Modern.az

Partiyaların nə qədər üzvü var – AXCP Müsavatı qabaqlayıb

Partiyaların nə qədər üzvü var – AXCP Müsavatı qabaqlayıb

Ölkə

3 Oktyabr 2017, 15:12

Azərbaycanda  siyasi partiyaların sayı kifayət qədərdir. Partiyaların 50-dən çoxu isə dövlət qeydiyyatından keçib.

 

Məsələ bundadır ki, qeydiyyatdan keçən partiyaların böyük əksəriyyəti kağız üzərində fəaliyyət göstərir. Ən kiçik partiyanın fəaliyyəti barədə soruşsaq, dərhal “tədbirlərimizin sayı-hesabı yoxdur. Üzvlərimiz o qədərdir ki...” deyərlər.

 

Həmçinin, qeydiyyata alınmış siyasi partiyalar içərisində heç bir fəaliyyəti gözə dəyməyən, ara-sıra verdiyi bəyanatlarla gündəmi dəyişmək gücündə olduğunu düşünən partiyalar mövcuddur.

 

O zaman Azərbaycanda mövcud olan partiyaların nə qədər üzvü var?

 

Modern.az saytı bir neçə partiya ilə əlaqə saxlayıb.

 

Böyük sosial bazaya malik olan Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700.400 nəfərdir. Partiyanın hər gün sıraları genişlənməkdə davam edir.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərinin sayı 30 mindən çoxdur.

Üzvlər 78 rayon təşkilatında cəmləşib. Partiyanın sədri Əli Kərimlidir.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 50 mindən çox üzvü var. Partiyadan bildirilib ki, qurultaya hazırlıqla əlaqədar 54 bölgədə konfranslar və hesabat seçki-yığıncaqları keçirilib.

 

“Qalan bölgələrdə isə özəklər və qruplar fəaliyyət göstərir. Partiyanın sıralarında müxtəlif etniklərin nümayədələri var. Xüsusi olaraq hansı bölgənin əhatə etməyi isə nisbidir. Çünki AMİP bölgəsəl partiya deyil, Azərbaycanın ən öndə gedən partiyalarından biridir. Cənubda da, Şimalda da, Qərb bölgəsində də güclü təşkilatlarımız var. Bu daha çox həmin bölgələrin siyasi fəallığı ilə bağlıdır. Bəzi bölgələrimiz siyasi cəhətdən aktivdir, bəziləri zəif. Bu da siyasi partiyaların tərkibində özünü biruzə verir”-deyə bildirilib.

 

Müsavat Partiyasının isə 25 minə yaxın üzvü  var. Bu barədə partiyadan verilən məlumatda qeyd edilib.  Partiyanın sədri Arif Hacılıdır.Bu

 

Böyük Quruluş Partiyasının (BQP)10 minə yaxın üzvü isə 68 rayon təşkilatında toplaşıb. Partiyanın sədri deputat  Fazil Mustafadır.

 

Ana Vətən Partiyasının (AVP)üzvlərinin sayı 20 mindən çoxdur. Partiyanın sədri deputat Fəzail Ağamalıdır.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) 10 minə yaxın üzvü olmaqla yanaşı, partiyanın 50-dən artıq rayon təşkilatı var.Partiyanın sədri Sərdar Cəlaloğludur.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə deyir ki, rəhbəri olduğu təşkilatın 97 mindən çox üzvü var.

 

H.Hacıyev bildirib ki, hər üzvə öz imzası ilə vəsiqə təqdim edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi