Modern.az

Dəm qazından boğulma mövsümü başlayıb

Dəm qazından boğulma mövsümü başlayıb

Ölkə

18 Noyabr 2009, 13:04

Noyabrın 15-dən ölkə ərazisində kommunal xidmət idarələri rəsmən qış mövsümünə keçiblər. Qış mövsümünə keçid həm də dəm qazı təhlükəsini yenidən gündəmə gətirib.

Ötən qış mövsümü boyu Daxili İşlər Nazirliyinin gündəlik kriminal xəbərlərində Bakı şəhəri və rayonlarda dəm qazından zəhərlənmələrin, ölüm hallarının baş verdiyi tez-tez qeyd olunurdu. Qarşıdakı qış mövsümündə də bədbəxt hadisələr təkrarlanacaqmı?

Yeni mövsüm ərəfəsində zəhərlənmə

 

Rəsmi statistikaya görə, indiyədək 2007-2008-ci illərin qış mövsümündəki qədər dəm qazından boğulma çox olmayıb. Statistika göstərir ki, dəm qazından boğulma halları daha çox Bakı şəhərində qeydə alınıb. Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının hesabat və statistika şöbəsinin məlumatına görə, ötən il dəm paytaxtda 487 kişi, 586 qadın, 150 azyaşlı uşaq dəm qazından zəhərlənib. Zəhərlənmə dioqnozu ilə stansiyaya müraciət edənlərdən 16 nəfəri dünyasını dəyişib. Nəzərə alsaq ki, əksər hallarda yüngül və orta dərəcəli zəhərlənmələr ev şəraitində müalicə olunur, onda dəm qazının fəsadlarından əziyyət çəkənlərin sayının bir neçə dəfə çox olduğunu deyə bilərik.

Qeyd etmək lazımdır ki, yeni qış mövsümü başlayan ərəfədə dəm qazından ilk zəhərlənmələr artıq qeydə alınıb. DİN-in məlumatına görə, noyabrın 11-də Salyan rayonunda yaşayan Günay Hənifəli öz evində dəm qazından boğulub.

Dəm qazı barədə hamı məlumatlanmalıdır

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, dəm qazından boğulmalarla bağlı müraciətlərin sayı adətən qış mövsümündə artır. Bunun səbəbi evlərdə hava çatışmazlığı, vətəndaşların qazla davranma qaydalarını bilməməsi, tüstü bacalarının və borularının vaxtında təmizlənməməsi, mənzillərdə işlədilən qaz sobalarının standartlara uyğun gəlməməsidir.

Mütəxəssislər bildirilər ki, məişət zəhərlənmələri arasında dəm qazı (CO) ilə zəhərlənmə birinci yerdə dayanır. Yandırılan yanacaq məhsullarının qalıqlarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olduqda, natamam yanma nəticəsində dəm qazı zəhərlənməyə səbəb olur. Dəm qazı məişətdə işlədilən propan qazı, kerosin, ağ neft, dizel yanacağı yandırılarkən əmələ gəlir. Bu zəhərli qaz iysiz, rəngsiz olduğundan insan onu hiss etmir. Oksigendən fərqli olaraq, bu qazın havada az bir miqdarda olması belə kifayət edir ki, zəhərlənəsən. Dəm qazının oksigenlə birləşməsi nəticəsində insan orqanizmində toxumalar oksigensizləşir, hipoksiya yaranır. Dəm qazı ilə zəhərlənmə 3 dərəcədə-yüngül, orta, ağır ola bilər.

Tibb işçilərinin sözlərinə görə, bu qazla zəhərlənmiş adamı ilk növbədə həmin sahədən çıxarmaq, ona süni tənəffüs vermək, soyuq su ilə çimizdirmək lazımdır. Sonrakı yardımlar isə həkimlər tərəfindən aparılmalıdır. Tez-tez rastlaşdığımız dəm qazı ilə zəhərlənmə şəkərli diabet, qan təzyiqi, astmalı xəstəliyi olanlara daha tez təsir göstərir. Ümumiyyətlə bu zəhərlənmə nəticəsində adamda boğulmalar, qanitirmələr (həm daxili, həm xarici), infarkt, stenokardiya, yanma, yanma şoku, bayılma, kollap baş verir.

