Modern.az

Dağıstanın yeni rəhbərindən Azərbaycana təxribat gözlənilir?..  

Dağıstanın yeni rəhbərindən Azərbaycana təxribat gözlənilir?..   

5 Oktyabr 2017, 17:47

Məlumdur ki, Vladimir Putin “Vahid Rusiya” partiyasının Dumadakı fraksiya rəhbəri, polis general-polkovniki Vladimir Vasilyevi Dağıstanın müvəqqəti rəhbəri təyin edib.  Bununla əlaqəli cəmiyyətdə müxtəlif fikirlər formalaşıb. Belə ki, əksəriyyət V.Vasilyevin Azərbaycana münasibəti ilə bağlı mənfi düşüncədədir. Bildirilir ki, onun Dağıstana rəhbər təyin edilməsi azərbaycanlıların vəziyyətini pisləşdirə bilər.

Səsləndirilən fikirlərdə reallıq payı varmı?

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə Modern.az-a açıqlama verib:

“Vladimir Vasilyevi ancaq mətbuat səhifələrindən tanıyıram.  Lakin səsləndirilən fikirlərlə razı deyiləm. Əvvəla, Azərbaycanla Rusiya arasında çox sıx dostluq münasibətləri var. Belə olan halda Azərbaycanın Rusiyanın hansısa bir bölgəsi ilə münasibətlərinin pisləşməsi mümkün deyil. Digər tərəfdən, Azərbaycanla Dağıstan eyni bölgədə yerləşir və bir çox  cəhətdən bu iki  bölgənin əhalisinin tarixi, mədəniyyəti, həyata baxışları oxşardır. Eyni zamanda iki tərəfin də nəsilbənəsil davam edən dostluq əlaqələri var. Hesab edirəm ki, Dağıstana gələn hər yeni rəhbərin qarşısına qoyulan ən cacib məsələlərdən biri  məhz Azərbaycanla olan dostluq münasibətlərini daha da möhkəmləndirməkdən ibarətdir”.

A.Mirzəzadə qeyd edib ki, V.Vasilyev rəhbər olduğu halda Azərbaycanla yaxşı münasibətlər quracaq:

“Azərbaycan  həmin bölgə üçün yaxşı investordur və bölgənin təhlükəsizliyinin təmin  edilməsində ona yardımçı ola bilər. Həmçinin, Azərbaycanda stabilliyin, təhlükəsizliyin təmin edilməsi ilə bağlı təcrübəsi Dağıstan üçün də yaxşı mənada istifadə edilə bilər. Nəzərə alsaq ki, Vladimir Vasilyev  hakim “Vahid Rusiya” partiyasının  rəhbərlərindən biridir, o, prioritet sahələrdən biri kimi eyni zamanda Azərbaycanla əlaqələrə də böyük diqqət edəcək. Vasilyev gələcəkdə rəhbər seçilərsə, Azərbaycanla yaxşı münasibətlər quracağını və bu əlaqələrin möhkəmlənməsinə  əhəmiyyət verəcəyini də düşünürəm”.

Qeyd edək ki, Vladimir Vasilyev 1948-ci ildən bəri Dağıstana rəhbərlik edəcək ilk qeyri-dağıstanlı şəxs olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir