Modern.az

Azərbaycan ədəbiyyatında ən yaxşı müəllim obrazı kimdir? - SORĞU

Azərbaycan ədəbiyyatında ən yaxşı müəllim obrazı kimdir? - SORĞU

5 Oktyabr 2017, 16:00

5 oktyabr dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir. 1994-cü ildə UNESCO-nun rəsmi qərarı ilə hər ilin bu günü müəllimlərin, təhsil sahəsində çalışan pedaqoqların peşə bayramı ilə əlamətdardır.

Ölkəmizdə də 5 oktyabr tarixi unudulmur. Bəzi məqamlarda bu tarix neqativ məqamlarla yadda qalsa da, şərəfli peşə olan müəllimliklə bağlı dəyərli gün kimi qeyd edilir.

Azərbaycan ədəbiyyatında, xüsusən də, XX əsr nəsrində bir çox müəllim obrazı yaradılıb. Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyevdən başlayaraq, sonrakı nasirlər nəsli də əsərlərində müsbət və mənfi mənada müəllim obrazı yaratdılar.

Görəsən, Azərbaycan ədəbiyyatının ən yaxşı müəllim obrazı kimdir?

Modern.az-ın sorğusunda iştirak edən qələm adamları maraqlı versiyalarla çıxış ediblər:

Məti Osmanoğlu (filoloq alim): “Nəriman Nərimanovun "Nadanlıq" əsərində Məhəmməd ağa”;

Aqşin Yenisey (şair): “Yaddaşımı qurdalayıram, iki adam gəlir gözümün önünə: Biri Mirzə Şəfi Vazehdir ki, bircə kəlmə ilə bizə Mirzə Fətəli Axundov kimi bir modernist düşüncə sahibi verdi. İkinci müəllim isə "Dəli Kür"dəki Rus Əhməddir”;

Müşfiq Şükürlü (filosof): “İsa Hüseynovun “Məhşər” romanındakı Fəzlullah Nəimi”;

Vüqar Əhməd (şair): “İsmayıl Şıxlının “Dəli Kür” romanında Kipiani”;

Qan Turalı (yazıçı): “Sizin sualınızı eşitdikdə təbii şəkildə bir keçmişə baxıram, oxuduqlarıma... Baxıb, görürəm ki, bizim Mirzə Cəlil də heç müsbət müəllim obrazı yaratmayıb. “Danabaş kəndinin məktəbi” yadınızdadır? “Bu atın şəklidir”- Xatirələrdə var, bu əhvalatı Ömər Faiq danışıbmış Mirzəyə. Amma fərq etməz, Mirzə Cəlil özü bu xalqın ölməz bir müəllimi oldu. Eləcə də Abdulla Şaiq, Sabir, Haqverdiyev... Suala gəldikdə isə mənim üçün ən parlaq müəllim obrazı Cəbiş müəllimdir. Sabir kimi ona da sabun bişirtdirdik biz. Amma o sabunu satmadı, payladı. Çünki müəllim insanların zehnindəki kiri, ürəyindəki pası yuyan adamdır. Hər mənada idealdır, ölməzdir. Və hər bir müəllim tələbənin, şagirdin ürəyində silinməz iz qoymalıdır. Cəbiş müəllim kimi. Sabir kimi. Mirzə Fətəli, Mirzə Cəlil kimi...;

 

Nəriman Əbdürrəhmanlı (yazıçı-tərcüməçi): “Məncə, ədəbiyyatımızdakı ən yaxşı müəllim obrazları Sovet dövrü yazıçılarımızın əsərlərində yaradılıb. O obrazlarda quruluşun tələbləri nəzərə alınsa da, bizim təsəvvürümüzdəki ideal müəllim cizgilərini əks etdirirdi. Həmin dövrdə yaradılan obrazlar müəyyən əxlaq kodeksinə əsaslanırdılar, mənəviyyatca bütöv idilər, bəzən də gerçəklikdən xeyli fərqlənirdilər. Sonralar həyatın gerçəklikləri bu cür obrazları dəyişdirdi, daha real insanlara çevirdi, ona görə də ideal çalarlar yox olmağa başladı”;

 

Təranə Vahid (yazıçı): “Maqsud İbrahimbəyovun “Krolik” (“Dovşan”) əsərindəki Cəbiş müəllim, İsmayıl Şıxlının “Dəli Kür” romanındakı Rus Əhməd, Əli Kərimin “Pillələr” romanındakı professor Qaraqaşlı,  Məmməd Orucun “Kamal müəlllimin mahnısı” hekayəsindəki Kamal müəllim ədəbiyyatımızın yaddaqalan müəlllim obrazlarıdı”;

 

Ehtiram İlham (şair): “Rus Əhməd (“Dəli Kür”) xarakterinə və mübarizə ruhuna, “Bizim Cəbiş müəllim” (Maqsud İbrahimbəyov)  isə saflığına və dürüstlüyünə görə çox gözəl obrazlardı”;

 

Əvəz Qurbanlı (şair): “Əlbəttə, qələm adamlarımız cəmiyyətin inkişafında müstəsna rolu olan müəllim obrazlarına biganə qalmayıblar. Azərbaycan yazıçılarının, şairlərinin ayrı-ayrı dövrlərdə yazılmış əsərlərində müxtəlif müəllim obrazlarına rast gəlinir. Cəlil Məmmədquluzadənin "Müəllim Həsənov"u, İsmayıl Şıxlının "Rus Əhməd"i, yaxud kinomuzun "Bizim Cəbiş müəllim"i (Maqsud İbrahimbəyov, Həsən Seyidbəyli) və s. obrazları misal gətirmək olar. Lakin ümumilikdə, Azərbaycan ədəbiyyatında müfəssəl müəllim obrazının yaranmasını iddia etmək mümkün deyil. Baxmayaraq ki, ömrünü xalqımızın maariflənməsi yolunda şam kimi əritmiş şəxsiyyətlər, pedaqoqlar, maarifçilər az olmayıb, amma onların prototipi ədəbiyyat müstəvisinə tam olaraq gətirilməyib. Məsələn, mən istərdim ki, Çingiz Aytmatovun "Duyşen müəllim"i kimi bir obraz Azərbaycan ədəbiyyatında da yaranaydı”;

Emin Piri (şair): “Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi”ndəki Uçitel Həsənov, Süleyman Rəhimovun “Minnətsiz çörək” hekayəsindəki Mirzə Valeh”.

 

N.Nihad

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı