Modern.az

İlham Əliyev “Ermənistan danışıqlar prosesinə qayıdır” deməsi ilə nəyə işarə etdi?

İlham Əliyev “Ermənistan danışıqlar prosesinə qayıdır” deməsi ilə nəyə işarə etdi?

Qarabağ

5 Oktyabr 2017, 13:26

 

“Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz.

 

Onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır. Bir neçə gündən sonra mən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyəm və biz gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik”.

 

Bunu prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə yekun nitqi ilə çıxışı zamanı deyib.

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli prezident İlham Əliyevin çıxışını şərh edib.  

 

Ekspert Modern.az-a açıqlamasında deyib ki, Ermənistanın yenidən danışıqları bərpa etməsi ehtimalı mümkündür.

 

“Çünki Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da öz çıxışlarında bu haqda danışıb. BMT-nin Baş Məclisində xarici işlər nazirlərinin görüşündə də həmin mövzu müzakirə obyekti olub.

 

Eyni zamanda Rusiyanın da danışıqlarla bağlı müəyyən fikirləri var. Amerika Birləşmiş Ştatları da bu istiqamətdə Ermənistan rəhbərliyinə təzyiqlər göstərir. Belə görünür ki, Avropa Birliyi də daxil olmaqla, bütün dünya bölgədəki status-kvonu dəyişməyə  cəhd edir. Ermənistan tərəfi tam da olmasa, qismən buna razı salınıb”.

 

Politoloq həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ehtimalından da söz açıb:

 

“Bildiyiniz kimi bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gələcək. Bu səfərin əsas məqsədi prezidentlərin görüşünü təşkil etməkdir. Bu baxımdan düşünürəm ki, prezidentlərin görüşünün baş tutma ehtimalı  böyükdür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!