Modern.az

Nazirlər kibertəhlükəyə görə Tallinə TOPLANIR

Nazirlər kibertəhlükəyə görə Tallinə TOPLANIR

5 Oktyabr 2017, 10:30

Bu gün Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Estoniya Şərq tərəfdaşlığı proqramına üzv ölkələrdə elektron idarəçiliyin inkişafı və kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə keçirilən konfransa ev sahibliyi edəcək.

 

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, bu konfransdan sonra oktyabrın 5-də Şərq tərəfdaşlığı proqramına üzv ölkələrin nazirlərinin rəqəmsal iqtisadiyyata dair ikinci görüşü olacaq. Növbəti gün isə Aİ-nin nazirləri səviyyəsində elektron hökumət konfransı baş tutacaq. 

 

Tallində keçiriləcək Elektron Tərəfdaşlıq Konfransı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna, eləcə də Aİ-nin üzv dövlətlərindən olan 150-dən çox mütəxəssis və hökumət nümayəndəsini bir araya gətirəcək.

 

İştirakçılar Şərq tərəfdaşlığı ölkələrində hökumətlərin fəaliyyətində şəffaflığı artırmaq üçün informasiya və kommunikasiya texnologiyalarından necə istifadə edildiyinə dair müzakirələr aparacaqlar.

 

Konfrans həmçinin regionda kiberfəzanın mühafizəsi və təhlükəsizliyini qiymətləndirmək, eləcə də bu sahədə görülən işləri təkmilləşdirmək üçün fikir mübadiləsi aparmaq imkanı verəcək.

 

Tədbir zamanı Estoniyanın e-Hökumət Akademiyası altı tərəfdaş ölkədə aparılan sahə tədqiqatı əsasında hazırlanmış elektron demokratiyaya dair yeni araşdırmanı təqdim edəcək. Təqdimata burada canlı baxa bilərsiniz.

 

Avropa Komissiyasını Tallində təmsil edəcək Andrus Ansip, Rəqəmsal Vahid Bazar məsələləri üzrə Vitse Prezident, tədbirlərdən öncə bunları deyib:

 

“Aİ Şərq tərəfdaşlığı ölkələri ilə rəqəmsal sahədə sıx əməkdaşlığı davam etdirir və iqtisadiyyatları inkişaf etdirmək, elektron xidmətləri genişləndirmək, rəqəmsal sənayedə yeni iş yerlərini yaratmaq və Şərq tərəfdaşlığı ölkələri arasında rouminq tariflərini azaltmaq üçün yüksək sürətli və geniş zolaqlı internetin çəkilməsini təşviq edir. Rəqəmsal həllərin istifadə olunması idarəçiliyə səmərəlilik və şəffaflıq, vətəndaşlara isə fayda verir.”

 

Şərq tərəfdaşlığı proqramına üzv ölkələrin nazirlərinin rəqəmsal iqtisadiyyata dair ikinci görüşü də Tallində oktyabrın 5-də keçiriləcək.

 

Görüş zamanı nazirlər Aİ ilə Şərq tərəfdaşlığı proqramının altı üzv ölkəsi arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığa dair bəyannamə imzalayacaq. Bəyannamədə tərəflərin altı prioritet sahədə əməkdaşlığı daha da dərinləşdirəcəklərinə dair öhdəliyin öz əksini tapacağı gözlənilir: elektron kommunikasiya və infrastruktur, etimad və təhlükəsizlik, elektron ticarət, rəqəmsal bacarıqlar, informasiya və kommunikasiya texnologiyaları sahəsində innovasiya, eləcə də startap ekosistemlər və elektron səhiyyə.  

 

Nəhayət, oktyabrın 6-da Tallində Aİ nazirlərinin elektron hökumət konfransı baş tutacaq. Aİ və Avropa Azad Ticarət Assosiasiyasına üzv ölkələrin nazirləri hökumətlərin uğurlu rəqəmsal transformasiyasını təmin etmək üçün əlavə tədbirləri müzakirə edəcəklər və bütün səviyyələrdə dinamik, məhsuldar Avropa cəmiyyəti və Rəqəmsal Vahid Bazara nail olmaq məqsədi ilə xidmətə istiqamətlənmiş, etibarlı və innovativ hökumət yaratmaq üçün Avropanın ictimai administrasiyasını müasirləşdirmək istiqamətində görülən işləri nəzərdən keçirəcəklər. 

 

Ümumi məlumat:

 

Elektron Tərəfdaşlıq Konfransı Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzi (ECEAP) və e-Hökumət Akademiyasının (EGA) Avropa Komissiyası və Estoniyanın Xarici İşlər Nazirliyi ilə tərəfdaşlığı nəticəsində təşkil olunacaq. 

 

Noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq tərəfdaşlığı proqramına üzv ölkələrin  5-ci sammitinə hazırlıq çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biridir. Avropa İttifaqı EaP Connect layihəsinin icrası üçün 13 milyon avro sərmayə yatırıb. 2015-ci ildən 2020-ci ilə kimi icra olunan layihənin məqsədi altı tərəfdaş ölkə arasında yüksək sürətli rəqəmsal əlaqələri təkmilləşdirməkdir.

 

Əlavə məlumat burada əldə edə bilərsiniz.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir