaşayan müsəlmanlara muxtariyyət tələb etmək idi. İlk dəfə olaraq, Gəncədə “Azərbaycan” sözü siyasi şüar kimi səsləndirilib. Nümayişlər keçirilib və siyasi şüar kimi “yaşasın Azərbaycan muxtariyyəti” ifadəsi işlədilib. “Azərbaycan” sözü ona qədər də işlənmişdi. Amma bundan sonra artıq siyasi məna daşımağa başladı. Birinci Dünya Müharibəsinin gedişində Rusiyanın laxlamasının doğurduğu siyasi nəticələri təhlil edən Azərbaycanın ayıq ziyalıları Cümhuriyyət yaratdılar. Həmin dövrdə baş verən oxşar prosesləri müqayisə edək: Ermənistan indi necə ki forpostdu, o zaman da beynəlxalq siyasi mənzərənin dəyişilməsi nəticəsində böyük qüvvələrin sifarişi ilə Qafqazda yaradılan mutant qurum oldu. Gürcüstanda isə böyük əksəriyyətini menşeviklər təşkil edən oturuşmuş siyasi elita var idi və Almaniya hakim dairələrindən dəstək alırdılar. Azərbaycanda isə situasiya başqa cür idi. Arxalandığımız bir Osmanlı idi, o da müharibədə məğlub olmuşdu. Bizim işıqlı şəxsiyyətlərimiz təkcə Cümhuriyyət yaratmadılar. Onlar eyni zamanda millət də yaratdılar. Cümhuriyyətin tariximizə ən böyük töhfəsi ondan ibarət oldu ki, ümməti millətə, yəni xalqa çevirə bildi. Aprel işğalından sonra Gəncə və başqa yerlərdə baş qaldıran üsyanlar sübut etdi ki, xalq öz Cümhuriyyətinə nə qədər bağlı imiş.

Belə götürəndə, Türkiyə öz Cümhuriyyətinin yaranmasına görə kimə borcludur? –Atatürkə, türk əsgərinin rəşadətinə! Dünya siyasi yönünü dəyişən 1789-cu il Fransa inqilabı burjuaziya ilə xalqın mütəşəkkil qüvvə kimi çıxış etməsi nəticəsində baş vermişdi. Azərbaycanda bütün bu inqilabi dəyişikliləri xalqın azsaylı ziyalıları həyata keçirdi. Bu baxımdan Cümhuriyyət bizim ziyalılarımızın xalqa əmanətidir. Xalq gərək dərk edə ki, bu əmanəti ona qorumaq üçün veriblər. Biz Cümhuriyyətdən danışanda 328 dəfə “ilk dəfə” sözünü deyə bilərik. 329-cu ilk isə  gələn il imza atılacaq, ilk dəfə onun 100 illik yubileyi keçirməklə.

Hər birimizin içində bir Cümhuriyyət borcu var. Hər kəs papağını qabağına qoyub düşünməlidir ki, mən qarşıdan gələn yubiley üçün nə edə bilərəm? Necə ki, biz yaxınlarımızın ad günlərini səbirsizliklə gözləyirik ki, onları sevindirmək üçün nələrsə edək, eyniylə də Cümhuriyyətə və onu quran işıqlı şəxsiyyətlərin ruhuna xoş getmək üçün nələrsə fikirləşməliyik.

-Maraqıdır, siz özünüz bu istiqamətdə nə kimi iş planlayırsınız?

-Bu mövzu hər zaman mənim içimdə olub. Həmişə bu haqda düşünmüşəm. Fikirləşmişəm ki, mövzuya hansı aspektdən yanaşa bilərəm. Mənə elə gəlir ki, Cümhuriyyətlə bağlı fundamental tarixi tədqiqatlar demək olar ki, yekunlaşıb. Parlamentin stenoqramları dərc olunub, Cümhuriyyətin iki cilddə ensiklopediyası nəşr edilib. “Azərbaycan tarixi” çoxcildliyində Cümhuriyyətə ayrıca cild həsr olunub. Fədakar tədqiqatçılarımız var ki, onlar heç nəyə baxmayaraq, öz ailələrinin boğazından kəsib öz vəsaitləriylə kitablar çap etdirirlər. Yəni, faktoloji baza kifayət qədər güclüdür. Bizim bədii materiallarımız isə elmi irsə adekvat deyil. Yüzillik yubiley ərəfəsində təbii ki, özüm də bir əsər üzərində işləyirəm. Elə bu səbəbdən də yazıçı həmkarlarıma müraciət etdim ki, hamıda maraq oyansın. Hər halda mən öz əsərimi yazıram və sizi əmin edirəm ki, yubileyə qədər təqdim edəcəm.

-Mümkünsə, dediyiniz əsər barəsində danışardınız..

- Əsər simvolizm aspektindən işlənilir. Maarifçi irsimizə əsaslı istinad olunur və geniş bədii ümumiləşdirmələr aparılır. İstəmişəm ki, kimin Cümhuriyyət quruculuğunda payı varsa, əsərdə xatırlansın. Məqsədim yaddaşı diri saxlamaqdır. Fikirləşirəm ki, hər halda, məni başa düşəcəklər.

-Cümhuriyyət tarixi bədii mətnə köçürüləcəksə, hər şeyin açıq yazılmasının tərəfdarı olarsınız?

-Bədii mətnin öz təbiəti var. Mən tarixi prosesin təsiri altına düşüb sadəcə, təsvirlər və daha çox müasir düşüncəsinin məhsulu olan dialoqlarla mətn yaradılmasını qəbul etmirəm. Kim istəyir buyursun xronika yazsın. Bizdə birinci tarixi xronikanı Əbdürrəhim bəy Haqverdiyev yazıb - “Ağa Məhəmməd şah Qacar ” pyesi ilə. Lakin daha yaxşı bəddi mətn tarixin unudulmuş qatını, gözdən-könüldən uzaq qalmış səhifələrini təhlil edib ortaya qoyandır.

-Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəylinin həyatı çox keşməkeşli olub. Bir yazıçı sırf onunla bağlı bədii mətn yazarsa, hansı motivlərin qabardılmasını tövsiyyə edərdiniz?

-Mən həmin o yazıçıya məsləhət  görərdim ki, Vilayət Quliyevin bu yaxınlarda çap olunan “Baş nazirin xanımı” kitabını oxusun. Nəsib bəyin xanımı Şəfiqə xanım həm də İsmayıl bəy Qaspiralının qızıdır. O kitabı oxuyandan sonra Nəsib  bəy haqqında fikirləşsin. Onun necə təmiz adam olmasını atasının ona yolladığı məktublar da təsdiqləyir. Bu faktı hamı bilir, təkrarlamaq istəmirəm. Amma dediyim əsəri mütləq oxunmaq lazımdır.

-Sonda, Cümhuriyyətin yubileyini necə təsəvvür edirsiniz?

-Cümhuriyyətin yubileyini keçirmək tək dövlətdən asılı olan məsələ deyil. Bununla bağlı dövlət başçısı tarixi sərəncam verib. Komissiya fəaliyyət göstərir. Amma bu, sərəncam təkcə dövlət orqanlarına yox, xalqın hər bir fərdinə aiddir. Əslində, Cümhuriyyətin yubileyinin keçirilməsi ilə bağlı ilk çağırışı cənab prezident edib. Mənim fikrimcə, Cümhuriyyətin yüzilliyi ümumxalq bayramı olmalıdır.


N.Nihad

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?