Modern.az

Gənc bloqqer təkamülü “çürüdən” Rafiq Əliyevə cavab verdi

Gənc bloqqer təkamülü “çürüdən” Rafiq Əliyevə cavab verdi

5 Oktyabr 2017, 16:24

Taryel Abdullayev, gənc bloqqer

 

Azərbaycanda bir alim var, professordur və etiraf edək ki, kifayət qədər də hörmət sahibidir.  Söhbət  böyük alimimiz, rəhmətlik Lütfi Zadənin varisi Rafiq Əliyevdən gedir.

 

Rafiq müəllim, şair Ramiz Rövşənin şeirlərində qeyri-səlis məntiq tapmağa cəhdlər edir, Türkiyədə  hərəmxanası olan Harun Yahyanın  ölkəmizdəki təbliğatçılarını dəstəkləyir desək, yəqin ki, bu çoxunuzda təəccüb doğurar.

 

Özlərini yaradılışçı “elmin” nümayəndələri hesab edənlərin Bakıdakı kitab sərgisində Rafiq Əliyevlə foto çəkdirməsi diqqətdən yayınmadı. Burada təəccüblü heç nə yoxdur, hamı bir-birilə şəkil çəkdirə bilər və kimsə buna görə başqasını mühakimə etməli deyil.

 

Söhbət isə bundan gedir ki, Rafiq Əliyevlə  foto çəkdirən o şəxslərin bütün dünyada elmi dairələr trəfindən qəbul olunan təkamül təlimi haqda düşüncələri üst-üstə düşür.  

Yenə deyə bilərsiniz ki, “hə, nə olsun, hamının fikri üst-üstə düşə bilər”. Məsələ bununla da bitmir. Onlardan birinin sosial şəbəkələrdə Rafiq Əliyevlə foto paylaşıb bu şərhi yazmağı diqqətdən yayına bilməz:

 

“Dəyərli Alimimiz Rafiq Əliyevə "Düşünən İnsan" jurnalını hədiyyə etdik. Rafiq müəllim jurnalımızı gözdən keçirib, bizim kimi gənclərin Azərbaycanın gələcəyi olduğumuzu vurğuladı. Dəyərli alimizə təşəkkür edirik”.

 

Elm adına danışan və elmin ağırlığını çiyinlərində daşımağa iddialı biri hər şeydə mistik güc axtaran, Süleyman peyğəmbərin təyyarədə uçmasına inanan, Nuhun gəmisinin buxarlı olması fikrini irəli sürən Harun Yahyanın düşüncələrini bölüşürsə, bu, müzakirə mövzusu olmalıdır.

 

Əslində isə Rafiq Əliyev çox sadəlövhdür, desək yanılmarıq. Bu alim inancını elmə calayır və hər bir rəqəmdə, riyazi hesablamalarda ilahi nəfəs axtarmağa çalışır.

Bir dəfə o, təkamül haqda qəribə fikirlər səsləndirmişdi.

 

Rafiq Əliyev müsahibə zamanı jurnalistin  “Genetikaya inanırsınız “sualına əvvəlcə “bəli yüz faiz inanıram” deyir. Sonra jurnalist:

 

"Alimlər iddia edir ki, təkamül nəzəriyyəsi sübut olunub. Siz necə düşünürsünüz?" sualını verir.

 

Rafiq Əliyev isə "əksinə, bu gün dünyada ən çox tənqid olunan Darvinin nəzəriyyəsidir. Əksər fikirlər darvinizmin əleyhinədir. İnsanın meymundan əmələ gəlməsini dünya qəbul eləmir" deyərək cavablandırır.


Sual edirəm, Rafiq müəllim, hansı dünya? Axı dünyanın ən nüfuzlu təhsil ocaqlarında təkamül nəzəriyyəsi tədris edilir və bu elm ocaqlarında fəaliyyətdə olan təkamül araşdırma şöbələri var.

 

Bu araşdırmalar elmi dərgilərdə dərc edilir. Məsələn, elə bu yaxınlarda nüfuzlu “Nature” elmi jurnalında Mərakeşdə tapılan fosillərin üzərində tarixləndirilmə aparıldığı yazılmışdı. Və Homo Sapiensin, yəni növümüzün  300 min il öncə yaşadığı jurnalda qeyd olunurdu.

 

Bu araşdırmanın nəticələrini Almaniyada yerləşən “Maks Plank” Təkamül Antropologiya İnstitutundan olan araşdırmaçılar da şərh elədi. Bu sizin əlinizə alıb oxuduğunuz  Adan Oktarın (Harun Yahya) “Düşünən insan” jurnalı deyil, elmi araşdırmaların dərc edildiyi “Nature” jurnalıdır.

 

Ümid edirəm bu jurnal haqqında məlumatınız var və mütəmadi olaraq burada dərc edilən elmi nəticələri izləyirsiniz. Axı bizim ölkəmizdə hamı deyir dünyaca tanınmış Rafiq Əliyev adlı alimimiz var.

 

Bu gün tibb elmləri, antropologiya, anatomiya, bakteriologiya, biocoğrafiya biokimya, genetika, mikrobiologiya, molekulyar biologiya, paleontologiya, parazitologiya, ekologiya və sair kimi onlarca elm sahəsi elə təkamül nöqteyi-nəzərdən izahlar verir. Çox maraqlıdır, bəs siz hansı elmi deyirsiniz Rafiq müəllim?

 

Rafiq müəllimin etdiyi səhvlərə girmədən öncə gəlin özümüzə fərqli suallar verək. Canlıların DNT-lərinə baxdığımız  zaman bir sıralama görürük. Yəni fosil qeydləri ilə genetik məlumatlar 100% uyğundur.

 

O zaman özünüzə suallar verin; niyə kərtənkələnin geni eynilə məndə də var? Niyə toyuq, donuz hətta malyariya paraziti ilə belə ortaq genlərə sahibik? Əgər biz növ olaraq digər canlılardan fərqliyiksə, xüsusi bir yerə sahibiksə bizim biokimyamız niyə bütün canlılarla eyni prinsiplərə sahibdir?

 

Genetik material eyni, enerji sistemləri eyni. Məsələn ATP universal enerji molekulu kimi. Niyə delfinin üzgəci, tısbağanın ayağı və insanın əli eyni sümükdəndir?

 

Genetik olaraq 98% bənzərliyi demirəm, sadəcə sual verin niyə bonobolar, şimpanzelər, qorilla kimi meymun növləri bizə bu dərəcə çox bənzəyir?

 

(Canlıların genom müqayisəsinə Milli Biotexnologiya Məlumatları Mərkəzinin saytından daha geniş baxa bilərsiniz: //www.ncbi.nlm.nih.gov/homologene)

 

Niyə növümüzə daha çox bənzəyən şimpanzeylə 98.8% genetik olaraq bənzər olduğumuz halda,  zebralarla 78%, bəbirlərlə 85% genetik olaraq oxşarıq? Bunların səbəbi nə ola bilər? Bu kimi yüzlərlə və hətta minlərlə sual yazmaq olar.Və əmin olun ki, bu sualların hamısını yalnızca təkamül prizmasından cavablandıra bilərik.

 

Gəlin Rafiq müəllimin cavabına qayıdaq. Fikir verin  Rafiq Əliyevin təkamül nəzəriyyəsindən necə xəbərsiz olduğunu bir anda fərq edirik. Çünki təkamül nöqteyi-nəzərdən insan meymundan törəməyib. Heç meymun adlı bir növ yoxdu, bu sadəcə bir dəstə, qrup adıdır. Biz nə şimpanzelərdən, nə oranqutanlardan, nə də qorillalardan yaranmışıq.

 

Çünki bu növlər özləri də zamanla təkamül edib və günümüzə qədər gəlib çatmış növlərdir. İnsan onlarla ortaq əcdada sahibdir və insan və şimpanzenin son ortaq əcdadı 6-7 milyon il əvvəl yaşayıb. Elə ondan da yaranmışıq. Bu ortaq ata prinsipini sadə formada izah edək.

 

Pişik dediyiniz zaman hansı canlı növünü xatırlayırsınız? Əgər ev pişiyini düşünürsünüzsə, səhv edirsiniz. Çünki taksonomik olaraq hər canlı növlərinin bir adı vardır. Siz pişik ( Felidae) deyə bilərsiniz ancaq bu bir bioloq üçün və ya elm dünyasında heç bir şey ifadə etməyəcək. Çünki pişiklər taksonomiyada fəsil adıdır və daxilində; Kiçik pişiklər (Felinae), Böyük pişiklər (Pantherinae), Qılıncdiş pişiklər (Machairodontinae), Proailurinae kimi yarımfəsillər var. Və hər yarımfəsilə aid bir çox canlı növləri vardır.

 

Məsələn böyük pişiklər dediyimiz zaman panter, şir, yaquar, bəbir, pələng və sair kimi canlı növlərinin ümumisi nəzərdə tutulur. Və ya kiçik pişiklər dediyimiz zaman hepard, karakal, katopumlar, Kalimantan pişiyi, Asiya qızılı pişiyi, xaus,manul, Barxan pişiyi, qaraayaq pişik,çöl pişiyi, puma,vaşa və sair nəzərdə tutulur.

 

Hətta evdə saxlanılan kiçik pişiklər yarımfəsiləsinə aid olan və bizim pişik dediyimiz canlı növünün müəyyən adları olur (növünə görə). Balıqtutan pişik, xallı kürən pişik, Benqal pişiyi və sair.

 

Pişiklər fəslinə aid olan müxtəlif canlılar var və bu canlılar xromosom strukturları, zülal strukturları, anatomik və fizioloji xüsusiyyətlərinə görə təsnif edilib və bu təsnifatlandırma bir başa təkamül nöqteyi-nəzərdən gerçəkləşir. Biologiya, malekulyar biologiya və antropologiya elmi təsnifat işlərini növ səviyyəsində edir. Çünki sinifləndirmədə gerçək olan tək anlayış növdür.

 

Şəkildə gördüyünüz kimi, daha doğrusu bu bioloji təsnifatlandırmada insan, heyvanlar aləminin, məməlilər sinfinin, primatkimilər dəstəsinə aid edilir.

 

Eyni ilə yuxarıda verdiyim pişiklər misalı kimi. Taksonomik olaraq hər canlı növlərinin bir adı olduğu üçün bizim binominal adımız Homo Sapiensdir. İnsanın bioloji olaraq primatlar dəstəsində təsnifatlandıran, onun digər primat növləri ilə, yəni şimpanze, bonobo və sair növlərlə ortaq ataya sahib olduğunu ortaya qoyan genetiklərdir. Bunu isə genetik variasiyaların izahı ilə acıqlayırlar. Bu varyasiyaları izah edərkən filogenetik ağaclar yaradırlar və bu  elmi metoda uyğun olaraq təcrübə edirlər. Nəyə əsasən? İzah edək.

 

Canlılarda  olan  hüceyrələrin nüvəsində xromosomlar var. DNT zənciri bu xromosomların üzərinə sarılmış bir şəkildə olur. DNT,  nukleotid dediyimiz  (Adenin (A), Timin (T), Guamin (G), Sitozin (C) kimi 4 dəyişik quruluş daşından ibarətdir.

 

Genlər, DNT zəncirinin üzərində yerləşir və çox fərqli uzunluqda olurlar. Tək bir hüceyrədə təxminən milyardlarla nukleotid olur.

 

Bəs elm adamları canlıların  genetik yaxınlığı necə təyin edirlər?

 

İlk olaraq, genetik bənzərlik dərəcələri genom xəritəsi çıxarılan canlıların bütün genetik xüsusiyyətləri -nukleotidə bənzərlik müqayisəsi nəticəsində əldə edilir. Proteogenom kimi zülalların genetik xüsusiyyətlərini araşdıran elm sahələri, zülallar arası bənzərlik dərəcələrini dərc edirlər. Bax bu şəkildə edilən Genom müqayisəsi nəticəsində bütün genlər bir-biriylə müqayisə edilir, harda, hansı mutasiyalar və dəyişmələrin olduğu ortaya çıxarılır. Sonra da bu dəyişən genlər ilə sabit qalan genlər hesablanır və növlər arası qohumluq əlaqələri və ortaq atadan hansı zamanda ayrıldıqları təyin edilir.

 

İki növün genom xəritələri bir-birlərinə çox bənzədiyi halda ”bu iki növ yaxın qohumdur” deyilir.

Məlum olur ki, bu iki növün ortaq atası digər canlılarla olan ortaq atalarına görə daha yaxın bir zamanda yaşayıb.

“Bu iki növ  ortaq atadan daha yaxın zamanda təkamül edib” – elm adamları məsələyə, çoxlarının ağız büzdüyü məsələyə belə izah verirlər. Məsələn homo növü ilə şimpanzelər kimi..

 

Əgər ki, genetik xəritədə bənzərlik nisbəti zəifdirsə, “onda bu iki növ qohumdur, Ancaq uzaq qohumdur” deyilir. Və bu iki növün ortaq atası genetik bənzərliyi yüksək olan növ ilə yaşayan ortaq atadan daha qədim bir dövrdə yaşayıb.

 

O zaman hörmətli Rafiq Əliyev genetikaya inanıb, müqayisəli anatomiyanın ortaya qoyduğu bioloji təsnifatlandırmanı necə inkar edir? Bu maraqlıdır və  eyni zamanda da çox təəccüblüdür.

Rafiq Əliyev sonra Nyutonun  Allah adamı olduğunu qeyd edir. Bu anlayış doğru deyil, çünki Allah dediyimiz zaman Həzrəti Məhəmmədi son elçi adlandırıb ona Qurani-Kərimi göndərən nəzərdə tutulur. Lakin Nyuton nə Allaha inanardı nə də Qurana.

Doğrudur Nyuton Tanrıya inanırdı, hətta  İsa Məsihin Tanrının oğlu olduğuna,  ölüb 3 gün sonra dirildiyinə də inanırdı. Yəni burada Quranın Allahı ilə İncilin Tanrısını ayırmaq lazımdır.

 

Nyuton  niyə inanclı idi? Bu inancı  onun fizikasına dayana bilərdi. Beləki, Nyuton mexanizminə görə kainatdakı bütün parçacıqların mövqeyi və üzərindəki güclər bilindiyi zaman bu parçacıqların hərəkətlərini təxmin etmək olar.

 

Yəni Nyuton hesab edirdi ki, dayanmış bir bilyard topuna sürətlə yaxınlaşan başqa bir bilyard topunun bir anlıq (yəni t anında) vektorial sürətini və hərəkət edən topun mövqeyi bilinsə, dayanan topun toqquşmadan sonra hara, hansı sürətlə gedəcəyini və harada dayana biləcəyini təyin etmək olar. 

O hesab edirdi ki, kainatdakı bir t anında bütün maddələrin hərəkətlərini və mövqelərini bilsəniz, bütün gələcəyi də təyin edə bilərsiniz. Nyuton hesab edirdi ki, bunu biz insanlar edə bilmərik amma Tanrı edə bilər. Və bu mənanı verirdi: “Tanrı kainatın bir anlıq tam görünüşünü görürsə bütün gələcəyi də görür”. Nyutonun Tanrıya inanma səbəbi elə bu idi.


Lakin Nyuton doğru deyildi və yanılmışdı. Çünki kvant fizikasında daha doğrusu Heyzenberqin qeyri-müəyyənlik prinsipində isbat edilmiş bir şey var. Əgər bir elektronun, fotonun (işığın) t anında harada olduğunu bilsəniz, mövqeyini heç vaxt bilməzsiniz. Mövqeyini bilsəniz sürətini heç bir zaman bilməzsiniz. Çünki bu əməliyyatın nəticəsi hər zaman qeyri-müəyyəndir. Bu nəticə isbat edilib, çünki əlimizdəki kompüterlər, telefonlar da daxil olmaqla bir çox elektron cihazlar məhz bu məlumatlar işığında hazırlanır və işləyir. Yəni kvant fizikası heç bir varlığın gələcəyi bilməyəcəyini sübut edir. Heyzenberqin qeyri-müəyyənlik prinsipi bizə göstərir ki, ən aşağı təbiət təməldə Nyutonun düşündüyü kimi determinist deyil, indeterministdir.

 

Son olaraq Rafiq Əliyev qeyd edir ki, yəhudi əsilli  Albert Eynşteynin  xristian idi. Əziz oxucular  bunu özüm şərh etməyəcəm və yazının sonunda Albert Eynşteynin 9 noyabr 1930-cu ildə 

“New York Times” qəzetində dərc edilən “Din və Elm’’ adlı məqaləsini oxuyun və inanclı olub olmadığını elə Eynşteynin özündən öyrənin. Elə Rafiq müəllim və onun timsalında bir çoxları Eynşteynin inanclı olub olmadığını oxuyub özləri anlasınlar.

 

Albert Eynşteynin 9 noyabr 1930-cu ildə  New York Times qəzetində dərc edilən “Din və Elm’’ adlı məqaləsini burdan keçid edərək New York Times qəzetinin internet saytından oxuya bilərsiniz. Buyurun, bu da həmin məqalənin linki.

//learning.blogs.nytimes.com/2013/10/30/text-to-text-einstein-and-where-science-and-religion-coexist/

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi