Modern.az

Xəzər İbrahim Türkiyədəki səfirliyimizdən narazılığa son qoya biləcəkmi? - Eks-səfir danışdı  

Xəzər İbrahim Türkiyədəki səfirliyimizdən narazılığa son qoya biləcəkmi? - Eks-səfir danışdı   

Ölkə

6 Oktyabr 2017, 12:23

Prezident İlham Əliyevin oktyabrın 5-də imzaladığı sərəncamla Xəzər İbrahimin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xəzər İbrahim bundan öncə, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifələrində çalışıb.

Azərbaycanın Türkiyədəki keçmiş səfiri Məmməd Əliyev Modern.az-a açıqlamasında yeni səfirin təyinatını yüksək qiymətləndirib.

“Xəzər İbrahim gənc və enerjili kadrdır. Onu yeni səfir postuna cənab prezident təyin edibsə, deməli, layiqli insandır. Yadımdadır ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətində çalışarkən özünü ən yaxşı cəhətdən göstərə bilib. Əminəm ki, Türkiyədə uğurlu fəaliyyət göstərəcək. Diplomatik işləri həyata keçirmək üçün onun potensialı yüksəkdir. Xəzər İbrahimi hamımız  enerjili diplomat kimi tanıyırıq. Qardaş Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsində böyük rolu olacaq”.

Keçmiş diplomat son vaxtlar gənc kadrlara üstünlük verilməsinin doğru seçim olduğunu bildirib.

“Diplomat gənc olmalıdır. Ona görə də gənc diplomatların sayının çox olmasını alqışlayıram. Gənclərin irəli çəkilməsi çox önəmlidir. Bəzi xarici ölkələrdə 60 yaşlı səfirləri başqa sahəyə keçirirlər. Gənclərin ən enerjili vaxtlarını diplomatik işlərə sərf edirlər. Bir professor, keçmiş diplomat olaraq perspektivli gəncləri dəstəkləyirəm.  Xəzər İbrahim də həmin gənclərdəndir”.

Bu arada hazırda İsveçdə yaşayan rejissor Rahim Sadıqbəyli sosial şəbəkədə Xəzər İbrahim barədə maraqlı faktlar açıqlayıb.O, yeni səfirin Bakıda mənzilinin olmadığını bildirib:

“Qohum var ki, adam lap qardaşı belə olsa, varlığından utanır. Amma elə qohumlar da var ki, bütün nəslin fəxarətinə çevrilir. Xalam oğlu bu səviyyəyə öz zəhməti, əzmkarlığı, savadı sayəsində gəlib. Heç Bakıda mənzili də yoxdur. Ata-anası 1 otaqlı mənzildə yaşayırlar. Anası illərdir xəstədir. Heç vaxt heç kəsə əyilməyib. Yalnız özünə güvənən insan olub. Altı dildə sərbəst danışa bilən, əsl professional diplomatdır. Xəbərlərdən oxudum ki, Xəzər İbrahim Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfiri təyin olunub... Xalqımıza uğurlu olsun”.


Qeyd edək ki, Xəzər İbrahimdən öncə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov idi. O, bu il sentyabrın 12-də ölkə başçısının sərəncamı ilə vəzifəsindən geri çağırılıb.


Sosial şəbəkələrdəki müzakirələrdən, Türkiyədə yaşayan azərbaycanlıların açıqlamalarından belə məlum olur ki, keçmiş səfirin fəaliyyətinə birmənalı münasibət olmayıb. Müzakirələrdə F.Bağırovun işini tənqid edənlər daha çox görünür... Narazılıq edənlər arasında azərbaycanlı tələbələr də çoxdur...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?