 

Tüstü bacaları təmizlənməyib Mövcud tələblərə görə hər il soyuqlar düşməzdən əvəl bütün yaşayış binalarının tüstü bacaları təmizlənməlidir. Bu işi Bakıda əvvəllər Mənzil İstismar sahələri (MİS) həyata keçirirdilər. Paytaxt sakinləri deyirlər ki, sonuncu belə təmizlənmə iki 1987-ci ildə aparılıb. Amma indi bu məsələ heç kimi maraqlandırmır. Hazırda tüstü bacalarını kim təmizləməlidir, dəqiq məlum deyil. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Komunal Təsərrüfat Departamentindən bacaların təmizlənməsi məsələsinə aydınlıq gətirmək istəməyiblər. Modern.az-n araşdırmaları göstərib ki, yeni qış mövsümündən öncə şəhərdəki əksər binaların tüstü bacaları təmizlənməyib. Müxtəlif ünvanlardakı yaşayış binalarının sakinləri əməkdaşımıza belə deyiblər. Yeri gəlmişkən, ötən qış “Azəriqaz»ın əməkdaşları Bakıdakə çoxmərtəbəli yaşayış binalarında yoxlama aparan zaman  2000 minə yaxın təmizlənməyən  tüstü bacası aşkar ediblər. Həmin bacalar eləcə də qalır. Deməli qarşıdakı soyuq fəsildə dəm qazından boğulma hallarının baş verməsi mümkündür. Fövqəladə Hallar Nazirliyindən bildirblər ki, dəm qazından qorunmaq üçün havadəyişmə yollarını qış mövsümü başlamazdan əvvəl, tüstü bacalarını isə ən azı  iki ayda  bir dəfə təmizlətdirmək vacibdir.

Müşahidələr göstərir ki, vaxtilə isti su ilə təchiz olunan binaların vanna otaqlarında hazırda əldəqayırma, standartlara uyğun gəlməyən qaz suqızdırıcıları quraşdırılıb. Belə mənzillərdə qaz samovarlarının tüstü boruları binaların hava təmizləyici borularına birləşdirilib ki, bu da yolverilməz hesab olunur.

Əhali evlərdə hamamın havasını dəyişmək üçün qoyulan gözlüklərin əhəmiyyətini bilmədən onu qapayır. Əksəriyyəti bilmir ki, bu hər an havanı dəyişmək deyil, ən azından bu kimi hallarda təhlükənin qarşısını almaq üçün nəzərdə tutulub.

 

Hansı sobalar təhlükəsizdir?

Bəzi xarici ölkələrdən gətirilən və standartlara cavab verməyən qaz sobalarının dəm qazının yaranmasında xüsusi rolu var.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən də deyiblər ki, son illər qazla işləyən məişət avadanlıqlarının istifadəsi zamanı ölkədə baş vermiş bədbəxt hadisələrin təhlili göstərib ki, faciələrin əsas səbəbi cihazların keyfiyyətsizliyi və istismar qaydalarına riayət edilməməsidir. Dövlət Komitəsi tərəfindən aparılmış monitorinqlərin nəticələri bir daha sübut edib ki, əhaliyə realizə edilən bu malların əksər hissəsi müəyyən olunmuş təhlükəsizlik tələblərinə cavab vermir. Belə ki, satılan cihazların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatları, istismar qaydalarını Azərbaycan dilində açıqlayan təlimatlar və texniki pasportlar, mənşə sertifikatları və digər zəruri sənədlər mövcud deyil. Komitə tərəfindən təhlükə mənbəyi hesab edilən belə malların satışı qadağan edilib. Lakin hələ də mənşəyi, keyfiyyəti və təhlükəsizliyi müəyyən olunmayan məişət, qaz avadanlıqlarının satışı davam edir. "Məlumat üçün bildiririk ki, hal-hazırda Komitə tərəfindən Polşanın “Termet”, Çexiyanın “Moro-top”, Türkiyənin “Bayvak”, “Kuturami”, İtaliyanın “Roka” nişanlı avadanlıqlarına, İran İslam Respublikasının “Jahan Afrooz ”, “Qaynar Xəzər” və “Şoreh-Tos” nişanlı qaz sobalarına uyğunluq sertifikatları verilib. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçirilməli və uyğunluğunu təstiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) respublikada satmaq və istifadə etmək qadağandır"-deyə komitədən bildirilib. Qanun və qərarların icrasını, vətəndaşların həyatı, sağlamlığı və əmlakının qorunmasını təmin etmək məqsədilə, keyfiyyəti və təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların satışının qarşısının alınması istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi noyabrın 5-dən  monitorinqlərə başlayıb. Monitorinqlər hazırda davam etdirilir

Bəzi mütəxəssislər bildirirlər ki, plastik qapı və pəncərələr də havanın kolonka, qazan, qaz plitələri yerləşdirilmiş mənzilə normal daxil olmasına mane olur. Qaz cihazları olan mənzilin havasını müntəzəm olaraq dəyişmək və xüsusi ventilyatorlarla təchiz edilmiş plastik pəncərələr qoymaq lazımdır. Mənzilin qapıları ilə döşəmə arasındakı məsafə 2 sm-dən az olmamalıdır ki, altdan havalanma getsin.

 

Adəm Qorxmaz

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir