Modern.az

Öz həyətindəki ağacı kəsən vətəndaş cərimələnirmi? - Nazirlikdən AÇIQLAMA  

Öz həyətindəki ağacı kəsən vətəndaş cərimələnirmi? - Nazirlikdən AÇIQLAMA  

Aktual

5 Oktyabr 2017, 09:00

Bu günlərdə rayonlardan birində fərdi evdə yaşayan sakin həyətindəki yaşlı tut ağacını kəsdiyinə görə 550 manat cərimələnib. Vətəndaş ha inandırmağa çalışıb ki, bu ağacı öz həyətində onun babası əkib, indi qol-budağı quruduğuna görə doğrayıb, yerində başqasını əkmək istəyir, xeyri olmayıb.


Maraqlıdır, vətəndaş öz həyətyanı sahəsində elə özünün əkdiyi ağacı kəsə bilməzmi? Buna görə niyə cərimə olunmalıdır?


Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev Modern.az-a açıqlama verib:


“Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən ağac kəsilməsinə görə məsuliyyət ümumiyyətlə xüsusi mülkiyyətdə  olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı  üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar, əkinlər istisna olmaqla digər sahələrə şamil edilir. İctimai obyekt, avtotexniki xidmət məntəqələri və bu kimi yaşayış məntəqələri xüsusi mülkiyyətdədirsə və orada ağac kəsilirsə, o zaman şəxsə cərimə tətbiq edilir. Amma həyətyanı və bağ sahəsindəki ağaclar kəsilirsə, buna cərimə tətbiq olunmur”.


Müsahibimiz tətbiq edilən cərimələrin miqdarından da söz açıb:


“İnzibati Xətalar Məcəlləsinə görə, törədilən inzibati xətanın mahiyyətindən asılı olaraq  cərimə tətbiq edilir. Əgər vətəndaş xüsusi mülkiyyətində tikili aparmadığı halda ağac kəsibsə, meşə fonduna daxil olan ağac və kol kəsilməsinə görə fiziki şəxslər 2000 manat miqdarında, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər 25 000 manat miqdarında cərimə edilir. Amma inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıq sahəsində tikinti, abadlaşma işləri aparılarkən törədildikdə hər bir ağacın və kolun qanunauyğunsuz kəsilməsinə görə fiziki şəxslər 2200 manat, vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 35 000 manat miqdarında cərimə edilir. Kəsilən ağaclara dəymiş ziyan 1000 manatı ötürsə, bu, cinayət tərkibi yaradır  və belə olan halda toplanmış materiallar birbaşa hüquq  mühafizə orqanlarına göndərilir”.


R.Mirzəyev qeyd edib ki, vətəndaşlar qanuni yolla ağac kəsmək istəyirlərsə, müəyyən prosedurlardan keçməlidirlər:


“Yaşıllıqların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Fiziki və hüquqi şəxslər bu hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər”.



 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir